"Nəqliyyat sektoru Bakıda əsas çirkləndiriciyə çevrilib".
APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, 2005-ci ildə sənayedən olan tullantılar 53, nəqliyyatdan olan tullantılar isə 47 faiz təşkil edirdi: "Son illərdə vəziyyət tədricən dəyişib, hazırda nəqliyyatın payına 80 faizə yaxın tullantı düşür. Bu çirkləndiricilər əsasən azot oksidləri, dəm qazı, kükürd qazı, karbohidrogenlər və digər maddələrdir".
U.Tağıyeva bildirib ki, nəqliyyatdan fərqli olaraq, əksər sənaye müəssisələrindən atmosfer havasına atılan tullantılar texnoloji, ekoloji qaydalara uyğun olaraq borular vasitəsilə müəyyən hündürlükdə atılır. Bu da onların atmosferdə daha tez səpələnməsinə, bununla da konsentrasiyalarının nisbətən azalmasına imkan yaradır: "Belə müəssisələrin çoxu şəhərin kənarındadır. Nəqliyyatdan olan tullantıların spesifik tərəfi isə odur ki, onlar insanın birbaşa nəfəs aldığı təbəqəyə atılır. Buna görə də insanlara mənfi təsir effekti özünü daha qabarıq göstərir. İntensiv avtomobil hərəkəti olan şəhər küçələrində - Neftçilər, Dərnəgül, Nobel pr., 20 yanvar dairəsi, Lökbatan dairəsi, Ukrayna dairəsi, Şərifzadə küç., Xırdalan-Sumqayıt yolunda konsentrasiyalar qəbul olunmuş fon göstəricilərindən daha yüksək olur. İstilik effekti yaradan karbon qazı, metan, azot oksidi kimi qazların 15 faizi nəqliyyat sektorunun payına düşür".
Umayra Tağıyeva bildirib ki, şəhərdə atmosfer havasının ekoloji vəziyyətini yaxşılaşdırmaq yollarından biri zərərli tullantıları xeyli az olan alternativ nəqliyyat növlərinə üstünlük verilməsidir: "Azərbaycanda istər elektromobil, istər hibrid avtomobillərin daha geniş istifadəsinə əlverişli mühit yaratmaqla əhalinin marağını artırmaq vacibdir".