|
|
|
|
Verilişin aparıcısı hər dəfə ekranda yazılan votsap nömrəsini göstərərək xahiş edir ki, buraya zəng etməyin, ancaq mesaj yazın. Çünki zənglərinizə cavab verməmiz mümkün deyil, yalnız mesajı oxuyub cavablandıra bilərik. Anlaşılır ki, yenə də zəng zəngin dalınca axır.
Bütün veriliş boyu hər dəfə, bəzən də əsəbi formada təkrarlayır ki, xahiş edirəm buraya zəng etməyin, ekranda olan əlaqə telefonuna zəng edin, canlı yayında cavablandıraq. Kimə deyirsən? Verilişin müəyyən hissəsi sonadək bu xəbərdarlığa həsr olundu və yenə də dəyişən bir şey olmadı. "Bunun adı nədir?" deyə düşündüm. Savadsızlıqmı? Düşünürəm ki, sadəcə bu deyil. Fikrimcə böyük çoxluq beynində (?) yerləşdirdiyi konstruksiyanı dəyişmək istəmir, ona görə də kənardan gələn hər hansı faydalı impulsları da sadəcə eşidə, dərk edə bilmir.
Keçmişimizə münasibətdə də, dinimizə münasibətdə də, hətta Qarabağ məsələsinə münasibətdə də eyni simptomları müşahidə edirsən. Beyində bir mühakiməni oturdub, adama hətta aydınlatma üçün bir peyğəmbər göndərilsə də sözünün təsiri olmayacaq. Ona görə də ölkənin əksər boş görünən məkanlarında ancaq azərbaycanlılara məxsus olan bir xitab növünə rast gəlirsən: "Bura zibil atma!". Yaxud da daha sərt və milli formada: "Bura zibil atanın atasına nəhlət(?)". Hətta son vaxtlar bir sıra dövlər qurumlarında hansısa səbəbdən iştirak etdiyimiz tədbirlər zamanı baş çəkilən ayaqyolunda belə tez-tez rast gəldiyimiz ifadəni də buraya əlavə etmək olar: "Suyu açıq saxlama, bağla!!!" Və bir də boylanırsan bizim milliləşdirdiyimiz sosial şəbəkəyə və burada qaragüruhun çəyirtkə həmrəyliyi qarşısında əzilən düşüncənin əzabını məhz bu mənbələrlə müqayisə edərək anlamağa çalışırsan.
Qalıcı dəyərlər üzərindən bir müzakirədə on nəfər tapa bilmirsən, ancaq ani, keçici məsələlərdə fərqli mövqeyə, baxışlara görə "vətənpərvər", "bayraqsevər" obrazda kiminsə üzərinə şığıyan çəyitkə sürüsünü görüb sadəcə köks ötürməli olursan. Kirabla kitabsızlığın virtual savaşı gedir əslində. Bizim tariximizə bir də düşünərək geri baxış etsəni görərsiniz ki, müasir dövrdə yaşadığımız bütün faciələrin kökündə qarşımıza çıxan fürsətlərin doğru və çevik dəyərləndirilməməsi durur.
Təhsil, ordu, kitab çapı, texnoloji yeniliklərə qarşı dirəniş, cəhalətə, xurafata sevgi tariximizin hər anında gözünüzün önünə dikiləcəkdir. 19-cu əsrdə kütləvi savadsızlığın hökm sürdüyü bu məmləkətdə əgər haradasa 100 pir ocağından bu gün əhalisinin çoxu savadlı görünən müstəqil dövlətimizdə rəsmi status almış 750 pir ocağına qədər böyük tərəqqi yolu keçmişiksə, biz həm dövlət olaraq, həm də millət olaraq əslində layiq olduğumuzdan daha üstün yerdəyik demək. Sosial şəbəkə də ayrıca bir nemət idi, onu da bayağılaşdırdıq, vaxt öldürmə məkanına çevirdik, söyüş, təhqir platformasına yönəltdik, ad günlərinin təbriki, vəfat edənlərə başsağılığı köşəsinə qədər endirdik.
Əlbəttə, hələ də dirəniş göstərən aydınlarımız qalıb, milli düşüncə istehsalçıları hələ də Çin və Cin kopyalamasına qarşı dirənişini davam etdirirlər, ancaq sayları çox olmadığına görə bu platformada uğur qazanacaqlarına ümid elə də böyük deyil. Yəni bu cəmiyyətdə Axundov da, Seyid Əzim də, Zərdabi də, Sabir də, Mirzə Cəlil, Əhməd Ağaoğlu da ölümündən sonra xoşbəxt sayılmış insan obrazlarıdır. Onlar cəhənnəmi əslində Tiflisdə deyil, Şəkidəki, Bakıdakı, Naxçıvandakı, Şamaxıdakı, Şuşadakı qaragüruhun içində yaşayıb Milli Cənnətə köçmüş böyüklərimizdir. Onları döyənlər, söyənlər də əsla ruslar, ermənilər, yəhudilər deyildi, öz milli mollalarımızın, həci-kərbəlayi-məşədilərimiz, Xudayar bəylərimiz və Novruzəlilərimiz idi. Çərlədib öldürdükdən sonra adlarına küçələri, heykələri, muzeyləri verdik, kitablar yazdıq, tədqiqatlar həsr etdik. Onlar da bizim toplumda ancaq ölü kimi qorxusuz və təhlükəsiz olduqdan sonra dəyərə çevrilmiş şəxsiyyətlərdir.
Mən bilmirəm sayğıdəyər Mark bir gün burada bizim milli təcrübəmizdən istifadə edərək Facebookun şüarını "Bura zibil atmayın!" ifadəsini yerləşdirəcək, yoxsa beləcə də davam edəcək, ancaq bunlarsız da düşüncə həyatımızı canlandıracaq işləri gücü çatan səviyyədə tənha formada da olsa hər kəs davam etdirməlidir. Çəyirtkələr qarın doydurandan sonra çıxıb gedəcəklər, yenə bu torpağı, bu Vətəni, bu dövləti dirçəltmək yükü, xalqı sağlam hədəfə yönəltmək yükü beş, on, on on beş İNSANın üzəində olacaqdır.
Sosial şəbəkəyə qalib gələcək tək güc DÜŞÜNƏN İNSAN şəbəkəsidir.