|
|
|
|
Fransa Ukraynaya pilotsuz uçuş aparatlarına qarşı istifadə üçün hava hücumundan müdafiə raketləri və əsgərlərinə xüsusi təlimlər keçəcəyinə söz verib.
525.az xəbər verir ki, Fransanın müdafiə naziri Sebastyen Lekornu "Le Parisien" qəzetinə verdiyi açıqlamada 2 minə yaxın Ukrayna əsgərinin Fransada təlim keçəcəyini bildirib: "Təəssüf ki, müharibənin davam edəcəyini düşünürük", - deyərək Lekornu əsgərlərin yetişdirilməsinin vacibliyinə diqqət çəkib. Lekornu Fransanın təklif etdiyi geniş hərbi təlimi "vacib addım" kimi qiymətləndirib. O bildirib ki, Ukraynaya göndərilmək üçün hazırlanan “Krotale” hava hücumundan müdafiə raket batareyaları pilotsuz uçuş aparatları və havadan bombardmanlarla mübarizədə təsirli olacaq.
Fransa prezidenti Emmanuel Makron oktyabrın 13-də Fransanın ukraynalıları özlərini müdafiə edə bilmələri üçün kəşfiyyat məlumatı verdiyini deyib. Fransanın Ukrayna-Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 18 “Sezar haubitsası” göndərdiyini və daha 6 ədəd göndərilməsi üçün çalışdıqlarını deyən Makron, Ukraynaya radar və zenit raketləri göndərəcəklərini də əlavə edib. Fransanın müharibənin ilk günlərindən Rumıniyada əsgər və hərbi texnika yerləşdirdiyini və şərqi Avropa ölkələrində hərbi mövcudluğunu xatırladan Makron: "Ukraynalıların özlərini müdafiə edə bilmələri üçün kəşfiyyat məlumatı veririk, amma bunun haqqında çox danışmamaq daha yaxşı olar", - deyib.
Məhəmməd Tağıyev