|
|
|
|
Ermənilər tarixən azərbaycanlılara, türklərə qarşı terror, təxribat, qətllər törədib. Bu gün də onlar öz mənfur əməllərindən əl çəkməyiblər.
Azərbaycan ərazilərinin 20 faizini işğalda saxlayan Ermənistan dəfələrlə ölkəmizə qarşı terror, diversiya və sabotaj törətməyə çalışıb. Bir neçə gün əvvəl yenidən Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib.
Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgin Alberyan əsir götürülüb.
Qeyd etdiyimiz kimi, bu, ilk hal deyil. Məsələn, Azərbaycanın Xankəndi şəhərində anadan olan və Ermənistanda xüsusi təlim keçən Arsen Baqdasaryan 2014-cü il dekabrın 26-da qoşunların təmas xəttini gizli keçəndə tutulub. Cinayət törətməkdə əsaslı şübhələr olduğundan Arsen Baqdasaryan barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05.05.2015-ci il tarixli hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkum Karen Kazaryan Ermənistanın Noyemberyan şəhərində anadan olub. 2018-ci il iyulun 15-i səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü - Karen Kazaryan saxlanılıb.
O, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27.02.2019-cu il tarixli hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 20 il müddətinə azadlıqdan məhrum edilib. Nəhayət, Qurgen Alaverdyan, avqustun 23-də əsir götürülüb.
Ehtiyatda olan polkovnik Şair Ramaldanov hesab edir ki, işğalçı Ermənistanın 2016-cı il aprelindəki məğlubiyyəti, ardınca Tovuz istiqamətində təxribatının qarşısının alınması və ciddi itkilər verməsi onu yeni təxribatlara sövq edir. O deyib ki, buna görə də düşmən yenə təxribat törətməyə cəhd edərək, təmas xəttində gərginliyə səbəb olan addımlar ataraq, erməni cəmiyyətinin diqqətini bu gərginliyə yönəltmək, daxili problemlərdən diqqət yayındırmaq istəyir; "Bu, növbəti diversiya, sabotaj və terror cəhdidir, cari ilin iyulunda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın həyata keçirdiyi təxribatın davamıdır. Azərbaycan Silahlı Qüvvələri ayıq-sayıqlığını, peşəkarlığını növbəti dəfə nümayiş etdirərək diversiya cəhdinin qarşısını aldı və qrupun komandiri əsir götürüldü".
Ş.Ramaldanov vurğulayıb ki, Azərbaycan ordusunun təmas xəttində olan bölmələri ən müasir müşahidə və kəşfiyyat texniki vasitələri ilə təmin olunub: "Bölmələrimiz bütün təmas xəttində vəziyyəti nəzarətdə saxlayır, düşmənin istənilən hərəkətini müşahidə edir. Düşmən hava şəraitinin pisləşməsindən istifadə edərək səhər saat 4-5 radələrində təxribat törətməyə cəhd edib. Məsələ ondadır ki, çox vaxt diversiya-kəşfiyyat qrupları gecə saat 3-5, 3-6 arasında əməliyyat keçirməyə üstünlük verir. Çünki hesab edilir ki, bu vaxt postdakı hərbçilərin ayıq-sayıqlığı müəyyən qədər azalır. Ancaq hərbçilərimizin ayıq-sayıqlığı nəticəsində bu təxribatın qarşısı alınıb, diversiya qrupu darmadağın edilib, komandir isə ələ keçirilib".
Polkovnik son hadisənin Azərbaycan ordusunun təmas xəttində olan bölmələrinin hava şəraitindən, zamanından asılı olmayaraq, daim ayıq-sayıq, peşəkarlığının yüksək səviyyədə olmasının bir daha təsdiqlədiyini söyləyib: "Azərbaycan ordusu istənilən təxribatın qarşısını almağa qadirdir. Tovuz hadisələrindən sonra Azərbaycan əsgəri nəyə qadir olduğunu bir daha göstərdi".
Deputat Tahir Rzayev isə deyib: "Son təxribatlar bir daha göstərir ki, ermənilər bu mənfur, çirkin əməllərindən əl çəkmirlər, heç əl çəkmək fikrində də deyillər. Goranboy sərhəd zonasında Qurgen Alaverdiyanın təxribat törətmək cəhdi bir daha bunu sübut elədi. Sözsüz ki, bu təxribat cəhdləri dəfələrlə olub. Hələ 2014-cü ildə erməni kəşfiyatçısı Arsen Baqdasaryan, 2018-ci ildə Karen Kazaryanın təxribat törətmək, sərhəddə ixtişaş yaratmaq, azərbaycanlıları girov götürmək cəhdlərinin qarşısı hərbçilərimiz tərəfindən alınıb. Avqustun 23-də Goranboy ərazisində Qurgen Alaverdiyanın rəhbərliyi ilə erməni diversiya qrupu yeni bir təxribat cəhdi törətməyə səy göstərib, ancaq yenə də erməni tərəfi ciddi itki verib və diversiya qrupunun rəhbəri əsir götürülüb, tutulub. Bilirsiniz, artıq faktlar sübut edir ki, bu insan Kəlbəcərdə müəyyən qruplaşmalar yaratmaqla, adamlara işgəncələr verməklə, yeni Azərbaycan torpaqlarının işğal olunmasında fəal iştirak etməklə, silah əldə etmək və həmin silahlardan Azərbaycana qarşı istifadə eləmək məqsədi ilə daimi fəaliyyət göstərib. Bütün bu faktlar Ermənistanın təcavüzkar bir dövlət olduğunu bir daha sübuta yetirir".
PƏRVANƏ