Bakı-2015 I Avropa Oyunlarının X günündə 25 dəst medalın sahibi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, X gün hesabına 2 mükafat əlavə edən Azərbaycan yığmasının aktivindəki medalların sayı 35-ə çatıb.
İlk 10 gündən sonra Azərbaycan 14 qızıl, 7 gümüş, 14 bürünc medalla komanda hesabında 2-ci pillədəki mövqeyini qoruyub.
Siyahının lideri olan Rusiya bu gün daha 18 medal qazanaraq, izləyiciləri ilə fərqi daha da artırıb. Hesabında 77 mükafat olan rusiyalıların medallarından 40-ı qızıl, 23-ü gümüş, 14-ü bürüncdü.
Üçüncü pillədə dəyişiklik olmayıb. Dünən üçüncülüyü ələ keçirən Almaniya daha 2 qızıl və 3 bürünc medal qazanaraq, mövqeyini bir qədər də möhkəmlədib.
Həmçinin bu gün daha bir ölkə ilk mükafatını qazanıb. Belə ki, Finlandiya atıcılıq yarışında bürünc medal əldə edib. Bununla finlandlar 39-cu medalçı komanda olub.
Qeyd edək ki, Bakı-2015-in ilk 10 günündə ümumilikdə 452 - 140 qızıl, 140 gümüş, 172 bürünc medalın sahibi müəyyənləşib. Medalçı 39 ölkədən 24-ü çempionluq sevinci yaşayıb.