BMT-nin Narkotiklər və Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin korrupsiya və iqtisadi cinayətlər idarəsinin, Bakı Dövlət Universitetinin (BDU), o cümlədən, universitetin hüquq fakültəsinin və Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin birgə təşkilatçılığı ilə korrupsiyaya qarşı mübarizə sahəsində tədris seminarı keçirilib.
BDU-da keçirilən tədbirdə BMT-nin nüfuzlu ekspertləri, Finlandiya, Belarus, Ukrayna, Türkiyə, Rusiya, Estoniya, Gürcüstan, Latviya, Qırğızıstan, Moldova, Tacikistan, Qazaxıstan, Özbəkistandan xarici ekspertlər iştirak edirlər.
Seminarın məqsədi Şərqi Avropa və Mərkəzi Asiya ölkələrindən olan mütəxəssis və müəllimlərin peşəkar və yüksək səviyyəli antikorrupsiya tədrisini həyata keçirmək imkanlarını gücləndirmək, həmçinin, iştirakçılar arasında fikir və təcrübə mübadiləsini təşkil etməkdir.
Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Əmir Əliyev çıxış edərək tədbirin əhəmiyyətindən, son vaxtlar respublikamızda bu sahədə həyata keçirilən mühüm qanunvericilik və digər islahatlardan danışıb. Qeyd edib ki, cinayətkarlığa, o cümlədən, korrupsiyaya qarşı mübarizədə həyata keçirilən mühüm addımların əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İstər daxili qanunvericilik sahəsində, istərsə də beynəlxalq müqavilələrin iştirakçısı olmaq baxımından ölkəmiz tərəfindən kifayət qədər mühüm işlər görülüb.
Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru Elnur Musayev korrupsiya cinayətləri və onlara yol açan hallara qarşı mübarizə sahəsində Azərbaycan Respublikası prokurorluq orqanlarının səmərəli fəaliyyətindən, dünya dövlətləri praktikasının ciddi şəkildə öyrənilməklə ölkəmizdə həyata keçirilən mühüm tədbirlərin əhəmiyyətindən bəhs edib. O, Azərbaycan Respublikasının beynəlxalq təşkilatlarda uğurlu fəaliyyətini ön plana çəkib. Dövlətimizin beynəlxalq təşkilatlarla bu sahədəki müsbət əməkdaşlığının digər dövlətlər üçün də praktik və nümunəvi hal ola biləcəyini bildirib.
BMT-nin cinayətkarliğa qarşi və cinayət ədalət idarəsinin əməkdaşı Siqall Horovitz, Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin Avropa Araşdırmaları İnstitutunun direktoru Tamara Şaşkina tədbirin əhəmiyyətini qeyd ediblər. Seminarin reallaşdırılmasında göstərdiyi dəstəyə görə Bakı Dövlət Universitetinin rəhbərliyinə, o cümlədən, hüquq fakültəsinin professor-müəllim heyətinə minnətdarlıq ifadə olunub.
S.QARAYEVA