Kürdəmir rayon mərkəzi kitabxanasının və AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Aran Regional Şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Hüseyn Arifin 90 illik yubileyi qeyd edilib. Rayon mərkəzi kitabxanasında keçirilən tədbirdə Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Aran regional şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Əşrəfova açaraq Hüseyn Arifin həyat və yaradıcılığından geniş söhbət açıb: "Hüseyn Arif yaradıcılığa Böyük Vətən müharibəsi illərində başlayıb, xalqımızın zəngin bədii-poetik irsi zəminində dəyərli əsərlər meydana gətirmiş və milli ədəbiyyatımıza töhfələr verib. Şairin əsas qayəsi Vətənə məhəbbətin, mənəvi-əxlaqi zənginliklərin təbiət gözəllikləri ilə vəhdətdə tərənnümündən ibarət olan yaradıcılığı bu gün də gənc nəslin tərbiyəsində öz əhəmiyyətini qoruyub saxlayır".
Yubiley tədbirində Kürdəmir rayon mərkəzləşdirilmiş kitabxana sistemi direktorunun müavini İradə Mahmudova "Hüseyn Arifin poeziya aləmi" mövzusunda təqdimatla çıxış edib.
Tədbir boyu kitabxananın oxucuları Hüseyn Arifin şeirlərindən nümunələr söyləyib, görkəmli müğənnilərin ifasında onun sözlərinə yazılmış mahnıların lent yazıları dinlənilib. Yubiley tədbiri çərçivəsində "Hüseyn Arif - 90" mövzusunda sərgi nümayiş etdirilib.
S.ABDULLAYEVA



