|
|
|
|
Prezident İlham Əliyevin Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində keçirdiyi görüşdə verdiyi mesajlar mühüm əhəmiyyət kəsb edir.
Aprel qələbəsinin 3-cü ildönümü günü hərbi hissədə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olan, təlim meydanında xüsusi təyinatlıların döyüş hazırlığını izləyən Silahlı Qüvvələrin ali baş komandanı çıxışında qeyd edib ki, bu gün Azərbaycan Ordusu uğurla inkişaf edir, ordu quruculuğu prosesi sürətlə gedir, bizim hərbi hissələrimiz yenidən qurulur, yenidən tikilir, ordumuz ən müasir texnika ilə təchiz edilir: "Bu da təbiidir, çünki biz müharibə şəraitində yaşayırıq, müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıb".
Bu gün Azərbaycan Ordusunun dünya miqyasında güclü ordular sırasında olduğunu deyən prezident buna əyani sübut kimi Aprel döyüşlərində əldə olunan qələbəni qeyd edib. Dövlət başçısı vurğulayıb ki, Aprel döyüşləri bizim böyük tarixi qələbəmizdir, müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biridir: "Yaxşı bilirsiniz ki, döyüşlərə qədər Ermənistan silahlı qüvvələri işğal edilmiş ərazilərdən bizim yaşayış məntəqələrini, hərbi mövqelərimizi daim atəşə tuturdu. Ermənistanın təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusu çox uğurlu əməliyyat keçirib və vaxtilə işğal edilmiş Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad edib. Minlərlə hektar torpaq işğalçılardan azad olunub, on minlərlə hektar ərazi nəzarətimizə keçib".
Vaxtilə işğal edilmiş torpaqlarda bu gün Azərbaycan bayrağının dalğalandığını deyən ölkə rəhbəri bildirib ki, Aprel döyüşləri zamanı hərbçilərimiz peşəkarlıq, qəhrəmanlıq göstəriblər: "Bir daha göstəriblər ki, Azərbaycan əsgəri, zabiti həm peşəkardır, həm Vətənə bağlıdır, həm də istənilən anda öz vəzifə borcunu yerinə yetirməyə hazırdır".
İlham Əliyev qeyd edib ki, bu döyüşlərin mənəvi-psixoloji baxımdan da böyük əhəmiyyəti var: "Çünki uzun illər ərzində Ermənistan təbliğatı belə bir mif yaradırdı ki, onlar hərbi cəhətdən bizdən üstündür. Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu bu gün ən yüksək keyfiyyətlərə malikdir".
Şanlı Aprel zəfərinin davam kimi uğurlu uğurlu Naxçıvan əməliyyatını qeyd edən prezident qazanılan hərbi qələbələrin təsadüfi olmadığını nitqində ifadə edib, ordu quruculuğu istiqamətində həyata keçirilən islahatların, atılan addımların məntiqi nəticəsi kimi qiymətləndirib.
Dövlət başçısı vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur: "Bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ bizim əzəli, tarixi torpağımızdır. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşayıb, qurub, yaradıb. Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bütün mötəbər beynəlxalq təşkilatlar müvafiq qərar və qətnamələr qəbul edib. Bu, tarixi və hüquqi əsasdır. Heç bir ölkə qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımayıb, əminəm ki, tanımayacaq"
Ermənistanın yeni rəhbərliyinin danışıqların formatını dəyişdirməyə cəhd göstərdiyini xatırladan prezident Azərbaycanın, bu qəbuledilməz cəhdlərin qarşısını aldığını bildirib: "Münaqişə Ermənistan ilə Azərbaycan arasındadır. Bizim torpaqlarımızı Ermənistan işğal edib. İşğal edilmiş torpaqlarda qarşı tərəfdə hərbçilərin 80 faizi Ermənistan vətəndaşlarıdır. Ona görə danışıqlar prosesi də iki ölkə arasında aparılmalıdır və aparılır. Son Vyana görüşü, həm də ona görə önəmli idi ki, bu mövcud formatı bir daha təsdiqləyib. Həm xarici işlər nazirləri arasında aparılan danışıqlar, həm də rəhbərlik arasında keçirilmiş görüş bir daha onu göstərir ki, bu, Ermənistan-Azərbaycan münaqişəsidir. Biz hər dəfə bu münaqişə ilə bağlı sözümüzü deyəndə bu münaqişəni belə də adlandırırıq: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi".
Son illər həm hərbi, həm də diplomatik sahədə qələbələrin bizi daha da ruhlandırdığını, gücləndirdiyini deyən ölkə başçısı qeyd edib ki, haqq-ədalət, tarixi həqiqət bizim tərəfimizdədir. İqtisadi güc də, hərbi güc də bizim tərəfimizdədir.
Ona görə də Prezident İlham Əliyevin hərbi qulluqçularla keçirdiyi görüşdə verdiyi mesajlar işğalçı Ermənistana növbəti xəbərdarlıq kimi də qiymətləndirilməlidir. Düşmən ölkə bu mesajlardan nəticə çıxarmalı, təxribat xarakterli addımlardan, cəfəng bəyanatlardan əl çəkməli, münaqişənin həlli istiqamətində konstruktiv mövqe nümayiş etdirməlidir. Yəni rəsmi İrəvan işğal edilmiş Azərbaycan torpaqlarını geri qaytarmaq haqda düşünməli, ictimaiyyətini buna hazırlaşdırmalı və müvafiq addımlar atmalıdır.
Prezidentin verdiyi mesajları şərh edən hərbi-siyasi icmalçı Ramil Məmmədli qeyd edib ki, Azərbaycan xalqının dövlətin və ordusunun gücünə, qüdrətinə inamı sarsılmazdır. O, "Azərtac"a bildirib ki, müharibə şəraitində yaşayan ölkəmizin çətin dövründə formalaşan Azərbaycan Silahlı Qüvvələri dövlət başçısının yüksək diqqət və qayğısı sayəsində hərbi qüdrətini artırıb: "Bu gün Azərbaycan Ordusu keçmiş SSRİ respublikaları arasında texniki imkanlarına və döyüş bacarığına görə ilk üç yerdə qərarlaşıb. Bundan başqa, Silahlı Qüvvələrimiz dünyanın 50 ən güclü orduları sırasına daxil olub. Bu, beynəlxalq standartlar əsasında verilən qiymətdir. İllər əvvəl xalqımız bu günləri sadəcə arzu edirdi. Lakin indi hərbi qüdrətimizlə fəxr edə bilirik. Silahlı Qüvvələrimizin bu gücü, qüdrəti ali baş komandan İlham Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi islahatlar sayəsində reallaşıb. Məhz bu islahatlar və davamlı qayğı nəticəsində ordumuz bütün qoşun növləri üzrə hərbi qüdrətini artırıb. Bu amillər düşmən üzərində qəti qələbəni daha da yaxınlaşdırır".
Dövlət başçısının "Aprel döyüşlərinin Azərbaycanın müasir tarixində ən uğurlu hərbi əməliyyatlardan biridir" fikrinin bu şanlı qələbəyə verilən ən yüksək qiymət olduğunu diqqətə çatdıran hərbi-siyasi icmalçı deyib: "Azərbaycan Silahlı Qüvvələri Ermənistanın 23 il ərzində gücləndirdiyi müdafiə xəttini qısa vaxtda yararaq düşmən mövqelərinin dərinliklərinə qədər irəlilədi. Ordumuzun peşəkarlıqla həyata keçirdiyi ildırımsürətli hücum nəticəsində düşmənə sarsıdıcı zərbə vurması Aprel döyüşlərinin sonrakı uğurlarımızın başlanğıcı olacağını demək üçün ciddi əsas verdi. Çünki ordumuz sonrakı hərbi əməliyyatlarda manevr qabiliyyətini daha da genişləndirmək imkanı əldə etdi. Bu əməliyyatlar Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığının, müdafiə imkanlarının, operativ reaksiya bacarığının xeyli zəif olduğunu üzə çıxardı. Məlum oldu ki, Ermənistanda 23 il ərzində ordu quruculuğu sahəsində görülən işlərlə bağlı yayılan məlumatlar sadəcə mifdən ibarətdir. Bundan başqa, düşmən qoşunlarının fəaliyyətinin əlaqələndirilməsində də problemlər olduğu üzə çıxdı. Əsas məqamlardan biri də Ermənistan ordusunun əks-hücum imkanlarının və bunu dəstəkləyən texnikanın xeyli zəif olmasıdır. Buna görə də bir neçə saat ərzində Azərbaycan Ordusunun azad etdiyi mövqeləri ermənilər üç gün müddətində dayanmadan əks-hücum həyata keçirsələr də, nəticə əldə edə bilmədilər".
R.Məmmədli deyib ki, Aprel döyüşlərində məğlubiyyət erməni cəmiyyətində ağır böhrana səbəb oldu, Ermənistanda daxili siyasi çəkişmələri daha da alovlandırdı. Bu məğlubiyyətdən sonra qısa müddətdə Ermənistan ordusunun hərbi rəhbərliyi vəzifəsindən azad edildi.
Ekspert xüsusi vurğulayıb ki, Azərbaycan Ordusu hazırda təmas xəttində vəziyyətə tam nəzarət edir: "Bu vəziyyət erməniləri daim gərginlikdə saxlayır. Bu, həm də göstərdi ki, erməni cəmiyyəti müharibəyə hazır deyil. Növbəti həmlə Ermənistan ordusunun Qarabağdakı mövqelərinin daha geniş miqyasda itirilməsi ilə nəticələnəcək".
Ceyhun ABASOV