|
|
|
|
O danışır... O danışmır... O, 32 il əvvəlki dərdini, bəlasını bir də yaşayır... O, 32 il əvvəlki dərdini, bəlasını bir də yaşamır, o dərd-bəlayla bir də ölür, bir də məhv olur, ürəyi bir də tikə-parça olur, gözlərinin yaşı dayanmır. Xatırladıqlarını danışdıqca rəngi bozarır-qaralır, üzünün hər əzası gərilir, titrəyir. O, bir də ölür - gözünün qabağında diri-diri yandırılan qardaşı kimi - "beş bacının tək qardaşıydı", - deyib yenə ah çəkir, fəğan qoparır. O, bir də ölür - əsirlikdə başı kəsilən həyat yoldaşı kimi - "yoldaşımın başını əski-üsküyə bükülmüş halda qabağıma tulladılar", - deyir, için-için ağlayır. Hə, o, bir də ölür - boyeviklərin iri-iri əllərilə basıb-basıb qarnından çıxardıqları balası kimi... 7 aylıq hamiləymiş o zaman, "göbəyini dartıb kəsib top kimi tulladılar uşağı yerə", - deyir, - "atın, donuzlara yem olsun", - dedilər, oğlan imiş qarnındakı... O danışır... "Bu illəri necə yaşamışam", - deyə sual dolu baxışlarıyla bizə baxır... O danışır. Mən heç. Mən yoxam. Kamera arxasında için-için ağlayıram. Aman, hıçqırtım kameraya düşməsin deyə əlimlə ağzımı qapatmışam. Oturduğum yerdə büzüşüb bükülüb yumağa dönmüşəm, dik baxa bilmirəm qadına, halbuki dümdüz oturub tərpənməməliyəm, qəhrəmanın baxışları bir nöqtəyə zillənməlidir axı, kamera səviyyəsindən enməməlidir aşağı, o mənə baxmalıdır, bu sətirlərin və o filmin ssenari müəllifinə.
Başımı qaldıranda bizim uşaqlara sataşır gözüm - AzTV-nin çəkiliş qrupuna - filmin rejissoru, özü boyda enerji topası, Pərviz Həsənovun gözləri dolub, sönüb Pərviz, operator Elxan Rüstəmov hisslərini gizlətmək üçün kadra fokuslanmış kimi göstərir özünü, amma yoxdur, sönüb o da. Əlabbas Qasımov - onun işi lap zülmdür - səs rejissorudur axı, bizim dinlədiklərimiz birbaşa onun qulağına, beyninə işləyir. Bu, yaradıcı heyətin ən ağır çəkilişlərindən biridir. Telefilmin bu heyəti olub ki günlərlə çöldə-biyabanda çəkilişlər edib, fiziki əziyyətlər görüb, amma bunca mənəvi əzab... olmayıb... yox, olmayıb.
Kamera qarşısında danışan - Xocalı sakini Elmira Kərimovadır. Uzun illər erməni vəhşiliyindən söz düşəndə ən dəhşətli faktları ki söyləyirdik, "onlar hamilə qadının qarnından diri-diri balasını çıxarıb məhv elədilər gözünün qabağındaca" deyirdik ha, bax həmin qadınlardan biridir qanlı Xocalının günahsız sakini Elmira Kərimova. "Bakıda son çərşənbə" sənədli televiziya filminin üç dərdli qəhrəmanından biri.
lll
Elə mövzular var ki, Azərbaycan Televiziyası hər il yenidən o mövzulara qayıdır: Qarakənd faciəsi, Xocalı qətliamı, 20 Yanvar faciəsi... Bu tarixi hadisələr hər dəfə fərqli rakurslardan işıqlandırılır, yeni qəhrəmanların xatirələri yeni müəllif yanaşmaları ilə təqdim olunur. Bu dəfə "Telefilm"in direktoru Elçin Musaoğlunun məsləhətilə Bakıda son çərşənbə prizmasından yanaşdıq mövzuya. Hə, bu, Xocalı sakinlərinin Bakıda keçirəcəkləri son çərşənbələrdir. Uzun illər hər bayramda elliklə tutduğumuz niyyət - "GƏLƏN İL XOCALIDA!" arzusu artıq çin olub. Xocalı Azərbaycandır. Şükür! Çox şükür!
lll
İşğaldan azad olunan ərazilərimiz artıq qarış-qarış abadlaşır, Şuşa, Zəngilan, Laçın göz qabağındadır. Ötən may elə həmin heyətlə Laçına getmişdik. 30 ildən sonra vətənə qayıdan Laçın sakinlərindən film çəkirdik. Daşı-daş üstündə qalmayan ev, dağıdılmış yurd yeri. Uzman doktor İkram Rüstəmov 15 yaşında çıxdığı ata yurdunu xatırlayır, evin xarabalıqları üzərində gəzir, gözü nəyəsə sataşır, əyilib ayağının altındakı daşı qaldırır. Heyrət. Anasının həmişə çay içdiyi fincanın qırıntılarını toplayıb ovcuna yığır. Kövrəlirmi? Kövrəlmir, hönkürür. AzTV-nin kameraları bu həssas məqamları lentə alır. Dəhşətli mənzərədir. Lənətə gəlsin bütün müharibələr.
lll
Təsadüfə baxın. Yüzə yüz eyni hadisə bu filmin çəkilişlərində də baş verir. Xocalıda itkin düşmüş Azad Cabbarovun oğlu Fuad (günü bu gün Fuad da öz şəhərini tikən xocalılardan biridir) ata evindən anasının cehiz apardığı stəkanları tapır. Eynən İkram doktor kimi Fuad da kövrəlir. Və daha bir qəribə, paradoksal fakt. Həmin mənzildən, yəni ermənilərin 32 il yaşadıqları azərbaycanlı evindən bizim müğənnilərin kasetləri tapılır - Zeynəb Xanlarova, Aygün Bəylər. Bu lentlər köhnə deyil, üzərində latın qrafikası ilə bizim yazılar var. Yəni hansısa erməni bu kasetləri özü alıb, çox güman, xarici ölkədən alıb. Alıb gətirib Xocalıda dinləyirmiş. Nanəcib.
lll
Bugün Laçın ən müasir infrasturktura malik bir yaşayış məskənidir. Əzizim Lalə (Bakı Abadlıq Xidməti İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Lalə Əliyeva) deyir ki, bu gedişlə Laçın Qarabağın mədəniyyət mərkəzinə çevriləcək. İnsanların xoş güzəranı üçün daha nələr yoxdur? Ən müasir müəssisələr - iş yerləri, balıqçılıqdan tutmuş arıçılığa qədər, meyvə-tərəvəz əkinindən tutmuş ekoloji kömür istehsalına qədər, üstəlik, kinoteatr, kitabxana, mədəniyyət obyektləri. Bir məskənin müasir şəhərə çevrilməsi üçün nə lazımdırsa - hər şey var, istisnasız. Xocalıda bundan beşqat artığı olacaq. Xocalı - ağır söhbətdir.
lll
Ötən il AzTV-də dostumuz Elnur Məmmədovun təklifilə "Ağrılı ümidlər. Xocalı hekayəsi" sənədli filmini hazırlayanda Ağdamda çəkilişlər edirdik. ANAMA işçilərinin müşayiətilə qəhrəmanlarımızı ora aparmışdıq, Xocalıdan gələn yola. Minaaxtaran dedi ki, dağın başına çıxa bilərsiniz, ərazi təmizlənib, qorxmayın. Rejissor Rəna Yunisliylə bizim sevincimizi görmək lazım idi. Və o zaman bizim kameralar ilk dəfə Xocalını ən yaxın məsafədən lentə aldılar. O görüntülər bizim üçün elə qiymətliydi ki. Onda Xocalı hələ işğal altındaydı. Bir il sonra çəkiliş ünvanı Xocalı oldu. Azad Xocalı.
lll
"Bakıda son çərşənbə" filminin səs rejissoru Əlabbas Qasımov ermənilərin yaşadığı şəraitdən danışır. Deyir 32 il yaşayıblar bizim yerlərdə, nə bir tikili, nə bir inkişaf, adam kimi gün-güzəran da qurmayıblar özlərinə. Çıxıb rədd olub gedəcəklərini bilirmişlər sanki. Girov kimi ömür sürüblər. Taleyin və öz başbilənlərinin girovları kimi. Daş üstə daş qoymayıblar.
lll
Xocalıda isə daşlar da danışır. Qədim daşlar.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyevin dediyinə görə, orada aşkar edilən kurqanlar eradan əvvəl ll minilliyin ikinci yarıcı - I minilliyin əvvəllərində bu ərazidə böyük yaşayış məskəni olmasından xəbər verir. "Böyük Kurqan" çölündə yerləşən Xocalı nekropolunun sahəsi 200 hektardır. İki zirvəsi olan "Haçatəpə kurqanı"nın diametri 420 metrə çatır. Qədim yaddaşı silmək məqsədilə ermənilərin dağıdıb gizlətmək istədikləri abidələr bərpa edilsə, tarix elmində yeni səhifə açılacaq. Artıq mütəxəssislər işə başlayıblar. Bakı Abadlıq Xidmətinin dəstəyilə alimlər ərazini öyrənir, minillərə şahidlik edən daşları danışdırır, dünyadakı ilk unikal arxeoparkı yaratmaq üçün ilk addımlar atırlar. Demək ki, Xocalı ərazidəki ən qədim yaşayış məskənlərindən biri imiş.
lll
"Xocalıda hər gün 26 fevraldır, - deyir Pərviz, filmin rejissoru, - orada tarix dayanıb sanki, hara baxdım məlum kadrları gördüm, beynim bir an sakitləşmədi". Tərslikdən çəkiliş günü də hava soyuq, azca qar, çayın suyu bumbuz. Elə bil burada başqa fəsil olmayacaq, yaz gəlməyəcək. Filmin operatoru Elxanın da müşahidələri maraqlıdır - deyir adamlar evlərini təbiətə görə tanıyırdılar. Bax, təpənin yanındakı ərazi, bu, çayın qırağından 50-60 metr aralı. Təbiət sədaqətini də, bəkarətini də qorumuşdu deyir, quşlar da, ağaclar da, torpaq da.
lll
Torpaq həm vətən kimi sevələyib üzərində yaşamaq, həm də tarixi həqiqətləri aşkarlamaq üçün imiş, bilmirdim. Yaza-yaza televizorun ekranına sataşır gözüm. AzTV-nin rəhbəri, tanınmış telejurnalist Rövşən Məmmədovun "Həftə"sidir efirdə. Stand-aplar Xocalıda lentə alınıb. Və bu kadrlar daha dəhşətlidir. Xocalıdakı iri miqyaslı təmir-tikinti işləri zamanı kütləvi məzarlıq aşkar edilib. AzTV-nin kameraları hələ tam yenicə eksqumasiya olunmuş insan qalıqlarını göstərir. Əli-ayağı kəndirlə bağlanmış insan sümükləri. Əsasən də uşaqlar. Soyqırımın konkret dəlil-sübutları. Erməni vəhşiliyinin təsdiqləndiyi və sözün bitdiyi yer.
lll
Filmin bir hissəsini xocalıların kompakt şəkildə yaşadığı Qobu-2 yaşayış massivində çəkdik. Ötən ildən bu yana bu sakinlərin eyni açılıb sanki, üzləri gülür, gözləri parıldayır. Xocalıya gedəcək hamısı. Həyat aparacaqlar Xocalıya, can aparacaqlar. Qətlə yetirilən torpağı dirçəltməyin başqa yolu yoxdur ki. Can aparacaqsan ki, cana gəlsin...
lll
Lalə deyir BAX-ın təşəbbüsü ilə fevralın 26-da Xocalıda ağacəkmə aksiyası keçirilib. Ağac həyatdır. Ağac dirilikdir. Xocalıda şəhid olmuş 613 nəfərin xatirəsinə düz 613 şam ağacı əkilib. O narahat ruhlar həmin yerlərə ağac-ağac qayıdıblar. Həmin Qarqar çayının sahilinə. O çayın sularından hələ də qan damır.