|
|
|
|

Gülhanə Hərbi Tibb Akademiyasına ağır cərrahi əməliyyat üçün yola düşməzdən əvvəl bəzi düşüncələrimi dəyərli oxucular ilə bölüşməyi gərəkli və mənəvi borc hesab edirəm.
2004-cü ilin fevralında Budapeşt şəhərində Azərbaycanın bayrağını və millətini təhqir etdiyinə görə erməni zabiti Qurgen Markaryanla oğlum Ramil Səfərov arasında baş verən münaqişə və məhkəmənin qərarı ilə onun ömürlük həbsə məhkum edilməsi ailəmiz üçün dözülməz zərbə oldu. Ramilin anası bu müsibətə dözməyərək dünyasını dəyişdi. Psixoloji sarsıntılar səhhətimdə ağır fəsadlar törətsə də, oğlumla görüşəcəyimə sarsılmaz ümidim var idi. İnanırdım ki, Ali Baş Komandan cənab İlham Əliyev öz zabitini darda qoymaz. Səkkiz il yarımdan sonra, ötən ilin avqust ayının sonunda inanılması mümkün olmayan möcüzə baş verdi. Ramil Səfərov nəinki Azərbaycana ekstradisiya olundu, hətta cənab Prezident İlham Əliyevin sərəncamı ilə əfv olundu, hərbi xidmətə bərpa edildi. Bu müdrik və cəsarətli addımı şərh etmək, sevincimizin miqyası, hüdudları haqqında təsəvvür yaratmaq mənim üçün çox çətindir. Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev hər bir vətəndaşın, hər bir azərbaycanlının prezidenti olduğunu özünün, respublikanın ən yüksək postunda fəaliyyəti dövründə dəfələrlə isbatlamışdır.
Bu gün respublikamızda prezident seçkiləri ilə bağlı təbliğat və təşviqat işlərinin qızğın çağıdır. Dövlətimizin başçısı cənab İlham Əliyevin yenidən prezident seçiləcəyinə, başladığı nəhəng işləri davam etdirəcəyinə ürəkdən inanıram. Bununla belə bir neçə məqamı vurğulamaq, yada salmaq istəyirəm.
XX əsrin sonlarında Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra həyatın bütün sahələrində köklü dəyişiklər baş verməyə başladı. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar həmin ölkələrdə diaspor təşkilatları, milli-mədəni mərkəzlər yaradaraq ictimai-siyasi həyatda fəal mövqe tutdular. Vətəndən uzaqlarda ədəbiyyatımızın, mədəniyyətimizin, musiqimizin, adət və ənənələrimizin, milli-mənəvi dəyərlərimizin qoruyub saxlanılmasında, təbliğ edilməsində Azərbaycan dövləti, respublika prezidenti onlara dayaq oldu və dəstəyini əsirgəmir.
Azərbaycanın gündən-günə çiçəklənməsi, iqtisadi cəhətdən geniş tərəqqi etməsi və bütün dünyada tanınması daim cənab prezidentimizin diqqət mərkəzindədir. Hər bir Azərbaycan vətəndaşı özünü vətənin taleyindən kənar hiss edə bilməz. Onun taleyi bütövlükdə hamımızın taleyidir. Nəzərdən qaçırmaq olmaz ki, Azərbaycan zəngin neft, qaz, başqa yeraltı və yerüstü sərvətləri ilə dünyanın böyük və güclü dövlətlərinin hər zaman maraq dairəsində olub və bu meyl davam etməkdədir. Bu gün Azərbaycanda bazar iqtisadiyyatı sürətlə inkişaf edərək dünya iqtisadiyyatına inteqrasiya olduqca xalqın rifahı gündən-günə yaxşılaşır və respublikamızın beynəlxalq nüfuzu yüksəlməkdədir. Fərəhlə demək lazımdır ki, bu gün xarici ölkələrin ali məktəblərində, kolleclərində və başqa təhsil müəssisələrində 10 mindən çox azərbaycanlı təhsil alır. Xarici ölkələrdə bu kəmiyyətdə təhsil almaq xoşbəxtliyi gənclərimizə heç bir zaman nəsib olmamışdır. Bütün bu nailiyyətlər cənab İlham Əliyevin məqsədyönlü fəaliyyətinin nəticəsində qazanılmışdır.
Bu gün Azərbaycan xalqı böyük bir sınaq – prezident seçkiləri ərəfəsindədir. Mən o yüksək səlahiyyət və məsuliyyət zirvəsinə cənab İlham Əliyevi layiq görürəm. Çünki o ulu öndərimiz Heydər Əliyevin beynəlxalq münasibətlər və milli dəyərlər universitetinin ləyaqətli müdavimi, siyasi varisi, dövlətçilik ənənələrinin sədaqətli davamçısıdır. Müdrik, peşəkar və cəsarətli dövlət başçısı olduğunu son on ildə dəfələrlə nümayiş etdirmişdir. Ölkədə aparılan möhtəşəm quruculuq işləri, iqtisadi inkişaf, əhalinin maddi-rifah halının yüksəldilməsi sahəsində görülən tədbirlər, yeni-yeni elm, mədəniyyət, təhsil ocaqlarının, idman-sağlamlıq mərkəzlərinin açılışı, ən uzaq kəndlərə yol, qaz, su çəkilişi, nəhəng körpülərin və yol qovşaqlarının tikintisi, məcburi köçkünlər üçün müasir qəsəbələrin salınması cənab İlham Əliyevin son on ildə həyata keçirdiyi çoxsaylı layihələrin kiçik bir siyahısıdır.
Ölkəmizin sürətli inkişafı ilə yanaşı mövcud problemlərin həlli istiqamətində qətiyyətli addımların atıldığı, beynəlxalq aləmdə Qarabağ münaqişəsinin çözümü ilə əlaqədar dövlət başçıları və xarici siyasət idarələrinin rəhbərləri səviyyəsində aparılan diplomatik mübarizələr sabaha inamımızı artırır. Hələ nə qədər görüləcək işlər var... Prezidentimizlə qürur duyuruq.
Mən millətimizin və ölkəmizin xoşbəxt gələcəyinə inanır, ümummilli lider Heydər Əliyevin layiqli varisi və davamçısı İlham Əliyevin dövlətimizin sükanı arxasında möhkəm dayanacağına əminliyimi bildirir, xalqımızı ona səs verməyə çağırıram.
Sahib SƏFƏROV
Məcburi köçkün,
Cəbrayıl rayonu



