|
|
|
|
Türkdilli ölkələr arasında əlaqələrin inkişaf etdirilməsi və genişləndirilməsində ictimai qurumlar da mühüm rol oynayır.
Bugünlərdə Ankarada yeni fəaliyyətə başlayan Türk Dünyası Parlamentlər (TDP) Birliyinin də məqsədi məhz türk dövlətləri arasında əməkdaşlığın inkişafına töhfə verməkdir. TDP-nin yaranması Ankarada elan edilib.
Müsahibimiz qurumun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Trabzondan millət vəkili olmuş Nail Çələbi yeni ideya barədə daha ətraflı danışıb:
- TBMM-də 21-ci dönəm millət vəkilliyim başa çatdıqdan sonra siyasətdə qalmaq istəmədim. Hələ gənclik illərimdən bir türk sevdalısıyam. Millət vəkili olarkən də Türk dünyasının daha da gücləndirilməsi, qardaş xalqların bir-birinə qaynayıb-qarışması, xalqlarımız arasında əlaqələrin möhkəmlənməsi üçün təşəbbüslərimiz olmuşdu. Ankarada bizim Türk Parlamentləri Birliyimiz var. Amma onun üzvləri sadəcə Türkiyə millət vəkilləridir. 2013-cü ildə Türk Dünyası Parlamentlər Dərnəyini qurmaq qərarına gəldik. 2015-ci ildə bu qurumun baş katibi seçildim. Ötən il isə dərnəyin adını Türk Dünyası Parlamentlər Birliyi olaraq dəyişdirdik.
Məlum olduğu kimi, bu sahədə dövlətlərarası qurum - Türkdilli Ölkələrin Parlamentlər Assambleyası (TÜRKPA) mövcuddur. Amma bizim TÜRKPA-dan fərqimiz odur ki, həmin qurumda fəaliyyətdə olan millət vəkilləri təmsil olunur. Bizim qurum həm də keçmiş millət vəkillərini işbirliyinə, üzvlüyə dəvət edir. Bir sözlə, Türk dünyası parlamentlərində aktiv olmuş hər kəsi bir araya gətirmək istəyirik. Bununla da əlaqələri gücləndirmək, onların bir-birilərini daha da yaxından tanımalarına fürsət yaratmaq niyyətindəyik. Türkiyə terrorla və terrora dəstək verən ölkələrə qarşı təkbaşına mübarizə aparır. Sanki bir səlib yürüşü ilə üzləşib. İndi Türk Birliyi zamanıdır. Biz də bunun üçün bütün gücümüzlə çalışacağıq.
- Bəs digər türkdilli respublikaların sizin bu təşəbbüsə münasibəti necə oldu?
- Münasibət müsbət oldu. Məsələn, Qırğızıstan parlamentinin (Joqorku Keneş) sədri bizim birliyin üzvüdür. Pakistanda, Kosovada, Şimali Kiprdə təmsilçimiz var. Yaxın vaxtlarda Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan daxil olmaqla türklərin yaşadığı bütün bölgələrlə işbirliyi qurmağı planlaşdırırıq. Məqsədimiz budur ki, bir-birimizi tanıyaq və böyük olaq: siyasi, iqtisadi və mədəni baxımdan bərabər olaq. Hazırda 150-yə qədər üzvümüz var. Martın 10-da Beynəlxalq Qadınlar Günü ilə bağlı panelimiz oldu və oraya da Ankaradakı türk respublikaları səfirliklərinin nümayəndələrini dəvət etmişdik. Bundan başqa, birliyin özünün jurnalı da olacaq və artıq bu istiqamətdə işlərə başlamışıq.
Qurumun beynəlxalq əlaqələr təmsilçisi Türkiyənin Azərbaycan və Moldovadakı səfiri olmuş Hulusi Kılıc, fəxri mətbuat təmsilçisi isə Yüksel Deyercandır.
- Birliyin fəaliyyətlərində hansı istiqamətlər əsas olacaq?
- Bizim ortaq tariximiz və bu tarixdən gələn qardaşlıq bağlarımız, mədəni zənginliyimiz mövcuddur. Məqsədimiz həm də bu mədəni dəyərlər ətrafında birləşməkdir. Bundan başqa, Türk dünyasında xeyli sayda tanınmış yazıçı, şair və incəsənət adamları var. Biz onlarla müxtəlif sahələrdə işbirliyi quracaq, tez-tez bir araya gələcəyik. Bu tədbirlərdə hər kəs öz tarixini anladacaq, televiziya proqramları düzənlənəcək, layihələr gerçəkləşdirəcəyik. Bununla da aramızda bir mədəni ünsiyyət qurulacaq. Orta Asiya bizim mədəniyyət coğrafiyamızdır. Atalarımız orda doğuldu, orda böyüdü. Biz türkün olduğu hər yerdə olacağıq.
Biz məsələn, ilk tədbirlərimizdən biri kimi Novruz bayramını qeyd etmişik. Novruz yeni il, baharın başlandığı kimi qeyd olunsa da, türklər üçün ayrı bir dəyəri var. Novruz 3 min ildən çoxdur qeyd edilən yeganə bayramdır. Qoy, bu bayram Türk Dünyasına birlik bərabərlik gətirsin. Mən tədbirdə də dedim ki, özünü türk hiss edən hər kəsin Novruz bayramı münasibəti ilə təbrik edirəm. Bu bayramda arzu edirəm ki, daha zülmə məruz qalan türk olmasın. Və işğal altında olan türk torpaqları tez bir zamanda geri qaytarılsın. Biz bir daha bunun şahidi olduq ki, türkün türkdən başqa dostu yoxdur.
- Gələcəkdə Azərbaycanla bağlı işbirliyi qurmaq üçün hansı planlarınız var?
- Azərbaycanda da bir təmsilçilik qurmağı planlaşdırırıq. Azərbaycan bizim ana yurdumuzdur, öz vətənimizdir. Biz iki dövlət, bir millətik. Eyni dinə inanır, eyni dili, mədəniyyəti paylaşırıq. Vətənim mənim üçün nədirsə, Azərbaycan da mənim üçün odur. Məsələn, biz Türk Dünyası Parlament Birliyi olaraq 31 Mart azərbaycanlıların soyqırımının 100 illiyi münasibətilə Ankarada mətbuat konfransı təşkil etdik.
Həmin tədbirdə erməni silahlı dəstələrinin türklərə qarşı etdikləri soyqırımı lənətləyərək şəhidlərə Allahdan rəhmət dilədik. Məlumdur ki, erməni-bolşevik birlikləri və şəbəkələrinin 31 martda başlayıb üç gün ərzində başda Bakı olmaqla, onlarla Azərbaycanın şəhəri və Qarabağın dağlıq hissəsində 50 min türkü vəhşicəsinə qətlə yetiriblər. 31 mart 1919-cu ildə Azərbaycan Respublikası Parlamenti bu tarixi azərbaycanlıların soyqırımı günü kimi qəbul edib. Ümummilli lider Heydər Əliyev martın 31-i tarixini 1998-ci ildə çıxarılan fərmanla ikinci dəfə Azərbaycanlıların Soyqırımı günü elan edib.
Erməni - daşnak vəhşiliyi son olaraq Xocalıda da özünü göstərib. Təəssüf ki, müasir dövrdə belə bir dəhşətli qətliamın, soyqırımın şahidi olduq. Azərbaycan torpaqlarının 20 faizi hələ də erməni işğal altındadır. Biz hər zaman öz fəaliyyətimizdə bu qanlı hadisələri, işğal faktını xatırladacaq və Azərbaycana dəstək verəcəyik.
PƏRVANƏ