|
|
|
|
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) növbəti "Açıq qapı" günü keçirilib.
"Açıq qapı"da UNEC İctimai Nəzarət Şurasının üzvləri müəllim, tələbə və valideynləri qəbul edərək onların müraciətlərini dinləyiblər. Qəbul zamanı ümumilikdə 60-dan çox müraciətə baxılıb.
Qeyd edək ki, UNEC-də imtahan sessiyasında tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması, şəffaflığın qorunması məqsədilə İctimai Nəzarət Şurası fəaliyyət göstərir. Şuranın üzvləri millət vəkili Hikmət Babaoğlu, əməkdar elm xadimi, professor Şahlar Əsgərov, "XXI Əsr" Təhsil Mərkəzi İB-nin rəhbəri Etibar Əliyev, "Trend" İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev, "Azərbaycan Milli İnkişaf layihəsi" İctimai Birliyinin rəhbəri, "Səs" İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev, Vətəndaşların əmək hüquqlarını müdafiə liqasının rəhbəri Sahib Məmmədov, Parlament Jurnalistləri Birliyinin sədri, "Modern" Media Qrupunun baş direktoru Elşad Eyvazlı, təhsil eksperti Məlahət Mürşüdlü və "525-ci qəzet"in müxbiri Sevinc Qarayevadır.
Şura üzvləri imtahanla bağlı müraciətləri dinlədikdən sonra onların araşdırılması və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə UNEC-in rektoru, professor Ədalət Muradovla görüşüblər. Görüşdə universitet rəhbərliyinə "Açıq qapı"ya daxil olan müraciətlər barədə məlumat verilib. Bildirilib ki, müraciətlər əsasən təhsil haqqı borcu, qayıb limiti, imtahan nəticələrinin artırılması ilə bağlı olub. Rektor müraciətlərin həlli və obyektiv araşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsi üçün aidiyyatı struktur rəhbərlərinə müvafiq tapşırıqlarını verib.
"Açıq qapı" günü ilə bağlı təəssüratlarını bölüşən şura üzvü "XXI Əsr" Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyev isə qeyd edib ki, ötən il olduğu kimi, bu il də "Açıq qapı"da tələbə və valideynlərin müraciətini rektor, professor Ədalət Muradov yox, yalnız UNEC İctimai Nəzarət Şurasının üzvləri dinləyib: "Açıq qapı"da 60-dan çox müraciət dinlənildi. Müraciətlər əsasən qayıb limiti, təhsil haqqı borcu və imtahan nəticələrinin artırılması, təkrar imtahan keçirilməsi, imtahan vaxtının dəyişdirilməsi ilə bağlı oldu. Şura üzvləri sözügedən müraciətlərin hər birini dinləyib və bu barədə rektora ətraflı məlumat verdilər. Rektor müraciətlərin araşdırılması və onların həlli istiqamətində lazımi addımların atılması barədə müvafiq tapşırıqlarını verdi. Hər bir tələbənin müraciəti ayrı-ayrılıqda obyektiv araşdırılır. Tələbənin haqlı olduğu təsdiqləndiyi təqdirdə məsələ onun xeyrinə həll olunur. Tələbə inanır ki, onu eşidəcəklər və onun müraciəti obyektiv həllini tapacaq. Ona gördə də rahatlıqla "Açıq qapı"ya müraciət edir. Bu, doğurdan da tədqirəlayiq haldır".
E.Əliyevin sözlərinə görə, rektor, professor Ədalət Muradov UNEC-də imtahan sessiyalarının obyektiv və şaffa keçirilməsi üçün əlindən gələni əsirgəmir: "Şəffaflığın və obyektivliyin təmin olunması baxımından imtahan prosesində ictimaiyyətin və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakının vacibliyi əsas götürülərək imtahan sessiyası boyu ictimaiyyət nümayəndələrinin, təhsil ekspertlərinin, jurnalistlər nəzarətçi qismində imtahanlara cəlb olunurlar. İmtahan sessiyası ictimaiyyətə açıq keçirildiyindən valideynlər də sərbəst şəkildə imtahanları izləyə bilirlər. Hər il olduğu kimi, bu il də yay imtahan sessiyasının yüksək səviyyədə keçirilməsi, ədalətlilik prinsipinin qorunması məqsədilə bütün müvafiq tədbirlər görülüb. Müşahidələrimiz göstərir ki, UNEC rəhbərliyinin imtahanların şəffaf və ədalətli keçirilməsində marağı çox böyükdür. Mən bunu müsbət hal kimi dəyərləndirirəm".
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov bildirib ki, ötən ildən etibarən UNEC-də imtahan sessiyası boyunca ənənəvi olaraq hər həftənin şənbə günü keçirilən "Açıq qapı"nın birində yalnız Şura üzvləri iştirak edib. Həmin gün rektor Ədalət Muradovun iştirakı olmadan edilən bütün müraciətləri yalnız Şura üzvləri dinləyir. Bu o deməkdir ki, UNEC-də islahatlar, yeniliklər, imtahan prosesi, qəbullar ictimaiyyətin gözü qarşısında həyata keçirilir. Bütün proses şəffaf və obyektiv keçirildiyindən heç nə ictimaiyyətdən gizlədilmir.
Trend İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev vurğulayıb ki, "Açıq qapı"nın yalnız İctimai Nəzarət Şurası üzvlərinin iştirakı ilə keçirilməsi UNEC-də aparılan reformalardan, şəffaflıqdan, ictimaiyyət üçün açıqlıqdan irəli gəlir. A.Nağıyev qeyd edib ki, İqtisad Universitetində tələbənin bilik və bacarığı, professor-müəllim heyətinin savadı və peşəkarlığı əsas meyar kimi qəbul edilir. Bu baxımdan rektor Ədalət Muradovun şəxsi təşəbbüsü və ölkə rəhbərliyi tərəfindən gələcək nəslin savadlı və bacarıqlı kadr kimi yetişdirilməsi üçün qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi istiqamətində atılan addımlar müsbət və təqdirəlayiq hal kimi qiymətləndirilməlidir".
"Səs" İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev bildirib ki, Şura üzvlərinin iştirakı ilə keçirilən "Açıq qapı" da tələbələr cəsarətlə problemlərindən söz açdılar: "Tələbələr rahatlıqla, sərbəst şəkildə problemləri barədə danışır, çəkinmədən üzləşdiklər çətinliklər və sair barədə məlumat verirdilər. Bu da universitet rəhbərliyinin onlara yaratdığı səmimi mühitdən irəli gəlir".
Parlament Jurnalistləri Birliyinin sədri, "Modern" Media Qrupunun baş direktoru Elşad Eyvazlı deyib ki, "Açıq qapı"ya müraciət edən tələbə, valideyn, müəllimlər üçün yaradılan şərait yaxşı mənada insanı heyrətləndirir. Çünki adı qəbula gələnlər siyahısında olmayanların da "Açıq qapı" da öz sözünü deməsinə imkan yaradılır: "Təhsil haqqından tutmuş, imtahanla, işlə bağlı 60-dan çox vətəndan fərdi şəkildə qəbul edildi. Hər şey açıq şəkildə müzakirə olundu. Mənə belə gəlir ki, bütün universitetlərdə bu şəkildə görüşlər keçirilsə, ümumən ali təhsilimz bundan yararlana bilər".
Təhsil eksperti Məlahət Mürşüdlü "Açıq qapı" da UNEC İctimai Nəzarət Şurasının üzvlərinin müraciətləri dinləməsini müsbət hal adlandıraraq, "Açıq qapı" günlərinin UNEC-in şəffaf universitetə çevrilməsində mühüm rol oynadığını bildirib.
S.QARAYEVA