|
|
|
|
Xalq yazıçısı Elçinin məşhur üç romanı - “Mahmud və Məryəm”, “Ağ dəvə” və “Ölüm hökmü” bir çox xarici dillərə tərcümə olunub, səhnələşdirilib, ekranlaşdırılıb.
Hər üç roman serb dilinə də çevrilərək Belqradda nəşr edilib və ədəbi ictimaiyyət tərəfindən də, oxucular tərəfindən də yüksək qiymətləndirilib.
Tanınmış serb yazıçısı və ədəbiyyatşünası Militsa Liliç Elçinin romanları haqqında məqalə yazaraq, çap etdirib. Həmin məqalənin ixtisarla tərcüməsini oxuculara təqdim edirik.
Militsa LİLİÇ
(Serbiya, Belqrad)
İdeyalılıq ədəbiyyatı daima müşayiət edir, daima ədəbiyyatda nəbz kimi vurur və bəzi hallarda yazıçının fəlsəfi düşüncələr sistemini göstərmək üçün ön plana çıxır, insan taleyini, həyatın mənasını, qəhrəmanların ölümə və həyata baxışını, özünü axtarışını, insan ontoloji statusunu obyektiv reallıq kimi təsvir edir. Mürəkkəb strukturlu əsərlərdə istifadə olunan mifologizasiya müasir dövrdə insan varlığı ilə bəşəriyyətin qədim özülləri arasındakı əlaqə baxımından əlamətdar və qiymətlidir. Elçinin romanlarında isə bütün bunlarla bərabər, Azərbaycan ekzistensiyası da öz bədii ifadəsini tapmışdır.
Azərbaycanın ən görkəmli dramaturq və yazıçılarından olan Elçin (Elçin İlyas oğlu Əfəndiyev) keçən əsrin son rübündə yazdığı “Mahmud və Məryəm”, “Ağ dəvə” və “Ölüm hökmü” romanları ilə nəinki Azərbaycan, həmçinin bütün Sovet ədəbiyyatına böyük töhfə vermişdir. Bu romanlar düşüncə və hadisələr arasındakı tarazlığın gözəl nümunəsidir. Elçin bu koloritli, əsrarəngiz və ustacasına yazılmış romanların strukturuna tarixi məqamları, əsatirləri daxil etmiş, millətin, etnosun, insanın zaman məfhumu kontekstində rolunu və missiyasını müasirlik prizmasından işıqlandırmışdır.
Yazıçı zamanla ali mənada sənətə və mənəviyyata tərəf çevrilmiş şəxsiyyətlər arasındakı ziddiyyətləri, müsəlman gənc ilə xristian qızın timsalında qadağan olunmuş məhəbbət vasitəsilə dinlərarası toqquşmaları, homogenləşmiş ideoloji cəmiyyətdəki şəraitdə yaşamaq uğrunda mübarizəni göstərmişdir.
Elçin Sovet bütpərəstliyi dövründə əsarət mövzusu ilə məşğul olaraq, öz daxillərindəki metafizik boşluğa qul olanlar, xoşbəxtliyə müqavimət göstərən və bəlalara yol açan insanlar barəsində, mövcud həyat qanunları ilə razılaşmanın mümkünsüzlüyü, kinin, qeyri-tolerantlığın, qlobal anlaşılmazlığın mahiyyəti və mənası haqqında yazmışdır.
Elçin hakimiyyətin gücü ilə azadlıq arasındakı təzadları göstərmək sayəsində dramatik süjet və yüksək estetik səviyyəli personajlar yaradır. Hər üç roman bir sıra struktur oxşarlıqları ilə bir-birinə bağlıdır, onlarda insan ömrü və zaman sonsuzluğu kontrasının fəlsəfi mahiyyəti açılır.
Birinci roman olan “Mahmud və Məryəm”də hadisələr XVI əsrin əvvəllərində Ziyad xanın hakim olduğu Qarabağ bəylərbəyliyinin paytaxtı Gəncədə baş verir. Ziyad xan hökm etməyi bacaran, var-dövlətə, şan-şöhrətə malik, ağlı və iradəsi ilə fərqlənən, eyni zamanda tale qarşısında aciz olan mürəkkəb və ümumiləşdirilmiş bir ədəbi qəhrəmandır. İlk öncə, bir ata mübarizəsi, sonradan isə çox gözlənilən vəliəhdin öz mənəviyyatı etibarilə siyasətdən və hakimiyyətdən uzaq olduğunu, hakimiyyətin və taxtın gələcək nəsillərə ötürülməsi üçün lazımi sərtliyə malik olmadığını anladıqda - tam acizlik.
İnsan fəaliyyəti modellərinin təkrarlanmasını göstərmək üçün hər bir böyük yaradıcılıq məhsulu, onun daxilinə düzlənmiş olan əbədi arxetip əsaslara malik olmalıdır. Elçinin romanlarındakı Xeyir və Şərin bütün nümayəndələri özlərində davranışın arxetip modelini daşıyırlar. Ziyad xan hakimiyyəti təmsil edirsə, onun həyat yoldaşı Qəmərbanu tam bir analıq simvoludur və o, öz övladına kömək etmək üçün hər şeyə qadir bir anadır. Onun fədakarlığı və hərəkətləri, hətta bəd əməlləri oğlu ilə bağlı istədiyi effekti vermir, ancaq yazıçının məharəti ondadır ki, ananı bəd əməllərə təhrik edən səbəblərin həyat və yaşayışın mənası baxımından fəlsəfəsini sənətkarlıqla açıb.
Ümumiyyətlə, Elçinin hər üç romanı ümid və səbr fəlsəfəsi üzərində yazılmışdır. Gənc şahzadə Mahmudun aşiq olduğu xristian Məryəmin keşiş atası qızı üçün öz düşüncələrinə uyğun, övladının qəlbinin səsini dinləmədən bir yol seçir və mənəvi məğlubiyyətə uğrayır.
Bütün böyük yazıçılar kimi, Elçin də hadisələrə və qəhrəmanlara birtərəfli münasibətdən uzaqdır. Romanın ikinci planını eyni hadisənin həm uğur, həm də bədbəxtlik kimi bədii izahı təşkil edir. Qüdrətli Ziyadxan sevdiyi həyat yoldaşından vəliəhdin doğulmasını səbirsizliklə gözləyir, nəhayət, arzusu yerinə yetdikdə məmnun olur. Ancaq hər şey başqa cür dəyişir. Vəliəhd valideyn gözləntilərinə cavab vermir, maddi yox, mənəvi dəyərləri qiymətləndirir və atasının böyük üzüntülərinə səbəb olur. Zaman və məkanın böyük rol oynadığı tarixi xronika konsepti, romanın əsas süjet xətlərindən biri olmaqla yanaşı, böyük mənada Azərbaycanın tarixini və Azərbaycan xalqının həyatını əks etdirir. Əslində, böyük ədəbiyyat zamanı, dövrü tarixi kitablardan daha artıq ifadə edir.
Harvard Universitetindən tarixçi C.Şamanın fikrincə, “böyük yazıçılar keçmişi elə göstərə bilər ki, bu, heç bir hörmətli tarixçinin ağlına belə gəlməz. Keçmiş hadisələr müasir xəbərlər üslubunda ortaya çıxırsa, tarixi hiss və dərk etmək çətindir. Həqiqət həmişə böyük romanların təsvir etdiyi tarixə daha yaxındır, nəinki, sosioloqların axtardığı ümumi elmi qanunauyğunluqlara. Bədii təxəyyül itirilən, görünməyən tarixi bağları tapmaq və bərpa etmək üçün ən yaxşı vasitədir və əsl həqiqət də bu zaman meydana çıxır. Yazıçı bu mənada tarixçidən daha çox tələb olunandır”.
Bu baxımdan Elçin folklordan, hekayətlərdən, əfsanə və miflərdən geniş və yüksək bədiiliklə istifadə etmişdir, bununla da Azərbaycan xalqının qədimiliyini və bənzərsizliyini göstərməyə nail olmuşdur. Onun mətnlərində poetiklik, incə və təsirli lirika böyük rol oynayır. O, gözəlliklə dolu, mənəvi dəyərlərlə bol olan ruhi həyatı harmonik şəkildə təsvir edir. Elçinin romanlarında saz, kaman - adi çalğı alətləri deyil, bunlar metafizik baxışı ifadə edən metodlardan biridir və bəzən hətta səmavi qəhrəmanların mənəvi komponentləri səviyyəsinə ucalırlar.
“Ölüm hökmü” romanının personajları XX əsrdə Sovet İttifaqı respublikalarından biri olan Azərbaycanda vətəndaşların beyninə yeridilən Sovet ideologiyasını özündə daşıyan hakim dairələrin və pozulmuş cəmiyyətin nümayəndələridir. Şəxsiyyətə pərəstiş, satqınlıq, itaət, korrupsiya - bunlar sonradan ağır nəticələr vermiş, insanları manipulyasiyaya sövq etmişdir. O zamanlar hər hansı bir dirçəliş həm milli və həm də adi məişət səviyyəsində məhv edilə bilərdi, insanların böyük əksəriyyəti həm qorxu, həm də yaşamaq zərurəti baxımından bir-biri ilə bağlı idilər.
Hökmdarlar və təbəələr həyat sürmək üçün qarşılıqlı olaraq şüurlu, yaxud təhtəlşüur elə hərəkət etməli olurlar ki, yaşaya bilsinlər və əslində, bu, indi də bütün dünyada belədir.
Əbdul Qafarzadə (“Ölüm hökmü”) pisliklər edən bir insan metaforasıdır. Taleyin və insanların üz çevirdiyi bədbəxt bir müəllimin: “- Sənsən! Bütün müsibətləri başımıza açan sənsən! Məni öldürən sənsən! Sən taunsan! Taun! Taun!” - sözləri-fəryadı konkret olaraq bir fərdin yox, həyatın bəd əməllərindən azad ola bilməyən və bəşəriyyətin tarixi boyu əzab çəkən günahsızların və köməksizlərin daxili aləminin ifadəsidir.
“... günün şüaları altında par-par parıldayan Gəncə çayının şırıltısı indi dünyanın daimiliyindən və insan ömrünün də əbədiliyindən danışırdı: altı gündə yaradılmış dünya bir idi, insanlar isə çoxdur və insan ömrü də Adəm ömründən başlamış yüz min il bundan sonrakı insanın ömrünəcən üst-üstə götürülməli idi”.
Lakin Elçinin bu üç romanı göstərir ki, insan həyatının bütövlüyü dünyada, millətdə, cəmiyyətdə, ailədə, həmçinin fərdin özündə baş verən təbəddülatlardan sonra, yenidən yaranan, ancaq əvvəlki ilə eyni görünən məxluqatın zaman və təfəkkür baxımından mozaika kimi rəngarəng fəlsəfi mahiyyəti olduqca mürəkkəb və çoxcəhətlidir.
Ədəbiyyat - insan mənəviyyatının və ruhunun miqyaslı təhlilidir. “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü” romanları harada yaşamasından, hansı dinə, ideologiyaya və ya millətə mənsubiyyətindən asılı olmayaraq, insan varlığındakı oxşar cəhətləri həyatın fəlsəfi bir fenomeni kimi götürür. Bu isə, insan həyatının mənasını dərk etməkdə və fəlsəfi missiyasının təsnifatını verməkdə çox vacib bir cəhətdir.
Beləliklə, Elçinin bu romanlarda oxucunun qarşılaşdığı qəhrəmanlar yüksək bədiiliyinə görə həmin regionun insanlarını tanıdır, ən əsası isə odur ki, onları bir-biri ilə doğmalaşdırır, çünki malik olduqları xüsusiyyətlər, onların daxili aləmi bəşəri mahiyyət kəsb edir, onlar - bu qəhrəmanlar bütün zamanların açılmamış və yəqin ki, heç vaxt da açılmayacaq həyat sirrlərinin daşıyıcılarıdır.
Böyük Bədii Sözün gücü də elə bundadır.
Elçinin romanları isə bu Böyük Bədii Sözü deyə bilir.