Oktyabr ayının 29-30-da Moskvada Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun 200 illik yubileyinə həsr edilmiş Beynəlxalq Elmi Konqres keçirilib.
Konqresə Rusiya Federasiyasının və bir çox xarici ölkələrin görkəmli alimləri, dövlət və ictimai xadimləri qatılıblar. Toplantıda Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi rəhbəri akademik Vitaliy Naumkinin dəvəti ilə fəxri qonaq qismində AMEA Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, akademik Gövhər Baxşəliyeva da iştirak edib. İnstitutun ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı Vüqar Məmmədovun bildirdiyinə görə, konqresin rəsmi təntənəli açılış mərasimindən sonra “Rusiya və Şərq: talelərin müştərəkliyi”, “Şərq-Qərb: bəşər sivilizasiyasının birliyinə doğru”, “Şərqşünaslıq elmi bu gün: gələcəyə aparan yollar”, “Dünya siyasətində Şərq: yeni imkanlar”, “Şərqin iqtisadiyyatı: inkişafın müxtəlifliyi” mövzuları üzrə sessiyalar başlanıb.
Təşkilatçıların ümumi rəyi ilə müəyyənləşdirilmiş və əvvəlcədən nəşr edilmiş proqrama əsasən “Şərq-Qərb: bəşər sivilizasiyasının birliyinə doğru sessiyasının moderatorluğu akademik Gövhər Baxşəliyevaya tapşırılıb.
Sessiyanı açan G.Baxşəliyeva REA Şərqşünaslıq İnstitutunun rəhbərliyini və kollektivini əlamətdar yubiley münasibətilə təbrik edərək deyib: “Şərq və Qərb sivilizasiyalararası dialoq qarşılıqlı əlaqə və təsir məsələləri zəmanəmizdə olduqca aktualdır. Bu mövzuya aid BMT tərəfindən müntəzəm tədbirlər, beynəlxalq forumlar keçirilir. 2016-cı ilin aprel ayında BMT-nin “Sivilizasiyaların alyansı” mövzusunda forum Bakıda böyük uğurla gerçəkləşib. Bir neçə gün öncə bizim ölkədə VI Humanitar forum keçirildi. Dünyanın bir çox ölkələrindən gələn görkəmli alim və ictimai xadimlər, tələbələr bəşəriyyəti bu gün narahat edən müxtəlif problemlərə, o cümlədən sivilizasiyaların qarşılıqlı əlaqələrinə dair müzakirələr apardılar. Surətlə inkişaf edən, qloballaşan dünyamızda hər şey durmadan dəyişir, xalqlar və ölkələr yaxınlaşır, insanlar və talelər birləşir. Bir vaxtlar Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı əlaqə və təsirinin tədqiqi hakim ideologiyanın tələblərinə uyğun olaraq ciddi təhriflərə məruz qalırdı. Şükürlər olsun ki, o zamanlar artıq arxadadır, ön plana isə qarşıdurma yox, sivilizasiyaların dialoqu və ortaq mədəni-mənəvi dəyərlər çəkilib. Şərq və Qərb sivilizasiyalarının qarşılıqlı əlaqə və təsirinin minilliklərlə tarixi var".
Məruzələrdən sonra moderator və məruzəçilər sualları cavablandırıblar, müzakirələr başlanıb. Milliyyətcə erməni olan bir dinləyici türkiyəli alim, Türkiyənin Dövlət Arxivləri İdarəsinin direktoru Uğur Yunala etiraz etməyə çalışıb, amma moderatorun yerində haqlı müdaxiləsindən sonra çıxışını yarımçıq kəsməli olub.
Sonda moderator Gövhər Baxşəliyeva dinlənilən məruzə və çıxışlara münasibət bildirib.