|
|
|
|
Yola saldığımız 2019-cu il ölkəmiz üçün bir çox hadisələrlə yaddaqalan oldu. Bu hadisələr içində hər bir azərbaycanlı üçün xüsusi önəm daşıyanlardan biri Prezident İlham Əliyevin bütün dünyaya verdiyi qısa və konkret mesajı oldu: “Qarabağ Azərbaycandır və nida!”
Tərəddüd etmədən deyə bilərik ki, hər birimizin qəlbinin nidasə olan bu mesaj İLİN KƏLAMI olaraq tarixə düşdü…
Vətənimizin ayrılmaz bir parçası olan Qarabağ hər bir azərbaycanlı üçün doğma olduğundan, Qarabağ problemi də hər birimizin dərdi, acısıdır. Qarabağ Azərbaycan ruhunun ayrılmaz hissəsidir və onun hazırda erməni işğalı altında olması əsla bu faktı dəyişə bilməz.
Möhtərəm Prezident cənab İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida!” tarixi bəyanatı məhz bu həqiqəti ehtiva edir. Ona görə də bu bəyanat Prezidentin timsalında, hər bir azərbaycanlının ruhunu əks etdirir. Yəni bu tarixi kəlam əslində hər birimizin ruhunun, qəlbinin ifadəsidir.
Bugünkü həssas bir dövrdə beynəlxalq müstəvidə bu kəlamı səsləndirməklə Prezident təkcə ermənilərə və onların havadarlarına deyil, həm də tarixə və gələcəyə səslənmiş oldu: “Qarabağ Azərbaycandır və nida!”
Bu qızıl kəlam olduqca şəffaf, sadə anlaşılan bir mesajdır. Onu anlamaq və olduğu kimi dərk etmək üçün qəliz şərhlərə ehtiyac yoxdur. Sadəcə, ədalətli və obyektiv olmaq yetər. Təəssüf ki, ikili standartların hakim olduğu bugünkü dünyamızda ən qəliz, ən müşkül məsələ də elə ədalətli və obyektiv olmaqdır...
Prezident bu kəlamı ilə əslində həm əsgər, həm məmur, həm müəllim, həm tələbə, həm həkim, həm iş adamı - bir sözlə, hər bir Azərbaycan vətəndaşına da öz mesajını çatdırmış oldu. Bu, üzərimizə düşən öhdəliyin, vəzifənin bir daha bizə xatırlanmasıdır. Bu öhdəlik, bu vəzifə isə incə bir məqamla bağlıdır. Heç kəsə sirr deyil ki, erməni siyasəti özgəsinə arxalanan bir siyasətdir. Öz ayağı üzərində dayanmağı bacarmayan Ermənistan kənar qüvvələrin təhriki və havadarlığı ilə 100 ildən artıqdır, xalqımıza qarşı düşmənçilik fəaliyyəti ilə maşğul olur. Əzəli torpaqlarımız olan İrəvan, Zəngəzur və Göyçədə, hazırda Ermənistan adlanan dövlətin digər bölgələrində xalqımıza qarşı törədilən amansız cinayətlər – minlərlə günahsız insanın qətliam və soyqırıma məruz qalması, yüz minlərlə dinc sakinin doğma yurdundan didərgin salınması, eyni vəhşiliklərin Qarabağda törədilməsi və tarixən yanaşı yaşayan xalqlarımızın bir-birinə düşmən edilməsinə yönələn qərəzli, antihumanist və təxribatçı siyasət dediklərimizin bariz göstəricisidir. Bu özgəyə arxalanma siyasəti regionun inkişafına sarsıdıcı zərbələr vurmaqla bərabər, Ermənistanın özünü də təcrid vəziyyətinə salıb, səfalətlə üz-üzə qoyub. Bütün bunlar özgəyə arxalanma siyasətinin uğursuz və olduqca təhlükəli olduğunu sübut etmiş olur.
Bu da bir danılmaz faktdır ki, Azərbaycanın siyasəti özünə, öz xalqına arxalanan bir siyasətdir. Öz ayağı üzərində dayanmağı bacaran Azərbaycanın müstəqil siyasətinin təməlini sülhsevərlik, insansevərlik, habelə digər ölkələrlə və xalqlarla qarşılıqlı səmərəli əməkdaşlıq prinsipi təşkil edir. Məhz bu prinsip əsasında həyata keçirilən siyasət ölkənin və regionun inkişafına və tərəqqisinə xidmət edə bilər.
Prezident İlham Əliyevin Qarabağla bağlı söylədiyi qızıl kəlam özünə arxalanan müstəqil dövlət prinsipinin bir təzahürü olaraq, hər birimizə öz üzərimizdə bu məramın məsuliyyətini hiss etməmizi tələb edir. Cinsindən, ixtisas və peşəsindən asılı olmayaraq hər bir azərbaycanlı Azərbaycanımızın daima öz ayaqları üstə möhkəm dayanması və müstəqilliyimizin əbədi olması üçün öz sahəsində nailiyyətlərə imza atmalı, Azərbaycanımızın uğurla inkişaf etməsinə və dünyanın aparıcı ölkələri sırasında öz layiqli yerini tutmasına xidmət göstərməlidir.Bu öhdəliyi biz tələbələr də öz üzərimizdə hiss etməli, öz xalqına arxalanan Azərbaycanımızın dinamik inkişafı və parlaq gələcəyi naminə bilik və bacarıqlarımızı artırmalı, elm və təhsilə yiyələnmək üçün öz səylərimizi əsirgəməməliyik.
“Qarabağ Azərbaycandır və nida!” - Cənab Prezidentin bu kəlamı bu gün qızıl hərflərlə hər birimizin qəlbimizə yazılıb. Gəlin hər birimiz bu səsə səs verməklə əmin olaq. inanaq ki, tezliklə bu qızıl kəlam Şuşamızda, Xankəndimizdə, Qarabağımızın digər yerlərində qızıl hərflərlə evlərin-binaların divarlarından asılacaq!..