|
|
|
|
Təhsil naziri Ceyhun Bayramov Çinin Pekin şəhərində keçirilən ikinci "Bir Kəmər, Bir Yol" Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edib.
Qeyd edək ki, forumda 37 dövlət və hökumət başçısı, beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər. Builki Foruma Azərbaycan, Rusiya, Pakistan, Qazaxıstan, Avstriya, Belarus, Çexiya, Yunanıstan, Macarıstan, İtaliya, Serbiya, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin liderləri qatılıblar. "Bir kəmər, bir yol əməkdaşlığı, ümumi parlaq gələcəyin qurulması" mövzusunda keçirilən Forum çərçivəsində 12 panel iclası və digər tədbirlər təşkil olunacaq.
Təhsil naziri proqram çərçivəsində təşkil olunan "Xalqlar arasında əlaqələr" adlı tematik forumda çıxış edib. Çıxış zamanı Ceyhun Bayramov "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"ndan irəli gələn təhsilin bütün sahələrində aparılan islahatlar, 2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramının qarşıya qoyduğu məqsəd və vəzifələrdən söz açıb.
Bildirilib ki, Azərbaycanda insan kapitalının dayanıqlı inkişafının təmin edilməsi, eləcə də vətəndaşların aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması məqsədilə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" hazırlanıb". Dövlət Proqramının əsas hədəfi elm sahəsindəki qabaqcıl nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir. Dövlət Proqramının birinci komponentində ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları, xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsi, yeni akademik mühitin yaradılması nəzərdə tutulur: Proqramın ikinci komponenti isə ölkəmizin ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsi məqsədi ilə milli kadrların hazırlanması üçün xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsini əhatə edir. Bu məqsədlə doktorantura səviyyəsi üzrə seçimin təkmilləşdirilməsi, təhsil nailiyyətlərinin monitorinqi sisteminin yaradılması, müxtəlif sahələr üzrə yerli ali təhsil və elm müəssisələri üçün peşəkar mütəxəssislərin yetişdirilməsi həyata keçiriləcək. Proqramın əsas hədəfi elm sahəsindəki qabaqcıl nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq ali təhsil sisteminin müasir dünya standartlarına uyğun şəkildə inkişaf etdirilməsi və beləliklə, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsidir.
Tematik forumda təhsil naziri BMT-nin Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün təhsil sahəsində görülən tədbirlər, o cümlədən, təhsil sahəsində iki ölkə arasında həyata keçirilən əməkdaşlıq haqqında tədbir iştirakçılarına məlumat verib.
Sözügedən tematik forumda BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Miqel Anqel Moratinos, UNICEF-in icraçı direktoru Henrietta Fore, Mozambik Respublikasının prezidenti Filipe Nyusi, Myanma İttifaqı Respublikasının dövlət müşaviri Su Kyi və Serbiyanın prezidenti Aleksandar Vuçiç də çıxış edib.
Səfər çərçivəsində təhsil naziri çinli həmkarı Chen Boasheng ilə görüşüb. Görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Ceyhun Bayramov Pekin Pedaqoji Universitetinə səfər edərək universitetin rəhbərliyi ilə görüşüb. Görüşdə sözügedən universitetin ölkəmizin ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanları müzakirə olunub.
Daha sonra Ceyhun Bayramov Pekin Pedaqoji Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb və onların təhsilləri ilə maraqlanıb.
Ceyhun Bayramov Azərbaycanın Çindəki səfirliyində bu ölkədə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Görüşdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı iştirak edib. Görüş zamanı xaricdə təhsil alan gənclərə xüsusi diqqət göstərildiyini vurğulayan Təhsil naziri tələbələrin hər birinin ölkəmizi layiqincə təmsil edəcəyinə ümidvar olduğunu bildirib, həmçinin, ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin inkişafından danışıb. Daha sonra Ceyhun Bayramov tələbələri maraqlandıran sualları cavablandırıb.
Xatırladaq ki, "Azərbaycanın Təhsil Nazirliyi ilə Çinin Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş"ə əsasən, hazırda 53 azərbaycanlı tələbə müxtəlif ixtisaslar üzrə Çinin ali təhsil müəssisələrində, 108 Çin vətəndaşı isə Azərbaycanın ali məktəblərində təhsil alır.
S.QARAYEVA