Raqub KƏRİMOV
Filologiya elmləri doktoru, professor
XIX əsr Qarabağ ədəbi mühitinin yetirməsi olan Xurşidbanu Natəvanın irsi hələ XX əsrin əvvəllərində tədqiqatçıların diqqətini çəkib, əsərləri günümüzə qədər dəfələrlə nəşr edilib. Bu ənənəni uğurla davam etdirən istedadlı yazıçı-publisist Mustafa Çəmənlinin təşəbbüsü ilə Xurşidbanu Natəvanın əsərləri yeni əlavələrlə 2012 və 2022-ci illərdə nəfis şəkildə nəşr olunub. Onun 2022-ci ildə yüksək paleoqrafik ustalıq, əsl tədqiqatçı səriştəsi ilə nəfis şəkildə tərtib edərək ön sözlə nəşrə hazırladığı ikinci kitab ("Neçin gəlməz") sözün həqiqi mənasında Natəvan ilində onun xatirəsinə həsr edilmiş ən gözəl kitabdır. Açığını desək, ədəbiyyatımız tarixində Natəvanın irsi XX əsrin əvvəllərindən günümüzə qədər müxtəlif şəxslər, ən görkəmli alimlər tərəfindən tədqiq olunaraq dəfələrlə nəşr edilsə də, istər məna və məzmun, istərsə də tərtibat və mündəricə baxımından Mustafa Çəmənlinin ərsəyə gətirdiyi "Neçin gəlməz" kitabı onlarla müqayisədə yüksəkdə dayanır. Burada diqqəti çəkən başlıca cəhət ondan ibarətdir ki, Mustafa müəllim Natəvanın əsərlərinin keçmiş nəşrlərində yol verilmiş xətaları tamamilə aradan qaldırıb, ədibin yaradıcılığı və onun ictimai mühitdəki mövqeyini oxucuların tam başa düşməsi üçün şairə haqqında müxtəlif zamanlarda - Zakirdən tutmuş müasir yazarlarımıza qədər əksər şairlərin ona ithaf etdikləri şeirləri kitaba daxil edib. Onun Natəvanın həyat və yaradıcılığı haqqında oxucuda geniş təsəvvür yaratmaq üçün kitabda ayrı-ayrı başlıqlar altında şairənin ailə münasibətləri, övladları, yaxın dostluq və yaradıcılıq əlaqəsində olduğu insanlarla münasibətini, məişətdə, cəmiyyətdə gördüyü işləri əks etdirən məqalələr verməsi də kitabın orijinal xüsusiyyətlərindəndir. Kitabın orijinallığı bir də ondadır ki, tədqiqatçı ilk dəfə olaraq Natəvanın "Gül dəftəri"ni də əsərə daxil edib və bununla da şairin bütün külliyyatını tam şəkildə oxuculara təqdim edə bilib.
Xurşidbanu Natəvan məşhur şair olmaqla yanaşı, ədəbi ictimaiyyətdə rəssam kimi də tanınırdı. Şeirlərindən fərqli olaraq şairənin rəsm əsərləri toplu şəkildə gəlib bizə çatıb. Natəvanın özü tərəfindən tərtib olunub və şərti olaraq "Gül dəftəri" adlandırılan bu cüngdə cildin üzərindəki işləmələr də daxil olmaqla 38 rəsm əsəri verilib. 228 səhifədən (109 vərəq) ibarət olan "Dəftər"in 134 səhifəsi ağ boş saxlanıb, birinci səhifədən 58-ci (v. 29a) səhifəyə kimi əsasən dini məzmunlu müxtəlif şeirlər, həmin səhifədən sonra isə şairənin rəsm əsərləri verilib. "Dəftər"də həmçinin müxtəlif xətt nümunələri ilə verilmiş şeirlər də yer alır. Təbii ki, Xan qızı dünyasını dəyişdikdən sonra onun digər qiymətli əşyaları kimi böyük sevgi ilə tərtib etdiyi bu əsər də əldən-ələ keçib, müxtəlif zamanlarda müxtəlif şəxslər "Dəftər"ə müdaxilə edərək öz şeirlərini oraya yazıb və bununla da əsərin orijinallığına ciddi xələl gətiriblər. Hesab olunur ki, Natəvan dünyasını dəyişdikdən sonra "Dəftər" bir müddət Mirzə Rəhim Fənada qalıb. Natəvanın və ona yaxınlarının şeirlərini gözəl dəst-xətti ilə "Dəftər"ə köçürən M.R.Fəna şairənin oğlu, yaxın dostu Mehdiqulu xan Vəfanın şeirlərini yazarkən başlıqda verdiyi "Mərhum Mehdiqulu xan Vəfanın şeiri" qeydindən məlum olur ki, həmin şeirlər Mehdiqulu xanın vəfatından, yəni 1901-ci ildən sonra oraya əlavə edilib. Bu fakt "Dəftər"in həmin tarixə, bəlkə də bir müddət sonraya qədər M.R.Fənada olmasını təsdiq edir. "Dəftər"in daha sonra kimlərdə olmasını dəqiq demək mümkün olmasa da, orada mövcud olan 10-a qədər xətt nümunəsindən məlum olur ki, mənbə əldən-ələ keçib və orijinallığını itirib.
Natəvanın çox qiymətli yadigarı olan "Gül dəftəri" ikinci zərbəni bərpa zamanı alıb. Bərpadan sonra məlum olub ki, bəzi vərəqlərin yeri dəyişdirildiyi üçün ardıcıllıq pozulub, ciddi yerdəyişmələr nəticəsində anlaşılmazlıq yaranıb.
Natəvanın "Gül dəftəri" uzun müddət qohumları tərəfindən evdə, şəxsi arxivlərdə saxlanılıb. Onun üz cildinin içəri səhifəsində əski əlifba ilə yazılmış bir qeyddən məlum olur ki, cüng 1924-cü ildə Xudu Xuduzadə adlı şəxs tərəfindən Ali Pedaqoji İnstitutun kitabxanasına hədiyyə edilib. Sonralar isə öyrənilməsi, tədqiqi və saxlanması üçün AMEA Əlyazmalar İnstitutuna verilib. Əsər hazırda M-117-ci şifrə ilə həmin müəssisədə mühafizə olunur.
Natəvanın "Gül dəftəri"ndə olan rəsm əsərləri müəyyən qədər tədqiq olunsa da, oradakı şeirlər tədqiqatdan kənarda qalmışdı. Araşdırmalar zamanı məlum oldu ki, orada Natəvanın mətbu əsərinə daxil olmayan üç şeiri verilib. Bunlardan ikisinin möhrə bəndində Natəvan kunyəsi göstərilsə də, biri "Kənizi-Fatimə" kunyəsi ilə verilib. Bu titul Natəvana xalq tərəfindən verilmişdi. Bu adın ona verilməsinin kiçik bir tarixçəsi var: Məlum olduğu kimi, Natəvanın atası Mehdiqulu xanla əmisi oğlu Cəfərqulu xan arasında uzun müddət hakimiyyət uğrunda qızğın mübarizə getmişdi. Lakin onların arasında olan münaqişələrə baxmayaraq, Cəfərqulu xan əmisi qızı Natəvanın xətrini çox istəmiş və ona ehtiramla yanaşmışdı. Natəvana "Kənizi-Fatimə" adını da o vermişdi. Mənbələrin verdiyi məlumata görə, Natəvan da əmisi oğluna ehtiramla yanaşaraq həmişə onun yolunu saxlayıb. Cəfərqulu xan həm də şair idi, "Nəva" təxəllüsü ilə şeir yazırdı. Əsasən satirik üslubda şeirlər yazan Cəfərqulu xan Nəvanın Q.Zakir, M.F.Axundov, Aşıq Pəri və başqa müasirləri ilə müşavirələri olub. Onun Natəvana yazdığı bir beyt şeiri dillər əzbəri olub və Natəvana olan məhəbbətinin təzahürü kimi qiymətləndirilib. Natəvan həmin beyti yüksək qiymətləndirərək onu üzüyünün qaşına həkk etdirmişdi. Beytin mənası belədir:
Fatimənin kənizi Xurşidbanu
Mələklərlə diz-dizə oturar
Bu hadisədən sonra xalq ehtiram əlaməti olaraq ona "Kənizi-Fatimə" kimi də müraciət etmişdi.
Kitabda görkəmli etnoqraf, AMEA-nın müxbir üzvü Məşədixanım Nemətovanın "Şuşa xanı İbrahimxəlil və övladlarının epitafiyaları" adlı məqaləsinin verilməsi də təqdirəlayiqdir. Alimin tədqiqatları nəticəsində Pənah xanın məzar başdaşının AMEA Tarix Muzeyində olması, Mehdiqulu xanın, eləcə də onun adı qeyd olunmamış bir övladının epitafiyası haqqında da məlu-mat verilib. Xatırladırıq ki, Mehdiqulu xanın Natəvana qədər hansısa bir övladı olması barədə heç bir mənbədə məlumata təsadüf etməmişik. Əldə olan bəzi şifahi məlumatlara görə, Natəvana qədər Mehdiqulu xanın iki oğul övladı da olmuş və onların hər ikisi kiçik yaşlarında vəfat etdikləri üçün tarixçi və təzkirəçi alimlərin nəzərindən yayınmışdı. Deyilənə görə, onlardan birincisinin adı İbrahimxəlil, ikincisinin adı isə Xəlil olmuşdu. Məşədixanım Nemətovanın bu məqalədə yazdıqları həmin məlumatın doğru olduğunu təsdiq edir. Epitafiyadan görünür ki, bu məzar həmin uşaqlardan birinin, çox güman ki, Xəlilin məzarı imiş. Epitafiyada onun 1244 (1828/29)-cu ildə vəfat etdiyi göstərilir.
Məqalədə Xurşidbanu Natəvanın və onun oğlu Mehdiqulu xan Vəfanın da epitafiyası verilir. Orada Natəvanın ölüm tarixi 8 oktyabr 1896-cı, oğlu Mehdiqulu xanın isə 8 sentyabr 1900-cü il kimi göstərilir. Belə bir faktın əldə olmasına baxmayaraq, tədqiqatçılar nədənsə onu nəzərə almamış, Natəvanın ölüm tarixini 1 oktyabr 1897-ci il, Mehdiqulu xan Vəfanınkını isə 1901-ci il kimi qeyd etmişlər. Eynilə belə bir anlaşılmazlıq Natəvanın atası Mehdiqulu xanın vəfat tarixi ilə əlaqədar baş verib. Onun da vəfat tarixi tədqiqat əsərlərində 15 may 1845-ci il göstərildiyi halda, epitafiyada 7 iyul 1845-ci il kimi verilib.
Natəvanın epitafiyasında onun xeyirxah, dövranın uca ulduzlu, yadigarı olduğunu, lakin "candan doyub ürəyi dağlı dünyadan getdiyi" qeyd olunur.
Məqalədə göstərilir ki, 40 il bundan əvvəl Ağdamda məzarlıq ərazisində bağ salındığı üçün iki türbə binası və onların yanında Natəvanın məzarından başqa heç bir abidə qalmayıb. Alimin bu məlumatından hiddətlənən Mustafa Çəmənli haqlı olaraq etiraz səsini ucaldaraq bunu sahiblik hissimizin zəifliyi, qədirbilməzliyimiz kimi qiymətləndirir: "Bu sətirləri oxuyanda təəssüflənməyə bilmirsən. Çünki bu övliya qəbiristanlığında basdırılanlar Azərbaycanın tarixində, mədəniyyətində, ictimai-siyasi həyatında rolu olan insanlardır. Bağ salmaq üçün başqa bir məkan da seçmək olardı. Azərbaycanı öz müstəmləkəsi hesab edən Çar Nikolayın "bütün məscidlərin və görkəmli şəxsiyyətlərin məzar daşları və digər kitabələr tədqiq edilsin və çap olunsun" göstərişi ilə bizim tarixi irsimizə münasibətimizi tərəziyə qoyanda qədirbilməzliyimizə, sahiblik hissimizin zəifliyinə təəssüflənməmək olmur".
Natəvanın həyatı ilə bağlı oxuculara az məlum olan bəzi maraqlı hadisələrin kitaba daxil edilməsi də təqdirəlayiqdir. Tədqiqatçı "Natəvan irsinin sorağında" başlığı altında verdiyi bir yazıda Zülfüqar və Üzeyir bəy Hacıbəyovlarla bağlı maraqlı məlumat verir. Sənədin adı "Şəhadət"dir. Burada Zülfüqar Hacıbəyovun verdiyi məlumatı qardaşı Üzeyir bəy təsdiq edir (yəni onun doğruluğuna şəhadət verərək şahidlik edir). Sənədin ümumi məzmunu belədir:
Şəhadət
(Qeyd)
Keçmişdə verdiyim qeydə əlavə olaraq təsdiq edirəm ki, 1896-cı ildə mən qardaşım Üzeyir Hacıbəyovla bərabər, Stalin yoldaşın doğma vətəni olan Qori şəhərindəki müəllimlər məktəbinə imtahan vermək üçün Tbilisi şəhərinə yola düşərkən əmimiz Hacıbəy Hacıbəyovun vasitəsi və mü-şayiəti ilə o vaxt xan qızı Xurşidbanu bəyimin (Natəvanın) yanına getdik ki, bizə xeyir-dua versin.
Xan qızı isə öz Quranını götürüb mənim və Üzeyirin üzünə vərəqlədi, qulağımıza həmin Qurandan bir ayə oxuduqdan sonra ikimizi də Quranın altından keçirib hərəmizin əlinə bir tikə çörək kəsdi verdi.
Bunu dübarə təsdiq edirəm ki, Natəvanın nəticəsi olan Leyla Xasay qızı Usmiyevada olan Quran həmin Natəvanda gördüyüm Qurandır. Bu Quran Natəvanın özünə məxsus olduğuna görə yaxın adamları səfərə gedəndə həmin Qurandan ayələr oxuyub onlara xeyir-dua verərdi.
Azərbaycan SSR İncəsənət Xadimi
Zülfüqar Hacıbəyov
Qardaşım Zülfüqar Hacıbə-yovun yuxarıda göstərdiyi qeydləri təsdiq edirəm.
Stalin mükafatı laureatı, kompozitor, SSRİ Xalq artisti
Üzeyir Hacıbəyov
Bu sənədi kitaba daxil etməklə yazıçı Xurşidbanu Natəvanın nə qədər səmimi, insanpərvər, xeyirxah bir insan olduğunu oxucusuna çatdıra bilib. Burada Natəvanın el anası, ağbirçək, həmçinin xeyirxah, çalışqan, ehtiyacı olanlara əl tutan, mənəvi ehtiyacı olanlara təsəlli verən bir insan olduğu nümayiş etdirilir. Bununla yanaşı, xalqımızın nəcib el adət-ənənələri də burada məha-rətlə göstərilir.
(Ardı var)