|
|
|
|
Bugünlərdə Təhsil Nazirliyi 2017-ci ildə gördüyü işlərə həsr olunmuş hesabatını təqdim edib. Artıq 3-cü ildir ki, təşkil edilən hesabat tədbirində sadəcə görülən işlərdən deyil, nəzərdə tutulan planlardan da danışılıb.
Hesabatda bildirilib ki, “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” sənədinin qəbulundan ötən müddət ərzində təhsil sahəsində müsbət dinamika müşahidə olunub. 5 il bundan əvvəl ilə müqayisədə bütün pillə, səviyyələr üzrə təhsilin keyfiyyət göstəriciləri yüksəlib, şagird və tələbələrin təhsilalma imkanları genişləndirilib. Müasir idarəetmə modellərinin tətbiqi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, dərslik, dərs vəsaitlərinin hazırlanması və sair sahələr üzrə əsaslı nailiyyətlər əldə edilib. Qarşıya qoyulan hədəflərə çatmaq istiqamətindən aparılan islahatlar Təhsil Nazirliyi tərəfindən bundan sonra da davam etdiriləcək.
Baş nazirin müavini Əli Əhmədov deyib ki, ildən-ilə təhsil sahəsində keyfiyyətin artması müşahidə olunur. Onun sözlərinə görə, son illər Azərbaycanda təhsil islahatları dərinləşməkdə davam edir və bu istiqamətdə görülən işlər öz bəhrəsini verir: “Azərbaycanda dərin islahatlar həyata keçirilir - iqtisadiyyatdan tutmuş digər sahələrə kimi. Biz həyatımızı islahatlardan kənarda təsəvvür etmirik. Təhsil sferası da islahatlar məfhumundan kənarda qala bilməz. İqtisadiyyatla, təhsillə bağlı hədəflərimiz tamamilə aydındır. Təhsil sahəsində aparılan yeniliklər mühüm keyfiyyət mərhələsinə qədəm qoyub. Təhsil Nazirliyinin 2017-ci ildə gördüyü işlərə həsr olunmuş hesabatında da bu öz əksini tapıb. Bunu nazirliyin uğuru adlandırmaq olar”.
“525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcid deyib ki, Təhsil Nazirliyinin 2017-ci ildə gördüyü işlərə həsr olunmuş hesabatı daha fərqli, asan qavranılan formada, cədvəllərlə təqdim olunub. Hesabatda təhsil sektorunda bu bir ildə baş verən hadisələrin, görülən işlərin dinamikası çox yaxşı əks olunub: “Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev ötən il də Təhsil Nazirliyinin hesabatını təqdim etmişdi. Həmin vaxt çox həyəcanlı idi. Ancaq bu il Emin Əmrullayev özünə güvənli idi və çox rahat, sərbəst şəkildə çıxış etdi. Hətta bəzi məqamlara məsələn, başqa ölkələrlə müqayisədə bizdə orta məktəblərdə qızların yaxşı oxuması məsələsinə səmimi münasibəti müsbət haldır. Sadaladığı faktlardan görünürdü ki, son bir ildə təhsildə olan dinamika, hərəkətlilik bu hesabatda öz əksini tapıb”.
R.Məcid bildirib ki, təhsil naziri Ceyhun Bayramovun “Təhsil sistemi-vəzifələr və hədəflər” mövzusunda təqdimatında toxunduğu bir sıra məqamlar da diqqəti çəkib: “Nazir öz çıxışında qeyd etdi ki, bəzi beynəlxalq qiymətləndirmələrdə mövqeyimiz o qədər də uğurlu görünməyə bilər. Ancaq məhdud sayda dövlətlərin iştirak etdiyi həmin qiymətləndirmələrdə iştirak cəsarət tələb edir. Göstəricilərimizin arzularımızı əks etdirməməsi bizim orada iştirakdan imtina etməyimizə əsas ola bilməz. Çünki burada göstəricilər yox, nəticələrin təhlili önəmlidir. Doğurdan da bunu çox cəsarətli addım hesab etmək olar. Azərbaycan təhsilinin səviyyəsi o beynəlxalq qiymətləndirmədə iştirak edən inkişaf etmiş ölkələrin təhsil səviyyəsindən bir az geridədir, sözügedən qiymətləndirmədə iştirak edib özümüzü sonuncu yerdə görməyimizdən pessimist ola bilərik kimi fikirlərə əsaslanıb, bugünədək bu addımı atmaqdan boyun qaçırılıb. Ancaq nazir çıxışında qeyd etdi ki, bütün bu stereotipləri qıraraq mövcud olan 3 növ beynəlxalq qiymətləndirmənin birində Azərbaycan artıq iştirak edib və müəyyən nailiyyətlər var. Hesab edirəm ki, özümüzü qiymətləndirmək, beynəlxalq təhsil ekspertlərinin gözü ilə Azərbaycan təhsilinə baxmaq doğurdan da, Ceyhun Bayramovun dediyi kimi, böyük cəsarət tələb edir. Fikrimcə, böyük əzmlə bu işi davam etdirmək lazımdır”.
Baş redaktorun sözlərinə görə, “Təhsil haqqında” qanunda edilən dəyişikliklərlə bağlı nazirin ətraflı izahı qənaətbəxş hesab oluna bilər: “Hesab edirəm ki, “Təhsil haqqında” qanunda edilən dəyişikliklər, növbəti tədris ili üçün nəzərdə tutulan bütün bu yeniliklər Təhsil Nazirliyinin bəzi məsələlərin həlli istiqamətində atdığı uğurlu addımlarından biridir”.
R.Məcid vurğulayıb ki, Təhsil Nazirliyinin ictimaiyyətə təqdim etdiyi 2017-ci ildə gördüyü işlərə həsr olunmuş hesabatı hər kəs tərəfindən böyük maraqla qarşılandı: “Hesabatın dinamikliyi, darıxdırıcı olmaması, görülən işlərin təqdimatındakı səmimilik hər kəs tərəfindən rəğbətlə qarşılandı. Bunu təhsil naziri Ceyhun Bayramov və onun yeni komandasının uğuru hesab etmək olar”.
Millət vəkili Fazil Mustafa deyib ki, təhsil islahatlarının son illər bir sıra yeniliklərlə müşayiət olunduğunu söyləmək olar: “Son illər ərzində bu sahədə, xüsusilə, prioritetlərin müəyyənləşməsi istiqamətində ciddi işlər görülüb. Eyni zamanda, müəllimlərin işə qəbul prosesi elektronlaşdırılıb və şəffaflaşdırılıb. Həmçinin, son illər diqqətimi çəkən əsas işlərdən biri təhsil menecmentinin formalaşması istiqamətində atılan addımlar olub. Xüsusilə, məktəb direktorlarının müsabiqə yolu ilə seçilməsinin müsbət bir tendensiya olduğunu düşünürəm. Son illərdə Azərbaycan təhsil sistemində inkişafa doğru böyük dəyişikliklər olub. Bunu kimsə dana bilməz. Ancaq təhsil elə bir sahədir ki, aparılan islahatların, görülən işlərin nəticəsi illər sonra hiss olunur. Bir müddət sonra görülən işlərin müsbət nəticəsini hər kəs görəcək”. F.Mustafanın dediyinə görə, təhsil sahəsində müəyyən problemlər bu gün də var. Ancaq bu problemlər nazirlik tərəfindən diqqət mərkəzində saxlanılır və onların həlli istiqamətində müvafiq işlər görülür. Ceyhun Bayramovun problemlərə həssas və təmkinli yanaşması isə təqdirəlayiq haldır: “Mən Təhsil Nazirliyinin 2017-ci ildə gördüyü işlərə həsr olunmuş hesabatından çox razı qaldım. Bütün məsələlər, uğurlar da nailiyyətlər də rahatlıqla ictimaiyyətə təqdim olundu”.
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov vurğulayıb ki, 2017-ci tədris ili bir sıra mühüm yeniliklərlə yadda qalıb. Bütün bunlar Təhsil Nazirliyinin hesabatında da öz əksni tapıb. Bundan sonra Təhsil Nazirliyi tərəfindən görüləcək işlər, həyata keçiriləcək tədbirlər təhsil sahəsinin daha da inkişaf etdirilməsinə xidmət edəcək: “Nazir Ceyhun Bayramov çıxışı zamanı söylədi ki, 2018-2019-cu tədris ilindən şagirdlərin dərs və imtahan yükünü azaldacaq yeni məktəbdaxili qiymətləndirmə tətbiq ediləcək, buraxılış imtahanlarının nəticələri ali məktəbə qəbulda nəzərə alınacaq, məzunlar daha az sayda fəndən imtahan verəcəklər, imtahan fənlərinin sayı 5-dən 3-ə düşəcək. Fikrimcə, bütün bunlar çox mühüm yeniliklərdir. Bu, ölçülən fənləri daha dərindən öyrənmək, şagirdlərin ixtisas spesifikasına uyğun hazırlaşmaları üçün əlavə imkandır. Nazir bildirdi ki, müəllim peşəsinin nüfuzuna təsir edən tədbirlər növbəti tədris ilində də davam etdiriləcək. Müəllim amili təhsilalanın öyrənməsi və inkişafı, nailiyyətlərinin monitorinqi prosesində həlledici rol oynayır. Təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşmasına müəllimin təsiri müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən xeyli asılıdır. Müəllimin bu keyfiyyətləri ilə təhsilalanların nailiyyətləri arasında sıx korrelyasiya mövcuddur. Bu səbəbdən də müəllim peşəsinin nüfuzuna təsir edən tədbirlərin davam etdirilməsinə ehtiyac var. Nazir çıxışında dedi ki, qiymətləndirmə və dərs yükü məsələləri də Təhsil Nazirliyi üçün önəmli məsələlərdəndir. Nazir söylədi ki, bunları nəzərə alıb özümüz üçün konkret və spesifik hədəflər müəyyən etmişik. Həm məktəblərin, həm də təhsili yerli idarəetmə orqanlarının fəaliyyətində bu prioritetlər öz əksini tapacaq. Ceyhun Bayramov artıq neçə ildir ki, təhsil sahəsi üzrə fəaliyyətini uğurla davam etdirir. Nazirlik tərəfindən bugünədək təhsildəki neqativ hallara qarşı uğurlu mübarizə aparılıb, mühüm nailiyyətlər əldə olunub. Mən inanıram ki, Ceyhun Bayramov təhsilimizi daha yaxşı səviyyəyə qaldıra biləcək. Təhsildə yenilik keyfiyyətin qaldırılmasıdır. Orta məktəbi bitirən uşaqlar test imtahanında 250 bal səviyyəsində bilik nümayiş etdirirlər. Bu, çox azdır. Ceyhun Bayramovun rəhbərliyi ilə bu, 350-400-ə qalxacaq. Mən təhsil nazirinin ölkə təhsilinin inkişafında yeni mərhələ başladacağına inanıram”.
Parlament Jurnalistləri Birliyinin sədri, “Modern” Media Qrupunun baş direktoru Elşad Eyvazlı qeyd edib ki, doğurdan da son illərdə təhsilin bütün sahələri üzrə irəliləyişlər, yeniliklər müşahidə olunur: “Təhsil naziri Ceyhun Bayramov hesabat çıxışında qeyd etdi ki, dövlət büdcəsi hesabına məktəbə hazırlığın təşkili 5-6 yaşlı uşaqların 65 faizini əhatə edib, 2017-ci ildə ali məktəbə qəbul imtahanında orta bal 2012-ci ilə nisbətən 62 bal yüksələrək 177-dən 239-a çatıb, 2017-ci tədris ilində Respublika fənn olimpiadalarında 33 mindən çox şagird iştirak edib, 45 nəfər qızıl, 89 nəfər gümüş, 142 nəfər bürünc olmaqla 276, Naxçıvan Muxtar Respublikası daxil olmaqla isə 298 nəfər qalib elan edilib. 2017-2018-ci tədris ilində beynəlxalq olimpiadalarda qazanılmış medalların sayı 13 olub, ilk peşə-ixtisas təhsili müəssisələrinin normativ-hüquqi bazası təkmilləşdirilib, müəllimlərin yerdəyişməsində yenilik tətbiq olunub və sair. Bütün bunlar son illlər təhsil sahəsində aparılan uğurlu islahatların nəticəsidir”.
E.Eyvazlının sözlərinə görə, nazir təhsilin keyfiyyət dəyişikliyini təsdiq edən faktları sadalayarkən rəqəmlərlə ifadə oluna bilən göstəricilərə əsaslanıb: “Ceyhun Bayramov bildirib ki, PIRLS 2016 tədqiqatının nəticələrinə görə, azərbaycanlı şagirdlərin oxu bacarıqları yaxşılaşaraq 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 462 baldan 472 bala qalxıb. PIRLS 2011 tədqiqatının nəticələri ilə müqayisədə azərbaycanlı şagirdlərin “mükəmməl” səviyyəyə daxil olan payı 0 faizdən 2 faizə, yüksək səviyyəyə daxil olan payı isə 9 faizdən 16 faizə yüksəlib. Başqa sözlə, ölkə üzrə son 5 ildə “mükəmməl” və “yüksək” səviyyəyə uyğun nəticə göstərmiş ibtidai sinif şagirdlərinin sayı 2 dəfə artıb. “Aşağı” səviyyəyə uyğun nəticə göstərən uşaqların payı isə 37 faizdən 27 faizə enərək 10 faiz azalıb. Bu, doğurdan da çox sevindirici bir məqamdır”.
S.QARAYEVA