|
|
|
|
Turizm - ixracat və inşaat sektorlarından sonra - ölkəyə ən çox valyuta gətirən sahədir. Səbəbi nə olursa olsun, insanlar zövq almaq üçün böyük miqdarda vəsait xərcləməkdən çəkinmirlər. Dünyada tüğyan edən koronavirus pandemiyası isə qlobal miqyasda turizm sektoruna da ziyan vurdu. Bəzi ölkələrdə tətil sezonuna həm pandemiya, həm də giriş-çıxış qadağaları ilə sərt karantin tədbirləri və səyahət embarqoları maneə yaratdı.
TURİZMİN PANDEMİYADAN ƏVVƏLKİ POZİTİV STATİSTİKASI
Son 40 ildə dünya üzrə səyahət edənlərin sayı 7 dəfə artaraq 200 milyondan 1,4 milyarda, turizmə bağlı gəlirlər isə 1,7 trilyon dollara qədər artmışdı. 2018-ci ildə, yəni pandemiyadan əvvəl səyahət zamanı ən çox pul xərcləyən hansı ölkə vətəndaşları olub? BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) hesabatına görə, İsveçrə vətəndaşları səyahət zamanı adambaşına ortalama 2.700 avro xərcləyirlər. Avstriyalılar da qonşuları kimi səxavətlidirlər. Onların səyahət xərci 2.500 avrodur. Ən şox səyahət edənlər arasında ABŞ vətəndaşları da ön sıralardadır. Onların səyahət xərcləri 2.640 avro təşkil edir. Almanlar 2.400, Belçika vətəndaşları 2.300, hindlilər və ingilislər 2.200, çinlilər 2.000, fransızlar və italyanlar 1.800, ispaniyalılar 1700, Braziliya vətəndaşları isə ortalama 1.200 avro ayırırlar səyahətə. Təşkilatın rəqəmlərinə görə, 2018-ci ildə turistlərin ən şox səyahətə getdikləri ölkələr Fransa, İspaniya, ABŞ, Çin, İtaliya, Türkiyə, Meksika, Almaniya, Tayland və İngiltərə olub. 6-cı sırada yer alan qardaş Türkiyəni 45,8 milyon turist ziyarət edib. Hesabatda qeyd olunur ki, 2018-ci ildə turizmdən ən yüksək gəlir əldə edən ölkə, 215 milyard dollar ilə, ABŞ olub. Birləşmiş Ştatları 82 milyard dollarla İspaniya və 66 milyard dollarla Fransa izləyir. Daha sonra siyahıda Tayland (63 milyard), İngiltərə (60 milyard), İtaliya (50 milyard), Avstraliya (45 milyard), Almaniya (43 milyard), Yaponiya (42 milyard) və Çin (40 milyard) var. Türkiyə 25 milyard dollarlıq turizm gəliri ilə 15-ci sırada yer alıb. Bu gün isə dünya turizm sektorunda 80 faiz geriləmə var. Otellərlə yanaşı, turistlərə xidmət göstərən kafe, restoran və digər xidmət sahələri də ciddi problemlərlə üzləşib. Bəzi ölkələr pandemiyanın gətirdiyi iqtisadi böhranı aradan qaldırmaq və valyuta cəlb etmək üçün müxtəlif yollara əl atır. Bunlardan biri də əcnəbilərə ikinci vətəndaşlıq verilməsidir. Bu gün hər birimiz ABŞ, Portuqaliya, Uruqvay, Albaniya, Yunanıstan, Şimali Makedoniya, Monteneqro, İspaniya, İrlandiya, Kanada, Slovakiya, Bolqarıstan, Sinqapur, Kipr, İngiltərə, Malta, Gəraib hövzəsi ölkələri və Türkiyədə bankda depozit hesabına valyuta yatıraraq, şirkət açma yolu ilə sərmayə qoyaraq, ya da əmlak alaraq vətəndaş ola bilərik. Ölkəyə görə minimum məbləğ 250 min dollarla 1 milyon dollar arasında dəyişir. Pandemiyadan əvvəl ABŞ-da Florida və Kaliforniyanın, Cənubi İspaniyada Kataloniyanın, Yunanıstanın, Türkiyənin qumlu və günəşli sahillərindəki komplekslərində həm yaşayış, həm də gəlir məqsədli mənzillər almaq çox prestijli sayılırdı. Gündən-günə artan tikinti şirkətləri son 20 ildə sıx rəqabət apararaq bu ölkələrdə hər zövqə uyğun, komfortlu yaşayış kompleksləri inşa ediblər. Tikinti sektorundan qidalanan mebel, məişət texnikası, inşaat materialları, ev tekstili və 100-dən artıq digər yan sektorlar da yüksəlməyə başladı. İnşaat işçilərinə tələb artdı, işsizlik azaldı, əmlakçılıq, bank, restoran, otel, nəqliyyat, yükdaşımalar və konsaltinq xidmətləri sahələrinin gəliri artdı. Bu günün reallığı isə tamamilə başqadır. Pandemiya get-gedə bu sektorları çökdürməyə davam edir. Dünya turizmi can verməkdədir.
ZƏNGİN ƏCNƏBİ TURİSTLƏR QONŞUNUZ OLA BİLƏR
Türkiyə, İngiltərə, Yunanıstan və Malta kimi ölkələrin təcrübəsinə əsaslanaraq qeyd edə bilərəm ki, ölkəyə investisiya cəlbinin başqa yolu da var. Məsələn, ölkəyə gələn zəngin turistləri ev sahibi etmək! Araşdırmalarım göstərir ki, pandemiyadan əvvəl başqa ölkələrdə daşınmaz əmlak alan sərmayədarların məqsədləri dəyişməsə də, hədəfləri dəyişib. Bu gün xarici ölkələrdə əmlak alanlar artıq mənzillərə deyil, tüstülü zavodlardan uzaq, kiçik torpaq sahəsi olan villalara üstünlük verirlər. Pandemiyadan sonra göl, dəniz, kanyon, şəlalə, sıra dağlar mənzərəli, sıx meşələrlə əhatə olmuş yerlərdə, yaylaqlarda, eqzotik ərazilərdə inşa edilən villa kompleksləri rəğbət görür. Vətənlərindən kənarda yaşamağa üstünlük verənlər əsasən Birləşmiş Krallıq, İsveç, Norveç, Rusiya, Ukrayna, Avstraliya, Almaniya, Hollandiya, Danimarka, Mərakeş, Səudiyyə Ərəbistanı, Qətər, İraq, İran, Küveyt, Bəhreyn, Misir, Çin vətəndaşlarıdır. Xarici vətəndaşlar üçün inşa edilmiş ağıllı şəhərcik pilot layihə kimi həyata keçirilə bilər. Bu iş böyük gəlir vəd etsə də, işin təşkili professional səviyyədə aparılmalıdır. Avropalılar lüks və zəngin həyat arzusunda deyillər. Onlar saman topalarından inşa edilən, təbiət dostu ekoloji evlərdə yaşamağa üstünlük verirlər. Məsələn, avropalı mülk sahibi şəhərciyin yardımçı təsərrüfatında işləməkdən də zövq alar. Orta və Yaxın Şərq ölkələrindən gələnləri isə əsasən lüks və bənzəri olmayan əmlaklar maraqlandırır. Ərəb əsilli sərmayədarlara əmlak təklif edərkən qonşularla bağlı bilgi verilməsi zəruridir. Villa kompleksində avropalılar yaşayacaqsa, bəzi etik nüanslar və adət-ənənələr nəzərə alınaraq, orada ərəb ailələrinə ev satılmaması daha doğru olar. Araşdırmalarımız göstərir ki, çinli və alman turistlərin təqribən yarısı səyahət etdikləri ölkələrdə əmlak qiymətləri ilə gizlin maraqlanırlar. Ən ucuz əmlak qiymətləri hollandiyalıların, italyanların, ingilislərin, ispanların, portuqaliyalıların, suriyalıların, misirlilərin, yəmənlilərin və iranlıların diqqətini cəlb edir. 18-29 yaş qrupundakı türklərin 75 faizi xaricdə təhsil almaq və yaşamaq istəyir. Rus, ukraynalı, belarus, moldovalı, gürcü gənc qadınların təqribən üçdə biri əcnəbilərlə evlənməyə həvəslidir. İtalyanlar, ispanlar və iranlılar daha çox kirayə ev tutmağa üstünlük verirlər. Türkiyədə 2018-ci ilədək ən çox əmlak alan əcnəbilər Birləşmiş Krallıq vətəndaşları idi. Son 4 ildir ki, liderlik ərəb ölkələrindədir. Buna baxmayaraq, britaniyalılar Türkiyə vətəndaşı olmağa can atmırlar. Çünki Birləşmiş Krallıq pasportu vətəndaşlarına 185 ölkəyə sərbəst səyahəti təmin edir. Əgər bir əmlakçı ingilisə, irlandiyalıya, avstraliyalıya və italyana altında pivə və ya şərab pabı olan binada ev göstəribsə, elə həmin gün müsbət cavab alar. Rusların, ingilislərin, irlandiyalıların, isveçlilərin, norveçlilərin, avstraliyalıların təqribən 50 faizi qastronomik turizmin məşhur olduğu bölgələrdə yaşamağa üstünlük verirlər. Menyuda butik fabriklərdən şərab və pivə, manqalda kabab, balıq, məzələr və Aralıq dənizi məhsulları da varsa, onlar ev reklamlarına biganə qalmırlar. Amerikalılar qıyma kababını heç bir şəkildə ciddi qəbul etmirlər. Polşalılar yay tətillərini 5-6 ay əvvəldən rezervasiya edirlər. Birləşmiş Krallığın vətəndaşları getdikləri yerlərdə festivallarla çox yaxından maraqlanır və mədəni tədbirlərə ailəlikcə qatılırlar. Belçika vətəndaşları hava durumundan nəqliyyatadək hər şeylə maraqlanırlar. Dənizə girməyi sevən belçikalılar hər gün idman etməyi də unutmurlar. Muzeyləri gəzən ən çox avropalılar, koreyalılar və yaponlardır. Şərq ölkələrindən gələnlər, demək olar ki muzeyləri ziyarət etmir. Axşam əyləncələri ruslar, ingilislər, irlandiyalılar və avstraliyalılar üçün çox önəmlidir. Lüks avtomobil kirayəsi daha çox rusları maraqlandırır. Zəngin ərəblər ev aldıqdan sonra ya lüks avtomobil, ya da lüks yaxta alırlar. Bu avtomobil və yaxtalardan bəzən 2-3 il istifadə olunmur. Bəziləri yaxtalarını sürməsə də, onlardan gecələmək üçün istifadə edir. Sahillərdə suya girən ərəb turistləri çox nadir hallarda görmək mümkündür. Onlar da əsasən xristian ərəblərdir. Ərəb ölkələrindən gələnləri daha çox kababxanalarda, ticarət mərkəzlərində və klinikalarda görmək olar. Türkiyədə əmlak alan Yaxın və Orta Şərq vətəndaşları bank hesablarına adambaşına minimum 100 min dollar vəsait yatırırlar. Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərindən gələnlər ən az 3 bankda hesab açır və hesablarına ən az 1 milyon dollar pul yatırırlar. Yunan turistlərin ən çox ziyarət etdiyi ölkələr Bolqarıstan və Türkiyədir. Səbəbi yaxınlıq, ucuzluq, bənzər coğrafiya və türk mətbəxinə rəğbətdir. Rusların turpaket alarkən düşündükləri - dəniz, qum, günəş və əyləncədir. Ümumiyyətlə, Avropa, Orta Şərq və Asiyalı turistləri Türkiyəyə çəkən faktorlar bunlardır - qonaqpərvərlik, yüksək xidmət, tolerantlıq, yaxınlıq, asan viza almaq, azyaşlı uşaqların əylənməsi üçün yaradılan imkanlar, otel və restoranlarda hər dildə danışa bilən personal. Avropalılar və çinlilər həyatdan velosiped sürərək də həzz alırlar. Getdikləri yerdə internetin olması bütün turistləri maraqlandırır. Otel və restoranlarda Wi-Fi olub-olmaması ilk suallardan biridir. Türkiyə ilə bağlı sorğuya cavab verənlərin 98 faizi qardaş ölkəyə köçmək istəyini 4 səbəblə - günəş, iqlim, dəniz və milli mətbəxlə əlaqələndirir.