Dünən SOCAR-ın təşkil etdiyi “Gənc Jurnalistlərin Qış Məktəbi” layihəsi start götürüb.
“Ramada Baku” otelində baş tutan təqdimat mərasimində SOCAR-ın birinci vitse prezidenti, akademik Xoşbəxt Yusifzadə, Mətbuat Şurasının sədri Əflatun Amaşov, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcid, “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin icraçı direktoru Əvəz Rüstəmov və digərləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan SOCAR-ın mətbuat xidmətinin rəisi Nizaməddin Quliyev jurnalistlər üçün təşkil olunmuş qış məktəbinin məqsədini iştirakçılara çatdırdı.
Bildirdi ki, jurnalistlərin ixtisaslaşması, iqtisadiyyat, xüsusən neft-qaz sektorunda müəyyən biliklərə yiyələnməsi üçün nəzərdə tutulub. Eyni zamanda hər vaxt mətbuata açıq olan Dövlət Neft Şirkəti ilə media nümayəndələri arasında körpülərin daha da yaxşılaşdırılmasına xidmət göstərir.
Daha sonra çıxış edən ARDNŞ-nin birinci vitse prezidenti Xoşbəxt Yusifzadə layihə iştirakçıları və qonaqlara ümumilikdə Azərbaycan neft hasilatı tarixi barəsində ətraflı məlumat verdi. Hazırda icra edilən və gələcəkdə icrası nəzərdə tutulan layihələrdən danışdı. Akademik neft sənayesinin Azərbaycan iqtisadiyyatının şah əsəri olduğunu xüsusi vurğuladı. Ardınca Əsrin Müqaviləsinin bağlanmasına toxunan vitse prezident bu müqavilənin ölkə üçün iki istiqamətdə uğura yol açdığını qeyd etdi. Siyasi istiqamətdə Azərbaycanın dünyaya inteqrasiyası öz sözünü siyasi arenada demə fürsəti verdiyini bildirdi. İqtisadi sahədə uğurunun kifayət qədər geniş areala yol açdığını deyən Xoşbəxt Yusifzadə bildirdi ki, indiyə qədər sözügedən müqavilə ölkə iqtisadiyyatı üçün 51 milyon dollar gəlir gətirdiyini diqqətə çatdırdı.
Alternativ kimi Bakı Tbilisi Ceyhan boru kəmərini də yüksək qiymətləndirən akademik indiyə qədər bu kəmər vasitəsilə 200 milyon barel neft ixrac edildildiyini dilə gətirdi.
Bundan başqa Cənub Qaz Dəhlizi layihəsinə toxunan vitse prezident dövlət başçısının da bu layihənin XXI əsrin layihəsi adlandırdığını diqqətə çatdırdı. Gənc jurnalistlərin qış məktəbini təqdirəlayiq bir hadisə olduğunu vurğulayan akademik toplantının media və Neft Şirkəti üçün çox vacib bir hadisə olduğunu qeyd etdi.
Sonra çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov hazırkı jurnalistikada ixtisaslaşma probleminin olduğunu bildirdi. Sədr bu layihənin sözügedən problemin həllində müstəsna əhəmiyyət kəsb edəcəyinə ümidvar oldyuğunu bildirdi.
Sonda söz alan "525-ci qəzet"in baş redaktoru Rşad Məcid layihəni müsbət bir addım kimi qiymətləndirdi.
Bildirdi ki, istənilən məslə və sahədə praktika və nəzəriyyə əhəmiyyətli yer tutur. Gənc jurnalistlərin də SOCAR-ın yaratdığı bu imkandan düzgün istifadə edəcəyinə əminliyini bildirən baş redaktor savadlı kadrlara hər yerdə və hər zaman ehtiyac olduğunu bildirdi.
Daha sonra tədbir iştirakçıları onları maraqlandıran suallarla Xoşbəxt Yusifzadə, eləcə də Əflatun Amaşov və Rəşad məcidə müraciət etdilər.
Qeyd edək ki, ilk dəfə keçirilən Gənc Jurnalistlərin qış məktəbi fevralın 27-dək davam edəcək.