|
|
|
|
Bu il sentyabrın 14-də mərhum yazıçı Aslan Qəhrəmanlının ad günü ikinci dəfə özünün iştirakı olmadan yaxınları, doğmaları, onu sevənlər və oxucuları tərəfindən qeyd edildi. Bu yaxınlarda yazıçının arxivində indiyə qədər dərc olunmamış bir sıra şeirləri, parodiya, tərcümə və lətifələri tapılmışdır.
Maraqlı ola biləcəyini nəzərə alıb onlardan bəzilərini “525-ci qəzet”in oxucularına ünvanlayırıq.
Aslan QƏHRƏMANLI
* Rusca “neboskreb” - azərbaycanca “göydələn” kimi işlədilir (hətta bir vaxtlar “gözqaşıyan” yazırdılar). “Göyəzən” daha uğurlu ifadədir.
* İlk dəfə süni peykdə göyə it göndərəndə bizim qəzetlər “Sobaka-Layka” ifadəsini “hürən it” tərcümə etmişdilər.
* Mehmet Şekunun özünü öldürməsi haqqında məlumatda “özünü intihar etmişdir” yazılmışdı.
(“Kommunist” qəzeti)
* T. Xrennikov Bakıya müəllif konsertinə gəlmişdi. “Kommunist” qəzeti onun mükafatlarını saydıqda “SSRİ və Dövlət mükafatları laureatı” yazmışdı.
* Televiziyanın uşaq verilişləri şöbəsinə göndərilən məktublardan birində yazılmıdı ki, o, nağılları çox sevir; “Məlikməmməd nağılı”, “Göyçək Fatma” nağılını dəfələrlə oxumuşdur, ona görə “Sarıköynəklə Valehin nağılı”nı televiziyada göstərməyi xahiş edir.
* Gənc müğənni Aşıq Alının şeirini belə oxuyurdu:
Havaya baxıram, hava məxsusdu (?),
Gəzdiyim obalar yadıma düşdü,
Bir gün eşidərsiz Alı da köçdü,
Sındı telli sazı, təzə nə (?) qaldı.
* Nekroloqda yazılıb ki, filankəs universiteti bitirəndən sonra orada qalıb müəllim sifətilə (?) işləməyə başlayıb.
* Bəzən “orta yüzillik” ifadəsi işlədilir. Bu, “orta əsrlər” əvəzinə işlədilir və aşkardır ki, cəm şəkilçisi atıldığından mənasız alınır.
* Televiziya ilə Ə. Haqverdiyevin “Bəxtsiz cavan” pyesini göstərirdilər. Cavan kəndli deyirdi: “Elə ki, həkim gəldi, uje xəstəlik qurtarmışdı”.
* Ə. Fərzəli “Onlar yenə görüşdü” şeirində yazır ki, 1837-ci ilin yayında Bestujev-Marlinski ilə M. F. Axundovun görüşündən bir həftə keçməmiş rus şairi öldürülür. Şeirdə M. F. Axundov deyir:
Mən bilirəm, o güllə
Heç də qəfil deyildi,
O Puşkinə atılan,
Lermontova atılan (?)
Zəhərli güllə idi...
Halbuki Lermontov 1841-ci ildə öldürülüb.
* Vaxtı ilə “İzvestiya” qəzetində “Sredi poqibşix - dva çlena ekipaja, deti” cümləsi bizim qəzetlərdə belə tərcümə edilib dərc edilmişdi: “Heyətin iki üzvü və uşaqlar həlak olmuşlar”.
* S. Vurğunun 80 illiyini qeyd etmək üçün verilən qərarda onun “Leninin kitabı” poeması “Lenini oxuyarkən” adı ilə göstərilib. Qərarı rusca yazıb sonradan sətri tərcümə etdiklərinə görə belə alınıb.
* “Söz ulunun, su kiçiyin” - atalar sözü təhrif olunaraq “Yol böyüyün, su kiçiyin” deyirlər.
* Televiziyada “Xəbərlər” proqramının şərhçisi deyirdi: “İngiltərə əhalisinin 4,5 hissəsi ingilislərdir”. Görünür, 4/5 yazılıbmış. Orta məktəbi zəif oxuyanı televiziyaya işə qəbul etmək də düzgün deyil.
* Şam şəhərində xeyli qoca bir kişi vardı,
Pəri kimi, cin kimi camaatdan qaçardı?
“Xeyli qoca” nə deməkdir? Qoca pəriyə oxşayır, yoxsa cinə?
lll
ETÜD
A.Blokdan tərcümə
Əlvida! Ayrılıq... Əl verin! Aman,
İstəməz! İstəməz! Bu xoş təmasdan,
Ürəyə dolmasın qoy qübar, məlal,
Ürəyi incidər, ağrıdar bu hal.
Bu gün ayrılıq, məndən daha Siz,
Heç zaman “sən” sözü eşitməzsiniz!
Yetər arzuladım o baxışları,
Yox, siz ağlamayın! Görməyim, barı,
Bu hicran dəmində təlaşınızı!
Siz Allah, saxlayın, göz yaşınızı!
Ürəyim alışır, yanır... Siz gedin,
Bəsdir... Daha gedin... Bəsdir... Tez gedin!..
Bu nədir? Gözümdə yaş var ki, mənim
Yoxsa ağlayıram?.. Gəl ey düşmənim!
Son dəfə bağrıma basım səni mən,
Bax belə... Əlvida... Get daha...Get sən.
lll
R. Həmzətovdan tərcümə
İlk dəfə başıma bəla aşaraq,
Sənə həsr elədim şeirimi. Ancaq
Güldün, ərə getdin, həyat yoldaşın
Polis işçisidir. Dostun-tanışın
Yanında deyirsən: sənə vuruldum,
Elə ona görə mən şair oldum;
Yaxşı, şair etmək gəlir əlindən,
Onda gəl ərini şair elə sən.
MƏNİMLƏ GETMƏ
Ətirli bağçaya, şehli çəmənə,
Lilparlı bulağa sən mənimlə get.
Arabir dənizin dalıb seyrinə,
Yaxına, uzağa sən mənimlə get.
Hüseyn Arif
İlan məskənidir bulaq, göy çəmən,
Yaxına, uzağa mənimlə getmə.
Nəyinə lazımdır Poylu, Kəsəmən?
Tovuza, Qazaxa mənimlə getmə.
Meşədən, dərədən, çaydan keçəndə,
Axı qorxacaqsan- mənimlə getmə.
Mən şehli ot üstə araq içəndə,
Hirsli baxacaqsan- mənimlə getmə.
Yenə yol üstəyəm, qanın qaralıb,
Salma haray-həşir, mənimlə getmə.
Mətbəxdə işlərin tökülüb qalıb,
Bozbaşını bişir, mənimlə getmə.
LƏTİFƏLƏR
-Bu gün direktora ultimatum verdim.
-Nə dedin ki?
-Ya maaşımı artırsın, ya da işdən çıxıram.
-Nəticəsi nə oldu?
-Axırda kompromis qərar qəbul elədik: o, mənim maaşımı artırmır, mən də işdən çıxmıram.
lll
Bir nəfər lotereyada avtomobil udmuşdu. Dostu ondan soruşdu:
-Arvadın bu xəbəri eşidəndə neylədi?
-O qədər gözlənilməz hadisə idi ki, yazığın dili tutuldu.
- Xoşbəxtsən!Doğrudan da sənin bəxtin gətirir!
lll
-Siz arvadınızla harda tanış olmusuz?
-Parkda, fənərin yanında.
-Yəqin fənər yanmırmış...
lll
Qatarın kupesində iki qadın söhbət edir:
-Mənə nə qədər yaş verərsən?
- Sənin öz yaşın kifayət qədər var, məndən niyə istəyirsən?
lll
-Balıq kürüsü yaman ləzzətli olurmuş.
-Nə vaxt yemisən?
-Yeməmişəm. Bir nəfər yeyəndə görmüşəm.
lll
Hakim müttəhimdən soruşur:
- Cinayət məsuliyyətinə cəlb olunubsan?
-Bəli.
-Nə vaxt?
- On beş il əvvəl.
-O vaxtdan bəri neyləyibsən?
- Həbsxanada yatmışam.
lll
Bir nəfər o qədər meymuna oxşayırdı ki, heyvanat parkına gedəndə iki bilet alırdı: biri daxil olmaq, o biri çıxmaq üçün.
lll
Müəllim şagirdə deyir:
-Dəmir açıqda qalanda paslanır. Bəs qızıl, gümüş açıq havada qalanda nə olur?
Şagird cavab verir:
-Oğurlanır, müəllim.
lll
Cərrah əməliyyata hazırlaşırmış. Assistentinə:
-Spirt,- deyən kimi xəstənin titrək səsi eşidildi:
-İçinə bir parça buz atmağı unutmayın.
lll
Qızlar kuklaları, oğlanlar maşınları çox xoşlayırlar; amma bu, on səkkiz yaşa qədər olur; sonra hər şey əksinə dəyişir.
lll
İnsan ömrünün üçdə birini yataqda keçirir, qalan üçdə ikisini isə bu yatağa kimisə gətirməyə sərf edir.
lll
-Sən spirti və içkini tərgitsən, 80 il yaşaya bilərsən.
-Gecdir, doktor.
-Niyə?
-Mənim 83 yaşım var.
lll
Auditoriyada parta üzərində yazı: “Burada vaxt vəhşicəsinə öldürülmüşdür”.