|
|
|
|
“19 mindən çox insan gimnastikanın müxtəlif növlərində tamaşaçı qismində iştirak edib. 7 müxtəlif məkanda tamaşaçı tutumu təxminən 81 faiz təşkil edib”.
Modern.az xəbər verir ki, bunu I Avropa Oyunlarının əməliyyatlar üzrə baş direktoru Saymon Kleqq mətbuat konfransında deyib. O qeyd edib ki, Avropa Oyunları üçün əlavə 12 min bilet satılıb və dünən 1600-ə yaxın idmançı öz ölkəsinə qayıdıb:
“Bu gün 3 idman növü üzrə - basketbol, qılıncoynatma və voleybol yarışlarının finalı olacaq. Bu gün həm də qızıl medal dəstləri oynanılacaq və Tofiq Bəhramov adına stadion tədricən atıcılıq idman növündən ənənəvi formata qaytarılacaq”.
Saymon Kleq yarışlar başlayandan bu günə qədər yalnız bir idmançının dopinqə görə oyunlardan kənarlaşdırıldığını vurğulayıb.
I Avropa Oyunlarının təşkilatçılığının yüksək səviyyədə qiymətləndirən FİFA-nın idarə heyətinin üzvü, Dünya Çimərlik Futbolu Federasiyasının vitse-prezidenti Joan Cusco çimərlik futbolundan danışıb:
“Çimərlik futbolu üçün tarixi anlardır, çünki bu, yeni idman növüdür. Bu idman növü üzrə ən yaxşı heyətlərimizi Azərbaycana gətirmişik. Gözəl yarışlar müşahidə edəcəksiniz. Çimərlik futbolu üçün nəzərdə tutulan oyunlara biletlərin hamısı satılıb”.
Azərbaycanın çimərlik futbol yığma komandasının qapıçısı Emin Kürdov əsas hədəfin 3 yerdən birinə sahib olmaq olduğunu bildirib:
“Çimərlik futbolunun oyunlara salınması sevindirici haldır. Tarixə düşmüşük. 7 komanda ilə mübarizə aparmaq çətin olsa da, əlimizdən gələni etməyə çalışacağıq. Həmin 7 komanda A divizionun komandasıdır. Biz isə B divizonundayıq”.