Qadın və peşəkar idman. Dünyanın hansısa vaxtında, ola bilsin, kimlər üçünsə təəccüblü görünə bilərdi. Amma uzun illərdir, bütün fəaliyyət sahələrində olduğu kimi, bu sahədə də böyük tərəqqi baş verib. Elə bir idman növü yoxdur ki, qadınlar onunla məşğul olmasınlar və yüksək nailiyyətlər əldə etməsinlər.
Ümumiyyətlə, idman qadın həyatında hansı rola malikdir? Bu mövzu ətrafında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının İdmanın təkmübarizlik növləri kafedrasının müəllimi, taekvondo üzrə Dünya və Avropa çempionu Fəridə Əzizova ilə həmsöhbət olduq.
- Fəridə xanım, peşəkar və təcrübəli qadın idmançı kimi qadınlar üçün idmanın əsas faydalarının nələrdən ibarət olduğu barədə nə deyə bilərsiniz?
- İdmanın bütün insanlara, o cümlədən də, qadınlara bir çox faydaları var. İdman insana ilk növbədə nizam-intizamlı, daxilən daha güclü olmaq üçün enerji verir. Qadınlarda isə idman özünə güvən yaradır. Son zamanlar statistikaya görə, qadınların idmana marağı çoxalıb və bu, ürəkaçan bir haldır. Həm professional idmanla məşğul olanların, həm də trenajor zallarına gedən xanımların sayında artım var. Onlar öz görünüşlərinə və sağlamlıqlarına görə daha çox idmana üstünlük verirlər. Professional idmanla məşğul olan xanımlar da, təbii ki, öz karyeralarında uğur qazanmaq üçün bu yolda irəli getməyə çalışırlar.
- Ölkəmizdə qadın və kişi idmançılara göstərilən diqqət eyni səviyyədədirmi?
- Bəli, həm qadınlara, həm də kişilərə dövlət tərəfindən, dövlət başçısının qərarı ilə idman qurumları tərəfindən göstərilən diqqət eynidir. Yəni qadın və kişi idmançılarını bir- birindən ayırmırlar.
- İdmanda ilk addımlarınızı atarkən yarışlarda belə yüksək göstəricilər əldə edəcəyinizi, Azərbaycanın seçilən qadın idmançılardan biri olacağınızı gözləyirdinizmi?
- Mən kiçik yaşlarımdan hiperaktiv uşaq olmuşam. İdmana yeni başlayanda təbii ki, heç kim bilə bilməz ki, gələcəkdə yüksək nəticələr qazanacaq. Amma artıq 10 yaşımdan milli komandanın üzvü olarkən öz üzərimə düşən məsuliyyəti və kim olmaq, harada olmaq istədiyimi anlayırdım. Elə o vaxtlardan uğur qazanmaq üçün ciddi məşqlər etməyə başladım.
- Bir çox valideynlər və ailələr qız uşaqlarını idmana qoymağın tərəfdarı deyil. Bunun səbəbini nədə görürsünüz? Böyük uğurlar qazanmış bir idmançı qadın kimi o valideynlərə nə demək istəyərdiniz?
- Bu sualınızla çox vacib bir məqama toxundunuz. Həqiqətən də bəzən valideynlər uşaqların arzularına kiçik yaşlardan qadağalar qoymaqla onların gələcəyini əllərindən almış olurlar. İdman ilk növbədə sağlamlıqdır. İkincisi, uşaqlar idmanla məşğul olanda böyüyəndə də həyatda daima mübarizə aparmağı öyrənirlər. İdman hər zaman mübarizə aparmaq hissi aşılayır. Həm hə, fərqi yoxdur, qız, ya oğlan, uşaqlar idmanla məşğul olmaqla pis vərdişlərdən də uzaq olurlar. Bundan əlavə, onlar idman yarışlarına getdikləri ölkələri tanıyırlar, onların mədəniyyətlərini öyrənirlər ki, bu da onların dünyagörüşünü artırır. Dediyiniz kimi, elə valideynlər var ki, qız uşaqlarının idmana getməsini istəmirlər, amma son vaxtlarda şükürlər olsun ki, bu tendensiya aradan qalxır və belə düşünən insanların sayı azalır. Hər hansı bir sahəni seçərkən insana cinsiyyətinə görə fərq qoymaq düzgün deyil, hər kəs öz sevdiyi və istədiyi işlə məşğul olsa, daha yaxşıdır.
- Bəs sizdə necə, idmana gələrkən sizə qadağalar olubmu?
- Bəli, ilk başlarda idmana başlayanda valideynlərim tərəfindən yox, amma qohumlarım tərəfindən bəzi anlaşılmazlıqlar var idi. Daha sonra artıq milli komandaya dəvət alandan və nəticələr üzə çıxandan sonra bu məsələlər aradan qalxdı. İdmana həkim məsləhəti ilə gəlmişəm. Səhhətimdə bəzi problemlər olduğu üçün 6 aylıq realibitasiyada oldum və ayaqlarımın hərəkətdə olması üçün hansısa idman növü ilə məşğul olmağım məsləhət görüldü. Həmin ərəfələrdə rayonumuzda taekovonda üzrə döyüş kursları açıldığına görə ora yazıldım. 6 ay reabilitasiya bitdikdən sonra valideynlərim dedi ki, artıq idmanı dayandırmalısan. Mən onlara qarşı çıxdım və bu idman növünü çox sevdim, professional şəkildə məşğul olmağa başladım. Düzdür, valideynlərim öncələr istəmirdilər davam elətdirim, amma idmana olan sevgimi, yarışlara qatılıb qazandığım medalları görəndən sonra yavaş-yavaş qadağalar aradan qalxdı.
Havar ŞƏFİYEVA