Azərbaycanın böyük mütəfəkkiri Seyid Yəhya Bakuvinin (Şirvani) vəfatının 550-ci ildönümü münasibətilə UNESCO tərəfindən 2013-cü il "Seyid Yəhya Bakuvi ili" elan edilmişdi. Beynəlxalq Mətbuat Mərkəzində ötən il ərzində keçirilmiş tədbirlərə yekun vurulub.
Əvvəlcə müvafiq ildə görülmüş işləri əks etdirən videoçarx nümayiş olunub. Mərasimdə çıxış edən professor Qafar Cəbiyev 2013-cü ildə respublikamızda və xarici ölkələrdə dövlət, ictimai, təhsil qurumları tərəfindən keçirilən çoxsaylı mədəni-maarifləndirici tədbirlərdən söz açıb: "Bu tədbirlərə Mədəniyyət və Turizm Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyi, "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Azərbaycanda Atatürk Mərkəzi, Türkiyənin Təhsil Nazirliyi və digər qurumlar qoşulub".
Çıxışlarda böyük mütəfəkkirin həyatı və fəaliyyətindən bəhs edən nəşrlər haqqında məlumat verilib: "Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən UNESCO-nun Parisdəki baş mənzil-qərargahında, Mədəniyyət və Turizm Nazirliyi və AMEA-nın Fəlsəfə və Hüquq İnstitutu tərəfindən Bakıda konfranslar keçirilib. Digər tədbir isə Türkiyə və Azərbaycanın Təhsil nazirliklərinin dəstəyi ilə keçən ilin noyabrında Əskişəhərdə, onun ardınca Bakıda baş tutan "Qafqazdan Anadoluya mədəniyyət körpülərimiz: Seyid Yəhya Bakuvi və xəlvətilik" simpoziumu olub. Həmçinin Gürcüstanda, Bosniya və Herseqovinada tanıtım tədbirləri keçirilib.
"Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə bölgələrdə Seyid Yəhya irsinə dair seminarlar təşkil olunub".
Beynəlxalq Mətbuat Mərkəzində keçirilən yekun tədbir çərçivəsində, həmçinin müvafiq nəşrlər sərgilənib.
S.ABDULLAYEVA



