|
|
|
|
Niderland Ali Məhkəməsi keçmiş YUKOS neft şirkətinin səhmdarlarına 57 milyard ABŞ dolları ödənilməsinin təxirə salınması ilə bağlı Rusiyanın xahişini təmin etməyib.
Rusiya Niderland Ali Məhkəməsinə iyun ayında müraciət etmişdi. Həmin müraciətdə Beynəlxalq Arbitraj Məhkəməsinin keçmiş YUKOS neft şirkətinin səhmdarlarına 57 milyard ABŞ dolları ödənilməsi ilə bağlı 18 fevral 2020-ci il tarixli qərarının icrasının təxirə salınması xahiş edilirdi. Niderland Ali Məhkəməsinin rədd cavabından sonra YUKOS neft şirkətinin səhmdarları ilə məhkəmə davasında son nöqtəni qoyuldu. Əslində, Beynəlxalq Arbitraj Məhkəməsinin 18 fevral 2020-ci il tarixli qərarından sonra Rusiyanın məhkəmə davasını tamamilə uduzduğu məlum olsa da, Moskva ən azından vaxt qazanmaq istəyi ilə Niderland Ali Məhkəməsinə müraciət etmişdi.
Keçmiş YUKOS neft şirkətinin səhmdarlarının Rusiyaya qarşı hüquqi müstəvidə apardığı mübarizə səhmdarların tam qələbəsi ilə başa çatdığı üçün hər kəsi bundan sonra Moskvanın nə edəcəyi düşündürür. Rusiyanın bu cəriməni ödəmək üçün valyuta ehtiyatı olsa da, 57 milyard ABŞ dolları cərimə ödəmək Moskvada mümkünsüz görünür. Əgər Moskva 57 milyard ABŞ dolları ödəmək qərarına gəlsə, bu, Rusiyanın milli valyutasına öldürücü zərbə olar. Eyni zamanda, bu cərimənin ödənilməsi siyasi nəticələr də doğura bilər. Ona görə də, Rusiya bütün imkanlardan istifadə edib, Arbitraj Məhkəməsinin 18 fevral 2020-ci il tarixli qərarını icra etməkdən yayınmağa çalışacaq. Ancaq ekspertlər hesab edirlər ki, bu zaman Rusiya başqa problemlərlə üzləşər. Keçmiş YUKOS neft şirkətinin səhmdarları Rusiyaya məxsus əmlaka və bank hesablarına həbs qoyularaq müsadirə olunması yolunu seçə bilər. Ekspertlər hesab edirlər ki, burada səhmdarların geniş imkanları var. Çünki səhmdarlar yalnız Rusiya dövlətinin əmlak və bank hesablarına qarşı deyil, Rusiyanın dövlət şirkətlərinin ölkə xaricindəki əmlak və bank hesablarına da həbs qoyulmasına cəhd göstərə bilərlər. Bu isə iqtisadiyyatı tamamilə nəhəng dövlət şirkətlərinin fəaliyyətindən asılı olan Rusiya üçün ağır nəticələr doğurar. Əgər keçmiş YUKOS neft şirkətinin səhmdarları "Qazprom", "Rosneft" və "Rostex" şirkətlərinin bank hesablarına və əmlaklarına həbs qoysalar, bu, Rusiya iqtisadiyyatı üçün nüvə bombası partlayışı təsiri yarada bilər. Buna görə də, Rusiya çox çətin bir vəziyyətlə üzləşib.
Müşahidəçilər hesab edirlər ki, Rusiya üçüncü bir yola əl ata bilər. Əslində, müşahidəçilərin üçüncü yol hesab etdikləri vasitəyə Rusiya məxfi şəkildə artıq əl atıb. Bu yol isə keçmiş YUKOS neft şirkətinin səhmdarları arasında ixtilaf yaratmaqla parçalanmaya nail olmaqdan ibarətdir. Yayılan məlumatlara görə, Rusiya keçmiş YUKOS neft şirkətinin səhmdarlarının bəzilərini öz tərəfinə çəkməyə çalışır. Onlara Rusiyada hansısa əmlakların və biznes layihələri təklif edilir. Bu biznes layihələrinin cəlbedici olmasına üstünlük verilir ki, səhmdarların bəzilərində maraq oyatmaq mümkün olsun. Eyni zamanda, Rusiya öz ərazisindəki müəyyən əmlakı mülkiyyət növünün dəyişdirilməsi yolu səhmdarlara verərək onların bəzilərini öz tərəfinə çəkməyə çalışır. Moskvanın bu fəndinin işə yarayıb-yaramadığını yaxın aylarda görəcəyik. Çünki əks halda Rusiya bütün dünya boyu ciddi problemlərlə üzləşəcək və onun ticari-iqtisadi fəaliyyəti faktiki olaraq dondurulacaq. Beynəlxalq hüquqa görə məhkəmənin qalibi olan səhmdarlar hətta Rusiyanın ölkə xaricindəki hərbi əməliyyatlarına, o cümlədən, sülhməramlı qüvvələrinin ixtiyarındakı hərbi texnikanın üzərinə həbs qoyulmasına da cəhd edə bilərlər.
Rusiyalı politoqlar isə hesab edirlər ki, Beynəlxalq Arbitraj Məhkəməsinin 57 milyard ABŞ dolları cəriməsi də digər problemlər kimi növbəti hakimiyyətin həll etməli olduğu ağır problemlərdən birinə çevriləcək. Səhmdarlara ödənməli olan 57 milyard dollar isə Ukraynanın Rusiyaya qarşı irəli sürəcəyi məhkəmə iddiasının yanında dənizdə damla kimi görünür. Belə ki, Ukrayna Krımın ilhaqına görə Rusiyaya qarşı 500 milyard ABŞ dolları məbləğində məhkəmə davası qaldırmağa hazırlaşır. Əgər Ukrayna səmasında partladılan "Boing" sərnişin təyyarəsinə görə Rusiyaya qarşı qaldırılan məhkəmə iddiasını da nəzərə alsaq, Rusiyanın gələcək hakimiyyətini çox ciddi öhdəliklərin gözlədiyini söyləmək olar. Rusiyada hakimiyyət dəyişikliyi isə hər ötən gün daha da real görünür.