|
|
|
|

Dərin-dərin düşünməyi bacaran və sevən adamlar ən duyğulu anlarında yaşadıqlarını, istər-istəməz, mənalı cümlələrlə ifadə edirlər. O düşüncələri yazan da olur, yazmayan da, məsələn, hikmətli kəlama, hekayətə, şeirə və s. çevirən də olur, çevirməyən də. Duyğularını kağıza köçürməyənlər, bəzən hətta heç dilinə gətirməyənlər isə o yaşantılardan doğan düşüncələrini beyinlərinə, ürəklərinə yazırlar. Cərgələnən fikirlərin izi, cizgisi qalır insanların ömür dəftərlərində. Yaşantılar nəticəsiz, bəhrəsiz qalmır yəni. Qala bilməz, çünki…
Atamdan eşitdiyim bir izahatla məsələnin «çünki»sini daha aydın söyləyə bilərəm, - deyə düşündüm…
Bir dəfə bağımızda ətrafı seyr edirdim. Diqqətimi bir şey çəkdi: eyni bitkidən iki yerdə – həm gündöyəndə, həm də kölgəlikdə vardı. Daim gün düşən yerdə bitmiş xırdaca, barmaq boyda bitki çiçəkləyib toxumlamışdı, o biri isə iki qarış uzanmışdı, amma güldən-toxumdan əlamət yox idi. Bu fərqin səbəbini ucundan-qulağından bilsəm də, ixtisasca aqronom olan atamdan soruşmaq qərarına gəldim. Atam, ümumiyyətlə, çox məlumatlı, bilgili və son dərəcə aydın düşüncəli bir insan idi. Bitkilərlə bağlı məlumatları da o qədər gözəl, sevə-sevə izah edirdi ki, onun təbiətə aşiqliyi adamda elə təbiəti özü qədər sehirli duyğular oyadırdı. Atamın sualıma verdiyi geniş cavabın, mənalandıra-mənalandıra söylədiklərinin qısa özətini heç unutmadım: barmaq boyda olduğu halda, bar verən bitki hərarətdən məhv olacağını hiss etdiyi üçün tezcə çiçəkləyib toxum verirmiş – nəslinin yaşamını davam etdirsin deyə; kölgədə bitənin isə belə bir dərdi olmadığı üçün gen-bol böyüyə bilərmiş və onlar çox vaxt hətta çiçəkləməz, çiçəkləsə də toxumlamağa imkan tapmazmışlar…
Məna və mahiyyətcə uyğun gələn hallarda yadıma düşən o söhbəti indikilərin yazdığı bəzi «şeirləri» oxuduqca da xatırlayırdım. «Niyə»sini anlaya bilmirdim. Amma bir gün başa düşdüm o söhbəti niyə xatırladığımı. Sən demə, yaşantıların bəhrəsiz qalmadığının izahı varmış atamın ediklərində. Belə ki, gerçək imkanı bitən və məhv olacağını hiss edən o bitki kimi, duyğu vədüşüncələrinin qaynarında itib-batacağını anlayan insan bar verir böyük və ədəbi Söz şəklində. (Məlumdur ki, bütün yaradıcılıqlar elə bu halın nəticəsidir və hər cür əsər də yaşamın cövhərini anladan böyük Sözdür, əslində). Qısaca desək, insani, ruhani yaşantılar bəhrəsiz qalmır, qala da bilməz, çünki onlar, o bəhrələr insanın xilasıdır, həm özünün, həm də ümumən insanlığın davamı üçün, bir növ, təbii çarədir, xilas körpüsüdür.
Bəs özünü yenilikçi bilənlər, şeir-sənət baxımından ortaya atılan hər təzə gedişatı yenilik bilib arxasınca düşənlər necə davranırlar? Düyğuları azacıq qımıldanan kimi, nə gəldi, necə gəldi yazırlar, eləcə də meydana qoyub, adına «şeir» deyirlər. Bu yazıları oxuyanda anlayırsan ki, gözəl, duyğulu anlar yaşanıb, amma nə o duyğular təntidib insanı, nə düşüncə yandırıb-yaxıb, nə də lazım olan zəhmət çəkilib (hələ istedad, yeni nəfəs qalsın bir yana), elə bir-iki babat ifadənin ucu görünən kimi, sarılıblar qələmə. Bəzi yazılarda gördüyümüz çox maraqlı ifadələrdən o da anlaşılır ki, gözəl şeirlər olarmış həmin tapıntılardan – yetərincə səbrli davranılsaydı, zəhmət çəkilsəydi, biçim qaydalarına əməl olunsaydı. Hayıf olur o duyğular, o tapıntılar… İnsafdandırmı? Şeir – maraqlı sözlərin yalnızca misrayaoxşar sətirlərlə ifadəsi deyil, axı! Müəyyən mizanlara, qanunlara uyğun şəkildə gerçəkləşdirilən bədii söz sənətidir. Bir yazının dastan və ya nağıl, pyes və ya roman olması üçün şərtlər gərəkən kimi, şeir olması üçün də şərtlər var ki, onların da başında qafiyə gəlir. Qafiyəsiz yazını şeir saymaq – naxışsız, bəzəksiz toxumanı xalça saymaq kimi bir şeydir. Ya da bu ona bənzəyir ki, rəngbərəng ipləri kəndirdən asıb, «xalça» deyə təqdim edəsən. O iplərdən (şeir kimi sözlərdən) maraqlı bir şey əmələ gətirmək mümkündür, amma o, artıq sənin əsərin olmayacaq. Şeirə bu qədər yanlış münasibətdəndir ki, «Mən birdəfəyə yazıram, təkrar işləmirəm», - deyənlər var. Doğrudur, belə istisna hallar olur, amma «istisnalar qaydanı pozmaz». Qayda isə birdir: yazılanın sənət əsəri olması üçün bədiyyatın qanun-qaydaları ilə cilalamaq, dönə-dönə işləmək, yəni çox zəhmət çəkmək lazımdır. Yeni biçim iddiası olsa belə, bu tələblər ödənməlidir. Anlayırıq ki, yenilik axtarışı təbiidir, amma ortaya hər hansı yenilik qoyan varmı? Görünən odur ki, düşündüklərini həm öz istədikləri kimi, həm də şeirin biçilən (forma) tələblərinə əməl edərək yazmağa, yəni forma-məzmun vəhdətini qurmağa gücü yetməyənlər beləcə, şeirə oxşamayan «şeirlər» yazır, qınaqdan qaçmaq üçün də bədiyyatın qanunlarını suçlayırlar. Halbuki «Forma məzmunu becərir» (Asif Ata). Becərmək, ortaya urvatlı bar-bəhər çıxarmaq isə zəhmət tələb edir. Özünü şair sayan bilməlidir ki, şeir – insanların ürəyində çox aydın, inandırıcı duyğular, beynində isə çox gözəl, yaşama ahəng qatan fərqli düşüncələr, fikirlər yaratmalıdır ki, bunu da, heç şübhəsiz, biçim gözəlliyi təmin edir. O gözəlliyin – biçim hikmətinin haqqını vermək əvəzinə, arsız-artız: «Dağıdıram!» - deyə qürrələnən var. Niyə dağıdır ki? Adamın dərdi nədir? Millətin yaratdığını dağıtmaq, bunu da bir hünər bilmək sağlam düşüncədən uzaq davranış deyilmi? Antiinsani, antimilli olanı dağıdarlar, yerinə də uyğununu, gözəlini, düzgününü yaradarlar. Hanı yaradılanlar? Hər cür «post…»ların, nə bilim, hansısa «…izm»lərin izinə düşüb haracan gedəcəyik, əcəba?
Qafiyə ilə öcü olanların iradlarına rəvac verən bir hal da var: maraqlı fikirləri, müdrik kəlamları sadəcə olaraq nəzmə çəkmək ümumən bədiyyət sayılır, amma elələri var ki, şeirin qayda-qanunlarını öyrənib ala-babat, hətta bəzən mənasız ifadə və cümlələri nəzmə çəkib adına da «şeir» deyirlər və bu, bədiyyatçıları təbdən çıxara bilir. Ancaq bu, o demək deyil ki, belələrinə inad olaraq şeirə çevirən o gözəlim qanunları inkar elmək lazımdır. Unutmaq olmaz ki, biçim gözəlliyindən məhrum yazı bədii ədəbiyyat deyil. Şeir da eləcə. Yox, əgər birisi öz ağlında olanları könlündən keçən kimi yazmaq istəyirsə, buyursun, «yazma» deyən yoxdur, sadəcə, o yazdıqlarına «şeir» deməsin, çünki şeir, söylədiyimiz kimi, bəlli sistemə malik söz yaradıcılığıdır. Bu sistemin də müəyyən qaydaları, tələb-təyinləri var ki, onların da adı vəzn, qafiyə, heca, bölgü, ahəng (hər birinin də nə qədər növü) və sairədir. Bu deyilənlər yoxdursa, o yazılanlar şeir deyil, hər nədirsə, başqa şeydir… Yeri gəlmişkən, adlar təklif edə bilərəm: duzgu, söyləm, məqamə… Doğrudan da həmin yazılarda ürəkdən keçənlər, sadəcə, düzülür, ağlagələnlər, sadəcə söylənir, cürbəcür incə məqamlar, sadəcə ifadə edilir…
… Təəssüf ki, sənətin bütün sahələrində belə üzücü durum yaranıb. XX əsrdən üzübəri gələn fəlakətdir: ümumən sənətdə olan məktəbləri bəyənmirlər, yeniləri da yaranmır. Boğulmaq təhlükəsi ilə üz-üzə qalmış sənət yalnız ara-sıra bu gedişata məhəl qoymayanların, yəni məktəblərdən öyrəndiklərini tətbiq etməklə bənzəri olmayan əsərlər yaradan müasir düşüncəli fitri istedadların hesabına nəfəs alır. Demək ki, hər hansı sənətin ana qanunlarına söykənən bəlli qaydaları ilə müasir, yeni əsər yaratmaq üçün (məsələn, şair Akif Səməd, rəsam Sakit Məmmədov kimi) fitri istedad, büsbütün yeni nəfəs, bir də zəhmət çəkməyə sonsuz güc verən inam, insana və bəşərə böyük sevgi olmalıdır. Bunlar yoxdursa, istənilən fəaliyyət, sadəcə, fəaliyyətdir, yaradıcılıq deyil…
Sonda bir qeyd: Şeir kimi yazmaqla şeir yazmağı ayırd edənlər, başqa sözlə, yazıda nəzərdə tutulanlarla şairləri qarışdırmayanlar nə demək istədiyimi anladılar, şübhəsiz. Yeniliklərə və sərbəst vəznə (ki, burada yerinə görə, ahəngə uyğun qafiyələr müiləq olur) qarşı deyiləm. Sadəcə, Qərbdən (çox vaxt da Türkiyənin əli ilə) qarşısıalınmaz şəkildə axan, axıdılan və bir çoxu da təəssüf ki, sevə-sevə qəbul edilən yad və yanlış şeylərdən ilk növbədə Sözu – dili və ədəbiyyatı çox ciddi şəkildə qorumağın tərəfdarıyam. Çünki onlar mədəniyyətin, mədəniyyət isə millətin əsas və təkzibedilməz sütunudur.
İNAMNUR



