|
|
|
|
Bizim kitab rəfimiz
“Atalar və oğullar”
Rus ədəbiyyatında klassika yazılma zamanından asılı olmayaraq, hələ də öz aktuallığını qoruyur. Əvvəllər bu ədəbiyyata marağım yox idi. Məni özünə çəkmir və sıxıcı gəlirdi. Ona görə də oxumaq üçün cəhd etmirdim. Lakin bir dəfə bir dostum mənə kitab sərgisində gəzərkən İvan Turgenyevin “Atalar və oğullar” əsərini hədiyyə aldı və mütləq oxumağımı məsləhət gördü. Əvvəlcə əsər mənə sıxıcı gəlirdi. Bir müddət sonra özümü əsərin ən dərinliklərində “görəsən, indi nə olacaq? Filankəs indi nə edəcək?” deyə suallar düşünərkən tapdım.
İvan Sergeyeviç Turgenyevin bu məşhur romanı - XX əsrin 60 - cı illərində Balinskinin xatirəsinə yazılıb. Əsərin baş qəhrəmanı Yevgeniy Bazarovdur. O, həmin dövr gənclərinin xarakteristik nümunəsidir. Həmin dövrün adamları tərəfindən dərk edilən nüfuz, köhnə həqiqətlər önündə əyilməmə, kompromistizlik, faydalı olanın üzərində üstünlüyü kimi ideallardır. Bu Bazarov obrazının dünyagörüşündə əks olunub.
Bu baxımdan “Russkoe slovo” jurnalı D.İ. Pisaverin şəxsində, hətta radikal əhval - ruhiyyəli Bazarovu öz idealı hesab edir. Həmçinin əgər Bazarov obrazına tarixi nöqteyi - nəzərdən baxsaq, XIX əsrin 60 - cı illərinin əhval - ruhiyyəsini əks etdirən bir tip kimi, bu surət tam açıqlanmamışdır. Onu da qeyd edim ki, həmin dövrdə ictimai - siyasi radikalizm var idi, ancaq əsərdə ona toxunulmayıb.
Əsərin sonu həqiqətən kədərlə bitir. Bu həm də Bazarovun faciəsidir. İnsana ən çox təsir edən isə Bazarovun valideynlərinin ruhi vəziyyətidir.
“Əvvəllər hegelçilər var idi, indi nihilistlər”. Əsərdə qeyd olunan bu fikir atalar və oğullar arasındakı kəskin fərqin baris nümunəsidir. Zaman keçdikcə ataların bələd olduğu, bildiyi şeylər artıq köhnəlmiş sayılır, oğullar isə yeniliyi təmsil edirlər. Belə ki, atalar və oğullar arasında münasibətdəki fərqi günümüzdə də açıq görmək olur.
Bu əsərdən sonra əvvəllər bəyənmədiyim klassika indi mənim sevdiyim əsərlərdən olub.
Almaz Akif
IV kurs tələbəsi
Günəşsiz Əfqanıstan
Həmişəlik yadında saxla, qızım ,şimal səmti göstərən kompasın əqrəbi kimi kişilərin də günahkar axtaran barmağı həmişə qadına tuşlanır. Hər şeydə.
Günəşsiz Əfqanıstan. 30 ilə yaxın əfqan qadınlarının düçar olduğu bəlalar. Bir Xalid Hüseyni romanı. Yazıçının ilk nəşr olunan “Çərpələng uçuran “ əsəri ən çox satılan kitab kimi 45- dən çox ölkədə nəşr olunub. “Min möhtəşəm günəş” romanın da isə Xalid Hüseyni iki əfqan qadınının həyatı fonunda ölkəsində baş vermiş və baş verə biləcək hadisələri əxz edir. Kimdir bu qadınlar? Onlar Məryəm və Leyladır. Kimdir Məryəm? Kimdir Leyla?
Bir-birilərindən tamam yad fikirlərə, dünyagörüşlərə malik olan bu qadınları müharibə və onun törətdiyi fəsadlar törədir. Məryəm həyatın bütün dadını bilirdi. Uşaq yaşından anasının yoxluğuna dözməyi , atasının onu yaşı 40 ötmüş kişiyə ərə verməyə məcbur etməsini və əri Rəşidin heyvani davranışlarına və s.həyat Məryəmə bunları öyrətdi. 15 yaşlı qız. Ata himayəsi. Ərə verilmək. Yan-yana mehribancasına düzülmüş bu ifadələr bir-birinə necə də yaddır. Amma qanun Məryəmin yerinə qəbul edilmişdi, bircə qalmışdı qüvvəyə minməsi...
Məryəm ərə getmədi, gətirildi. Xalid Hüseynin əsərlərinin uğuru onun insani hissləri ustalıqla təsvir etməsində idi. Məryəmin kədərini, sevincini insan özününkü hiss edirdi. Yazıçı Məryəmin timsalında qeyri-qanuni nikahı pislədi ki, Məryəm kimi diqqətdən kənar uşaqların sayı artmasın.
Leyla kimdir? Yazıçı onun timsalında nəyi anlatdı?
Leyla. Qaranlıq gözəli. İnqilabi qız. Əfqan mühitinə uyğun gəlməyən dünyagörüşü, Tariqə sonsuz sevgi bəsləyən qızcığaz. Bu qızcığaz düşünməzdi ki, müharibə onu valideynlərindən, Tariqdən ayırıb heç tanımadığı Rəşidə arvad, Məryəmə isə günübacı edəcək. Məryəm Leylaya ana qayğısı göstərib, onu Rəşidin zülmündən qoruyurdu. Onlar çox çalışdılar ki, Rəşiddən yaxa qurtarıb qaçsınlar. Ancaq həyat bu yolda onların şanslarını açıq etmədi. Və Rəşidin sonu . Məryəm ərinin başına vurduğu bellə bütün ağrı-acılarının əvəzini çıxdı. Məryəmin son dialoqu onu edam üçün aparan gözətçi ilə oldu.
Qorxursan anam?
-Hə, qorxuram . Çox qorxuram.
Taliblərin qurduğu uydurma hökumət qadınların bütün hüquqlarını əlindən aldı. Azad söz demək ,azad hərəkət etmək imkanı olmayan insanın cəza evindəki məhbusdan heç bir fərqi yoxdur. Yazıçı bütün qapıları bağlamadı. O işığı Leyla və Tariqin qovuşmasında gördü. Əsər Leyla və Tariqin yeni övladları olması sonluğu ilə bitir. Yeni doğulacaq körpə oğlan olsaydı bir neçə ad təklif olunurdu. Ancaq qız olsaydı Leyla bilirdi ki, nə adı qoyacaq, Məryəm. Yazıçı “Min Möhtəşəm Günəş” adını verdiyi əsərində Əfqanıstanın məhv olmuş talelərini və azadlığı əlindən alınmış insanların acı talelərini göstərdi. Yazıçı ümid edir ki, bir gün Əl-Qaidə, Taliban kimi terror təşkilatlarının at oynatdığı Əfqanıstan şər qüvvələrdən azad olub, günəşli Əfqanıstana çevriləcək.
Firayə Allahverdiyeva
III kurs tələbəsi
“Al məni”
“Qadın başqa qadınlar kimi geyinmək istəyir və başqa qadınlarla eyni geyinəndə əzab çəkir” .
Leşek Kumor.
Əgər istisnaları nəzərə almasaq mən deyərdim ki,dünyadakı bütün qadınlar duruşu,görünüşü,hərəkəti ilə istər gündəlik həyatında, istərsə də hansısa bir məclisdə hər zaman digər qadınlardan üstün olmaq, fərqlənmək arzusunda olublar. Buna əsasən də deyə bilərəm ki, həyatda bir qadını başqa bir qadından daha yaxşı kimsə başa düşə bilməz.
Qadının psixoloji durumu, qarşılaşdığı situasiyalar, keçirdiyi hisslər, daxilindəki gərginliklər əksər vaxtlarda qarşı cinsin nümayəndələri tərəfindən çox da anlaşıqlı qəbul edilmir.
Məlum olduğu kimi hər insan yeni libaslar üçün alış-veriş etməyi sevir. Ancaq bu sevgi qadınlarda daha aşırı dərəcədə hiss olunur. Hətta demək olar ki, bəzi qadınlar alış-veriş etməyi hobbiyə çevirib və bu “hobbi” onların bir növ rahatlatma vasitəsidir.Biz buna rahatlanma vasitəsi desək də psixologiyada qadınların alver zamanı “finish” xəttini keçməsi xəstəlik kimi qəbul edilir. Keçən əsrdə, daha dəqiq desək, 1900- cu ildə aparılan araşdırmalar nəticəsində bu halın qadınlarda psixoloji durum olduğu qənaətinə gəlinmişdir. Belə ki, psixologiyada bu durum aniomaniya və ya şopoqolizm xəstəliyi kimi başa düşülür.
Aniomaniyaya tək qadınlarda deyil, həm də homoseksual kişilərdə də rastlamaq olur.
Mövzuyla bağlı psixoloq Günel xanıma müraciət etdik və o, bu haqqda bilgilərini bizimlə bölüşdü.
Günel xanım qeyd etdi ki, seansları zamanı şopoqolizmdən əziyyət çəkən qadın xəstələri olub. Günel xanım bu xəstəliyin yaranma səbəblərini qadının tənhalığı, depressiyaya düşməsi, diqqətdən kənarda qalması və özgüvəninin aşağı olması ilə əsaslandırdı.O, bu xəstəliyin irsi olmadığını və uşaqlıqda keçirilən hər hansısa tramma ilə əlaqəli ola biləcəyini də qeyd etdi. Psixoloq Günel xanım aniomaniya xəstələrinin psixoloji yardım alaraq və güclü iradəyə sahib olmaqla bu xəstəliyin öhdəsindən gələ biləcəklərini də vurğuladı.
Onu da qeyd edim ki, bu hala bir çox ölkələrdə rast gəlinsə də şopoqlizmin mərkəzi Amerikadır.
Aparılan araşdırmalar bu nəticəyə gəlir ki,aniomaniyanın əsasında heç də dəbdəbəli geyimleri almaq arzusu yox, məhz psixoloji faktorlar dayanır.
Aniomaniya xəstələri üçün alış-veriş etmək beyindəki xoşbəxtlik hormonu serotoninin artımına da səbəb olur. Bir növ qadınlar depressiya zamanı həyatlarında olan boşluğu yeni libaslar, ayaqqabılar və daha nələr-nələr almaqla doldururlar.
Bir çox hallarda şopoqolizm ailələrin dağılmasına gətirib çıxarır. Ailələrin iqtisadi cəhətdən zəifləməsi və qarşı tərəfdən öz tükənməyən ehtiyacları ilə bağlı narazılıq. Kişilərdə özünə hörmətin düşməsi və maddi zəifliyi hiss etdirməklə onları psixoloji olaraq xəyanətə vadar edir.
Oniomaniya psixi xəstəliyinin simptomları:
- Dəqiq və konkret alınası bir şey olmadan dükana getmək.
- Moda jurnallarına vərdiş etmək
- Dükanda almayacağı mallara belə diqqətlə baxmaq, gözdən keçirmək...
Araşdırmalar nəticəsində məlum olmuşdur ki, bu xəstəliyi qızışdıran daha çox mağazaların “al məni” reklamları, şüarları və s. dir.
Şəbnəm Cavadzadə
IV kurs tələbəsi
Hərə öz imzasının arxasındadır
- Aqil Abbas dövrünün “Ədalət”i ilə, İradə Tuncay dövrünün “Ədalət”i arasında hansı fərqlər var?
-Yəqin ki, kəskin bir fərq olmaz. Çünki qəzetin ümumi prinsipləri var. Sadəcə redaksiyanın işçiləriylə iş prosesində bəzi dəyişikliklər ola bilər. Deyək ki, Aqil Abbasın hansısa sahəyə sərt baxışı var, İradə Tuncayın başqa bir sahəyə sərt baxışı ola bilər. Ümumilikdə, prinsiplər eynidirsə, elə bir kəskin fərq olmaz.
- İradə xanım, düşünürsüzmü ki, qadın səliqəsinin, qadın məsuliyyətinin buna təsiri oldu?
- Hə, əlbəttə. Mən bunu müsahibələrimdə də dəfələrlə demişəm ki, “Ədalət” qəzetinin dərcində elə bir mərhələ var idi ki, bəzi qarışıqlıqlar yaranmışdı. Mən fikirləşirdim ki, burada qadın əlinə ehtiyac var. Bəzən olur, subay kişilərin evinə baxırsan və hiss edirsən ki, burada qadın əli yoxdur. Bizim həyatımızın hər bir sahəsini bir ev kimi götürsək, insan orada da bir səliqə-sahman yaratmağa ehtiyac duyur. Bəzən bir ötəri baxış belə hiss etməyinə yetərli olur ki, burda nəyisə dəyişməyə ehtiyac var.
- Adətən yaradıcı insanların müəyyən kaprizləri olur. Siz necə, kaprizli birisiz?
-Bilirsiz kapriz nə məsələdir? Məsələn, Hollivud ulduzları hansısa ölkəyə qastrola gedəndə şərtlər qoyurlar ki, mən qaldığım otaq mehmanxananın dördüncü mərtəbəsində olmalıdır, pəncərəm küçəyə açılmalıdır, işıq bu tərəfdən düşməlidir, fincanım ağ rəngdə olmalıdır və s. Yox, mənim elə kaprizlərim yoxdur. Bəzən tanınmış informasiya agentliklərindən, qəzetlərdən yanıma gəlirlər və görürəm ki, hazırlıqlı gəlməyib. Əgər sən müsahibəyə gəlirsənsə və mənim vaxtımı alırsansa, zəhmət çək buna hazırlaş. Çünki mən gəncliyimdə kiminsə yanına müsahibəyə gedəndə onun haqqında bilmədiyim hər şeyi əvvəldən axıra qədər öyrənirdim. Mənim kaprizlərim belə şeylərdədir. Bunu həm qarşındakı adama, həm də özünə sayğısızlıq sayıram. Jurnalistika elə bir sahədir ki, burada ikinci olmaq sənin həyatının boşa getməsi deməkdir. Səhnədir, kinodur, mətbuatdır, ədəbiyyatdır - bunlar elə bir sahədir ki, orada gərək birinci olasan. Birinci olursansa şöhrət də, pul da gəlir. Bəzən aktyorlar olur ki, 70 yaşa çatır, həmişə də deyinir ki, mənə diqqət eləmədilər, mənə hökumət orden, medal vermədi. Oynadığı rolla baxırsan, Hamletdə üçüncü kölgə, beşinci sklet. Ömrün boyu həyatın hər hansısa bir sahəsində baş rolda ola bilmirsənsə, bu artıq özünəsayğısızlıqdır. Bəlkə gedib hardasa bənna ola bilərdi, gözəl ev tikərdi. Bəlkə yaxşı dərzi olardı, gözəl paltar tikərdi. Niyə ömrünü xərclədi? Boşa getmiş ömürdür. Bax mən belə şeylərə kaprizliyəm.
- İradə xanım, yoldaşınız da yazı-pozu adamıdır. İki yaradıcı insanın münasibətləri maraqlıdır mənə. Problemlər olur?
-Evdə insan axı yazı-pozu adamı deyil. Ailə içində biz qadın və kişiyik. O ailənin rəisidir, mən də ikinci adamam. O qarşılıqlı güzəştlər sonradan formalaşır. Biz evlənəndə gənc insanlar idik, mətbuatda imzalarımızı təsdiq etməmişdik. Amma bizim bir-birimizə qarşılıqlı sevgimiz var idi. Buna görə də biz bu uzun illəri birlikdə yaşaya bildik. Söz-söhbət, çətinlik, stress hər bir ailədə olur. Bundan adlamağı bacardıq sadəcə.
-Güzəştə ən çox kim gedir?
-O gərgin məsələlərdə mənzərəyə baxır. Yəni hansı zaman kim, hansı situasiyada kim. Ümumilikdə prinsipə baxsaq, qadın daha çox güzəştə getməyə məhkumdur.
- Həyat yoldaşınız yaradıcı insandır. Siz hansısa problem yarananda onun bu xüsusiyyətini nəzərə alıb, məsələyə yanaşırsız. Bəs Aqil müəllim?
- Mən heç ondan bu haqda soruşmamışam ki, sən nəyə görə güzəştə getdin. Mənə elə gəlir ki, o belə şeyləri nəzərə almır.
- Sizin yazılarınızda da duyğusallığınız hiss olunur. Bu qadınlıqdan yaranan bir şeydir, yoxsa xüsusi bir səbəbi var?
- Yəqin o Allahın mənə verdiyi xasiyyətdir. Mənə elə gəlir ki, yaradıcı insanlarda duyğuların vüsəti, fontanı adi insanlardan fərqli olur. Ona görə onlar hisslərini çox gözəl ifadə edə bilirlər.
- Sizcə, qadın yazıçıların sayı niyə bu qədər azdır? Həqiqətənmi qadınların yazmağa ehtiyacı yoxdur?
- Zorla kimisə yazıçı etmək olarmı? Qadınların ictimai həyata kütləvi axını XIX əsrin sonlarından başladı. Əvvəldən tək-tək qadınlar olub. Amma istisnalar ümumi mənzərəni dəyişmir. Antik Yunan ədəbiyyatını oxumusuzsa, orada Safo adlı şairə var. Çox gözəl sevgi şeirləri var. Amma görürsən ki, o böyük Yunan ədəbiyyatının içində ancaq bir damladır. Avropa ədəbiyyatında da tək-tək şairələr olub, amma yenə də deyirəm, bunlar ümumi mənzərəyə təsir etmir. Qadınların ictimailəşməsi üçün səbəblər çox olmalıdır. Əsas fiqur kimi nə zaman ortalığa gələ bilərsən? Ordu sənin əlində olsa, dini təlimləri yaymaq iqtidarında olsan və başqa bu tip səbəblər. Bunların heç biri qadınların əlində olmayıb. Hətta qadınların təhsil alması da böyük problem olub. Cəmiyyət bunu heç vaxt qəbul edə bilməyib. XIX əsrin sonlarından isə bu proses böyük inkişaf yolu keçdi və qadınlar elmi sahələrdə Nobel mükafatı almağa başladı. Məsələn, Mariya Küri. Qəbul etsək də, etməsək də Allah kişini qadından üstün yaradıb. Mən həmişə o qabırğa teoreminə inanıram. Mən inanıram ki, Allah kişi darıxmasın deyə, əylənsin deyə onun qabırğasından qadını yaradıb. Əyləncə olmayan qadınlar istisnalardır. Qadının əsas funksiyası nədir? Kişinin nəslini gələcəyə daşımaq, ondan olan uşaqları tərbiyə etmək. 90 faiz qadınlar bununla yaşayırlar. O 10 faizə hər kəs daxil ola bilmir.
- Mətbəxdə necəsiz, İradə xanım?
- Mən bir period oldu ki, uşaqlar böyüyənə qədər işdən çıxıb evdə oturdum. Həmin dövrdə mən ancaq mətbəxdə yaşamışam. Deyim ki, çox dadlı yeməklər də bişirə bilirəm. Uşaqlarım da həmişə ləzzətlə yeyiblər. Amma onlar böyüyəndən sonra kiçik oğlum Türkiyəyə getdi, böyük oğlum evdə tapılmadı. Elə bil onda mən mətbəximdən də incidim. Təklikdən sıxıldım, elə həmin dövrdə də “Space” telekanalında işləməyə başladım. Mənim mətbəxim artıq ictimailəşdi. Altı film çəkildi, böyük rezonans yaradan sujetlər oldu. Sonra mətbəxlə münasibətlərimi tamam kəsdim. İndi özüm bişirmirəm. Bir dövr oldu, xəstələndim, kömək etdilər mənə. İndi uşaqlar da narazılıq edir ki, ağzımızın dadı gedib. Bu ona görə deyil ki, mən gözəl yeməklər bişirirəm. Sadəcə insanın damaq zövqü səkkiz yaşına qədər formalaşır. O yaşa qədər nə yeyirsə beynində o qalır. Ona görə uşaqlara elə gəlir ki, anasının bişirdiyi yeməklər hamının bişirdiyindən dadlıdır. Uşaqlarım da bunu deyir. Amma indi hövsələm yoxdur mətbəxə girməyə.
- İradə xanım, xarakter etibariylə zəhmli birisiz. Heç olubmu ki, bu özünüzü də incitsin?
- Mən bilmirəm bu zəhm sözü mənim haqqımda niyə yaranıb. Sizə bir şey deyim. Mənim qardaşım olmayıb, iki bacı olmuşuq. Mən balaca olanda atam ağır xəstələndi. Bu elə yaş mərhələsi idi ki, mən özümü qorumağa məcbur idim. Ona görə üzünə bir maska taxırsan ki, sənə bir kimsə dəyib-dolaşmasın. O yük adamın üstündə qalır. Müəyyən illər keçir və o maska artıq sənin üzünə yapışır, çıxarda da bilmirsən. Yəqin ona görədir. Əgər mən kimləsə eyni tezliklərdə ola bilirəmsə, onda qarşımdakı insan görür ki, məndə qorxulu heç bir şey yoxdur.
- Elə bil insanlarla aranızda bir sərhəd müəyyənləşdirmisiz və o xəttdən yaxına heç kimi buraxmırsız.
-Yəqin belə lazımdır. Çünki mən görürəm ki, insanları həddən artıq yaxına buraxanda onlar həddini aşırlar. Yəqin o sərhədləri qorumaq lazımdır.
- Ümumiyyətlə çox gec-gec yazırsız. Müsahibələrinizin birində də demişdiz ki, bəzən bir cümləni bir gün fikirləşirəm. Bunun əsas səbəbi nədir?
-Mənim sözə, yaradıcılığa, ədəbiyyata məsuliyyətim. Bir dövr oldu ki, mən çox intensiv işlədim. Hər həftə mənim yazılarım çıxırdı. Özü də ağır yazılar. Hansı ki, bunları yazmaq üçün bir ömür sərf etmək lazımdır. Bir yazının içində o qədər informasiya olur, o qədər yüklənir ki, mən özüm fikirləşirəm ki, bunu oxuyanlar bu qədər çətinliklə həzm edir, gör yazmaq necə çətindir. İnsanın ruh halı, ovqatı həmişə eyni olmur. Bəzən olur ki, yaradıcılıqda durğunluq yaranır, heç nə yaza bilmirsən. Hamıda olur bu - rəssamlarda da, bəstəkarlarda da, yazıçılarda da. Son vaxtlar hiss edirəm ki, yazmaq istəyirəm, amma qorxuram. Bir böyük fikrim var. Öz dövrüm haqqında yazıram.
- Bəlkə də Məmməd Arazın qızı statusu da sözün üstündə əsməyinizin bir səbəbidir.
- Yox, onun nə dəxli var ki? Elə bir adam tanıyırsızmı ki, atası yaxşıdı deyə onun yazdığını da yaxşı qəbul etsinlər? Əgər Anar özü yazıçı olmasaydı, Rəsul Rzanın oğlu olmağının bir əhəmiyyəti var idimi? Anarın özünün yazdıqlarına görə Anarı sevirlər. Hərə öz imzasının arxasındadır. Məmməd Arazın qızı evdə qalır. Onun qızı olmaq ədəbiyyatdakı yerinə heç bir təsir göstərmir. Mənim adım İradə Tuncaydır, bilməyən adam üçün nə fərqi var ki, kiməm, nəçiyəm. Amma oxuyub görür ki, hə xoşuna gəlir, ya da gəlmir.
- İradə xanım, bir şəkil var, atanız oturub, siz də gözlərinizi uzaqlara zilləmisiz. Danışan şəkildi əslində.
- Bildim hansı şəkli deyirsiz. Həyətdə oturmuşuq. O mənim filmimdəndir. Onu mən filmdən stop kadr etmişəm. Mən ümumiyyətlə bu haqda danışmağı da sevmirəm. Bu mənim öz içimdə qalan dərdimdir. Mən bunu heç kimə arzu etmirəm, təsəvvür edin, 30 il yataq xəstəsi atanızın əvəzinə hər şey edirsən. Dırnağını tutursan, əlini yuyursan, yeməyini yedirdirsən (kövrəlir)...Nəysə.
- Bədxərclik edəndə iflas başlayır. Sizcə hissləri də qənaətlə xərcləmək lazımdır?
- Hisslər axı elə bir şeydir ki, onları idarə etmək hər adama müyəssər olmur. Adətən insanların hissi nə vaxt aşıb-daşır? Kiməsə aşiq olanda, gözəl bir əsərini yazıb bitirəndə. Bunları idarə etmək hər adam üçün deyil. Psixoloqlar deyirlər ki, insanın hisslərinin tüğyan elədiyi dövr üç ilə keçib gedir. Üç ildən sonra o səngiyir. Əgər insanlar bundan sonra münasibətlərini davam etdirmək fikrindədirlərsə, bu artıq bir enerjinin başqa enerjiyə çevrilməsidir. Fizikadan yadınızdadırsa, enerji itmir axı, bir şəkildən başqa şəklə keçir. Ona görə də hisslərin idarə olunması, harasa yönəldilməsi çox fərdi və özəl bir şeydir. Həm də bir az mürəkkəb məsələdir.
Hazırladılar:
Nərgiz Qasımzadə
Nərmin Süleymanova
Gülnar Hacıxanlı
Orxan Cuvarlı
IV kurs tələbələri
Efenin “Bayram əmisi”
İslam dinində yerinə yetirilməsi vacib olan beş əsas əməl var. Bu əməllərdən biri də oruc tutmaqdir. Oruc “11 ayın sultanı” olan Ramazanda tutulur. O, Ramazan ayında tutulduğu üçün ona “Ramazan orucu” da deyirlər. Həzrəti Məhəmməd Peyğəmbər buyurur ki, “Ramazan ayı gələndə cənnətin qapıları açılar, cəhənnəmin qapıları isə bağlanar “. Ramazan ayı oruc tutmaq timsalında insanlara Allahı sevməyi, öz iradəsini və dözümlülüyünü yoxlamaq imkanı verir.
Bəs baxaq görək bu müqəddəs ay televiziya vasitəsi ilə insanlara nə dərəcədən çatdırılır? Cəmiyyətin maariflənməsində kütləvi informasiya vasitələrinin, xüsusilə də televiziyanin rolu çox böyükdür. Hər nə qədər bütün müsəlmanlar Ramazan ayını tanısalar da , onlara bu ay haqqında daha geniş məlumat verilməlidir. Bunun da ən optimal variantı televiziya kanallarıdır. Bu il bayram ərəfəsində Türkiyə telekanallarından birində verilən tanıtım çarxını gördüm və çox böyük maraqla izlədim. Təxminən 11 dəqiqəlik çarx idi. Lakin o 11 dəqiqəyə sanki bütün Ramazan ayı yerləşdirilmişdir. Bu ayın başlandığı gündən son gününə kimi hər şey arada bəzi günlər ötürülərək çəkilmişdi. Bu videoçarxın adı “5 yaş sendromu” idi. Onu çəkməyin məqsədi Ramazan ayını və bu ayda görülən bütün əməlləri insanlara çatdırmaq, onları daha da maarifləndirməkdir. 5 yaşlı Efenin Ramazan ayını necə öyrəndiyi çarxda əks olunur. Efe evdə bütün ailə üzvlərinin gün ərzində yemək yemədiyini, az danışdığını görür. Yeməyin axşam azanından sonra yeyilməsi Efeyə çox qəribə gəlirdi. O atasından və anasından niyə yemək yemədiklərini soruşduqda, biri “orucuq”, digəri isə “Ramazandı” deyir. Kiçik yaşlı uşaq oruc və Ramazanın insan olduğunu düşünür. Səhər sübhdən ailəsinin yemək yediyini görür və ona elə gəlirki, onlar Ramazan və Oruc əmidən qorxduqları üçün qaranlıqda yeyirlər. Bir neçə gündən sonra Efe artıq qardaşının dəcəllik etmədiyini, atası ilə anasının dalaşmadığını görür və Ramazanı tanımasa da sevməyə başlayır. Onlara hər gün qeybət etmək üçün gələn “qonşu xalalar” da başlarını örtüb dua edirdilər.
Ən son bayram günündə Efe hər kəsin gün işığında yemək yediyini görür və Ramazanın getdiyini başa düşür. Bir sözlə, bu videoçarxda Efe və onun ailəsinin timsalında Ramazan ayının müqəddəsliyi əks olunur. Göstərilir ki, bu ayda bütün ailə birlikdə süfrəyə oturur, namaz birlikdə qılınır, qohumlar bir-birini ziyarət edir, küsülülər barışır, yoxsullar sevindirilir.
Bir az öncə də qeyd etdiyim kimi, Ramazanın cəmiyyətə çatdırılması üçün cəmiyyətin İslam dini haqqında düzgün maarifləndirilməsi olduqca vacibdir. Türkiyə telekanalları ilə müqayisədə Azərbaycan televiziyalarında buna az rast gəlirik. Bəzi telekanallara baxdıqda Ramazan ayında olduğumuzu daha çox plov reklamlarında hiss edirik. Düzdür, əvvəlki illərlə müqayisədə televiziyamızda Ramazanla bağlı verilişlərin sayı xeyli artıb. Məncə Türkiyə telekanallarında iftardan imsaka qədər canlı yayımlanan maarifçi verilişlərdən Azərbaycan telekanallarında da yayımlamaq yaxşı olardı. Bu tip verilişlər, ümumiyyətlə televiziya verilişləri cəmiyyətin formalaşmasında mühüm rol oynayır.
Fidan Xasayeva
III kurs tələbəsi
“Bəs sən Vətən üçün nə etmisən?”
Yazı stolumun üstündə nə dəyişsə də bu üç şey daim oradadır. Üçrəngli dövlət bayrağımız, müqəddəs dinimizin mərkəzi olan Məkkənin şəkli, bir də həmin jurnal. Hansıki, bu jurnalı düz dörd il bundan qabaq, 2011-ci ildə, mən hələ 11-ci sinifdə oxuyanda bizə Hərbi hazırlıqdan dərs deyən Elnur müəllim vermişdi.(Qeyd edim ki, bizə Vətəni sevdirən bu insan bir il bundan qabaq 33 yaşında, körpə qızının hələ 40 günü tamam olmamış dünyasını dəyişdi). O gün “Şahinlər” hərbi idman oyunlarında ilk dəfə zona yarışlarına qatılmaq imkanı qazanmışdıq. Komandanın kapitanı olduğumdan hamıdan çox sevinən də mən idim. Elnur müəllim gəldi, əlimi möhkəm-möhkəm sıxdı və jurnalı mənə uzatdı.Bu “Hesabat” jurnalının bir nömrəsi idi.
Jurnalın üz qabığında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəkli əks olunmuşdu. Şəklin altında isə iri və qırmızı şriftlərlə yazılmışdı : “ Bəs sən Vətən üçün nə etmisən?”
Maraqlı sualdır, deyilmi? Bu sualı heç özünüzə verdiyiniz olubmu?
Mən də bir çoxları kimi bu fikirdəyəm ki, Vətən üçün ölməkdən daha çox yaşamaq lazımdır. Diqqətli olun ha, yemək üçün demirəm, Vətən üçün deyirəm.
“Biz Vətən üçün nə etməliyik?” sualının cavabına keçməzdən əvvəl “Biz necə vətənpərvərik?” sualını cavblandırmaq istərdim. Təbii ki, bunlar mənim fikirlərimdir və sizin bunlarla razılaşmamaq haqqınız var. Vətənpərvərlik “mən Qoç Koroğlunun, Babəkin nəvəsiyəm” deməklə, hər Xocalı faciəsində, 20 Yanvarda bir dəfə şəhidləri, həlak olmuş qurbanları ziyarət etməklə”, “ Lazım gəlsə bu saat əldə silah torpaqlarımızı azad etməyə hazıram” kimi pafoslu cümlələr söyləməklə, ayda-ildə bir dəfə TV kanallarımızın bir küncünə qara lent bağlamaqla bitmir məncə.
Bir gün qrup yoldaşlarımdan biri bananı yedikdən sonra qabığını partanın üstünə qoyub çıxırdı. Mən ona dedim ki, niyə axı zibili ora qoyursan? Buranı yığışdıran da axı insandır, götür çöldə zibil qabına atarsan. Onun cavabı elə bir çoxlarınkı kimi oldu: “Xadimələrin vəzifəsi elə yığışdırmaqdır da, biz olmasaq, tökməsək onlar niyə lazımdır bəs?. Birdə ki, mən niyə əlimdə bunu aparıb bayırdakı zibil qutusuna atmalıyam. Sinfə zibil qutusu qoysunlar da”. Bax, o zibili ora atacaq, 3-5 manat qiyməti olan bir zibil qutusunu almayacaq qədər vətənpərvərik biz!
Evimizi gül kimi edib, zibilini zibil qutusunun içinə atmayacaq, yerə tüpürəcək, partanın altına saqqız yapışdıracaq qədər vətənpərvərik biz!
Övladımı imtahandan keçir,-deyə müəllimə rüşvət verəcək qədər vətənpərvərik biz! ...
Ey sosial şəbəkə “qəhrəmanları”, indi isə sözüm sizədir. Bu gün Vətənini tanıdan, təbliğ edən hansı statusları, şəkilləri paylaşırsız? Bilirəm, indi məni tanıyanlar deyəcək ki, ay Maral, sən ki sosial şəbəkələrdə yoxsan, nə bilirsən vəziyyət necədir? Düz deyirsiz, dostlarım, yoxam. Yaxşı ki yoxam. Olmasa ürəyim partlayardı, vallah. Çünki bizim yaşda olanda Ceyhun Hacıbəyli Versal Sülh Konfransında Azərbaycanın dünyada tanınmasına çalışırdı, Janna Dark Fransanın müstəqilliyi uğrunda mübarizə aparırdı. Tay tualetdə selfi çəkdirib... Bir də ki, görünən dağa nə bələdçi. Bu gün Milli Qəhrəmanımız Asif Məhərrəmov haqqında internetdə axtarış aparanda müğənni Asif Məhərrəmov barəsində itə tök ( hərçənd itə də onları rəva bilmirəm) məlumatlar çıxdı qarşıma. Amma təəssüflər olsun ki, kitablarda “hünərinə görə adına dastan qoşulan batalyon komandiri Asif Məhərrəmov” kimi yazılan komandirimiz haqqında o dastanın bircə abzasını da tapmadım.
Bu gün küçəyə çıxıb hansı bir gəncdən soruşsan ki, işğal olunmuş zonaların adını və işğal olunma tarixlərini ardıcıllıqla de, əminəm ki, əksəriyyəti çaşıb qalacaq. Ya da bir dəfə apardığımız “Xocalı faciəsini niyə dünyaya yetərincə çatdıra bilməmişik?” sorğuya verdikləri kimi “çəkməsəydiniz danışardım” cavabını verəcəklər.
Bəzilərimiz də KİV-ləri qınayırıq ki, vətənpərvərlik ruhu KİV-lərdə, xüsusən də TV-lərdə yetərincə təbliğ olunmur. Ay balam, sənə deməsələr ki, ananı sev onu sevməyəcəksən?! Axı biz bar-bar bağırırıq ki, Ana Vətən! Ana Vətən! Məgər ananı da sevməyi sənə kimsə deməlidir, gündə yadına salmalıdır ki, ananı sevmək lazımdır. Elə bilməyin ki, mən TV-lərin bu siyasətini dəstəkləyirəm. Əsla. Rəhmətlik Zərdabi deyirdi ki, qəzet (müasir dillə desək bütün KİV-lər) gərək hər bir vilayətin aynası olsun. Bizim TV-lər isə qız evindən gətirilən cehizlik güzgüyə oxşayır, həmişə toy, çal-çağır görünür bu aynadan. Kənardan baxan deməz heç bu Vətənin 20 % torpaqları işğal altındadır.
Bilirsizmi biz nə vaxt vətənpərvər olacağıq? Eyvanımızdan, iş yerimizdən üçrəngli bayrağımızı asanda. M.Ə.Rəsulzadədən danışarkən mürgüləməyəndə.Bazarda tərəzilərimiz düz işləyəndə, “ balamın canıyçun təzə balıqdır” deyib iylənmiş balığı alıcıya sırımayanda, “ A kişi, kartof daşımırsan ey, bir az yavaş sür!” deyib də haqqımızı tələb edərkən, “Sən canun şofer astonovka uzaqdı, burda saxla düşüm QAİ zad görməz” deməyəndə. Hərbi Komissarlığa gedib oğlumuzu “niqodnı” etdirməyəndə. “ Narahat olmayın yollarınızı düzəltdirəcək, hər bir evə su çəkdirəcəm...” deyib də seçildikdən sonra camaatla siçan-pişik oynamayanda. 8 Martda, Müəllimlər günündə şagirdlərdən pul yığmayanda.Bukletləri alıb yerə tullamayanda,bir zibil qutusu almağa aciz olmayanda... Bax o zaman biz əsl vətənpərvər olacağıq.
Məgər Vətən üçün bunları etmək olmazmı? Məgər Vətən bizdən çox şeymi istəyir?!
Maral Türksoy
IV kurs tələbəsi
İnsan oğlunun yaşadıqları
Bu yazını yazmazdan əvvəl çox fikirləşdim. Hardan başlayım, necə başlayım? Əslində yazını yazmağa məni vadar edən gördüyüm yuxudur. Yox, yuxunu nəql etməyəcəm. Amma yuxumdan özüm üçün çıxartdığım nəticəni bölüşə bilərəm.
Deyir, əlindəkinin dəyərini itirdikdən sonra anlayarsan. Bu, həqiqətən də belədir. Hər cəhətdən biz əlimizdəkilərin dəyərini onu itirdikdən sonra anlayırıq.
Türkiyənin məşhur yumoristlərindən Atalay Demirci hər çıxışında bu şeiri deyir “Biz İnsanoğluyuz”.
“Ne istediyimizi bilemeyiz çok zaman,
Babanın tabutunu taşırken anlarız kıymetini,
Sevgiliyi elden gidene kadar sevemeyiz,
Mutluluk dibimizdedir kör olur göremeyiz,
Biz insanoğluyuz”.
Şeirin davamı bizim yaşadığımız həyatı qısaca canladır. Həqiqətən də, belədir. Biz həyatda hər şeyin dəyərini, qiymətini onu itirdiyimiz zaman anlayırıq. Çox acıverici haldır,bəli. Amma nə etməli? Biz insan oğluyuq. Nə gözəl olardı hər fəsli öz vaxtında sevsək, dadını çıxarsaq. Qış olanda yayı istəyirik, yay olanda da qışı. Biz niyə hər şeyi sonradan artıq gec olanda istəyirik? Biz nəyə görə həyat da nəyi çox istədiyimizi anlamırıq ?
Nəyisə çox istəyirik, ondan ötrü çabalayırıq, əlimizdən gələni edirik. Amma onu əldə etdikdən sonra dəyərini bilmirik.
Ölüm yatağı deyə bir həqiqət var. Mən o adama xoşbəxt deyərəm ki, ölüm yatağında “kaş ki” deyəcəyi bir şeyi yoxdur. “Kaş ki, bunu vaxtında edərdim” cümləsi qədər insana ağrı verən cümlə yoxdur. Kaş ki, ömrümüzün axırına qədər hər şeyi vaxtında, dadında etməyi bacarsaq. İnsanların dəyərini, ona olan istəyimizi onlar bizim yanımızdaykən göstərsək. Əgər yeməyə quru çörək belə tapırıqsa, buna şükr etsək. Bunu tapa bilməyənlərə baxıb həyatı daha yaxşı dərk etsək.
Yuxarı baxıb fikir etməkdənsə, aşağı baxıb şükr edək. Bunu, həqiqətən, bacaraq.
Onsuz da ölümlü dünyadır. Yalançı dünyadır. Bu dünya, bu həyat bizə verilmiş imtahan kağızıdır. Bu kağıza biz içimizdəkiləri yazırıq. Burada 4 səhv 1 düzü aparmır. Bu imtahanda sən səhv etmiş ola bilərsən, amma sən səhvini anlayırsansa, həqiqətən, onu düzəltməyi bacarırsansa, sən yenə də imtahandan keçə bilərsən. Bu imtahanın bir qayəsi var: Nə olursan ol, son da insan ol.
Sözsüz ki, səhv etməmiş həqiqəti dərk edə bilmərik. Amma nə gözəl olardı ki, kağızımızı qaralamadan imtahandan keçə bilək.
Hər şeyin, hər kəsin, qiymətini, dəyərini, dadını öz anında bilək və sevək. Daha da gec olmadan.
Xanım Səfərova
III kurs tələbəsi
“Axırıncı vaqonu buraxın, xanım!”
Yenə bu vərəqlə üz-üzə gəldik,
Neyləyək, yazmağa səbəbimiz bol...
İndi yazdığım yazı çalışacam ki, qısa olsun. Bu dəfə mövzu günün aktualı olan vaqon söhbətidir. Bu vaqon söhbəti hamı kimi məni də təngə gətirdi deyə yazıram.
Hacı Şahin dindar tayfasından bəlkə də düşmən kəsilmədiyim, əksinə tolerantlığına görə hörmət etdiyim biri idi. Çünki digər çıxışları, bildirdiyi fikirlər hamıya məlum olan “dindar”lar kimi qəti deyil, daha ağılabatan olurdu. Amma hər sevginin sonu olduğu kimi, “Sevgimiz elə bu qədərmiş...” deyib yuxarıda sadaladığım tolerantlıq nümunəsi insana olan hörmətimi bitirirəm.
Adam alıb əlinə klaviaturanı yazır ki, #sonvaqona minmə ay kişi, qoy o vaqon xanımların olsun. Burdan jurnalistə gərəkli olan, amma mənim sevmədiyim sual ortaya çıxır. - Niyə? Qadını gözüm-çıxdıya salan, onu insandan, cəmiyyətdən ayıran nə günahı var ki? Bəşər övladının anası sayılan Həvva ana o almanı dözməyib yediyi üçünmüdür bu diskriminasiya? Yoxsa, qadınlar sizi vaqonlarda narahat edirlər? Baxıb gözmü vururlar? Ya nömrələrini qışqıra-qışqıra kiməsə eşitdirməyə çalışırlar?
Hacı Sahin Hesenli_ (Dogru yol) səhifəsində paylaşılmış statusla göstərdikləri səbəb belə idi ki, xanımları onları narahat edə biləcək kişilərdən qorumaq üçün bu fikri irəli sürüblər.
Çıxış nöqtəsi kimi demirlər, qadına-qıza ilişməyək, onları gözlə, sözlə, əllə təcavüz etməyək. Deyirlər, vaqonu ayıraq. Sonuncu vaqon çarə yox, qadını cəmiyyətdən təcrid etməkdir, onları sıxışdırmaqdır, qadına haqqını tələb etməyə izn verməmək, ona göstərilən yerdə durmağa məcbur etməkdir. O inandığınız Allah sizə ağıl ehsan eləsin!
Sonradan axtarsam da, bu aksiyanı başladan statusu tapa bilmədim. Hacı Şahin modern.az-a açıqlamasında belə bir fikir demədiyini, ümumiyyətlə facebook-da hər hansı bir hesabının olmadığını desə də, onun adına açılmış səhifədən paylaşılan fikirlər sosial şəbəkə aktivlərini əməllicə çalxaladı. Fikri dəstəkləyənlər də oldu, qarşı çıxanlar da, baxıb gülüb keçənlər də.
Nizami Gəncəvinin də Makedonyalı İsgəndərə Qıpçaq ağsaqqallarının adından dediyi kimi, “Əgər qadına baxmaq günahdırsa, sən gözlərini ört, qadını yox!”.
Fidan HƏSƏNZADƏ
IV kurs tələbəsi
Təlim iştirakçılarına sertifikatlar verildi
Oktyabrın 30-da “Tələbədən-tələbəyə” layihəsinin və SABAH Gənclər Təşkilatının təşəbbüsü ilə “Müasir gənclərin vətənpərvərlik ruhunun artırılması yolları” mövzusunda seminar keçirildi.
Seminarda iştirak edən tarix kafedrasının dosenti Rəsul Hüseynli “Vətənpərvərlik nədir?”, “Vətən hardan başlanır?”, “Millətçilik, beynəlmiləlçilik, ümumibəşərilik”, “Vətənpərvərlik hisslərinin ailədə, KİV-də, tədris müəssisələrində təbliği” başlıqlı məruzələr etdi.
Tədbir tələbələrin müzakirəyə qoşulması, fərqli fikirlərin ortaya qoyulması ilə daha da maraqlı oldu.
Sonda “Tələbədən-tələbəyə 1” və “Tələbədən-tələbəyə 2” təliminin iştirakçılarına sertifikatlar təqdim olundu və xatirə şəkli çəkdirildi.
Təbrik edirik!
Oktyabrın 30-da Jurnalistika fakültəsinin sosial məsələlər üzrə dekan müavini, Beynəlxalq jurnalistika kafedrasının müəllimi Aytəkin Əli qızı Zeynalovanın “Mətbuat dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi (müasir Azərbaycan materialları əsasında) mövzusunda siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin müdafiəsi keçirildi.
Redaksiya heyəti olaraq və Jurnalistika fakültəsinin tələbələri adından hamımızın sevimlisi Aytəkin xanımı təbrik edir və ona gələcək işlərində də uğurlar arzulayırıq.
Mədəniyyət ən böyük sərvətimizdir
Mədəniyyət insana bəxş edilən ən böyük şəxsi dəyərlərdən biri kimi onun formalaşmasında, cəmiyyətdə öz yerini tapmasında böyük rol oynayır. İnsan öncə valideynləri tərəfindən tərbiyə olunur. Amma bəzən valideyinlərin övlada veridyi tərbiyə kifayət etmir. Çünki o həmişə uşaq qalmır. Böyüyür və onun tərbiyəsinə ətraf mühitin təsiri az olmur. Və artıq burada mədəniyyət formalaşmağa başlayır.
Mədəni insan yalnız özü üçün mədəni xarakter daşımır, o həm də yaşadığı ölkənin mədəniyyətini xarakterizə edir. Özü kimi minlərlə insanın da mədəni mühitinin formalaşmasına kömək edir.
Mədəniyyət təkcə ailədə yox, bir çox sahələrdə özünü göstərir. Məs: danışmaq mədəniyyəti, dinləmək mədəniyyəti, süfrə mədəniyyəti, küçə mədəniyyəti. Bunlardan sonuncusu “küçə mədəniyyəti” geniş termin olmaqla yanaşı həm də indi aktul məsələlərdən biri sayılır. Bir insanın mədəni olub-olmadığını yalnız küçədə müşahidə edə bilərsən. Hər yer ola bilər: kafe , restoran, univerisitet, məktəb və.s. Bunların içərisində ən maraqlısı marşrut və metroda yaranan vəziyyətdir. İllər keçsə də yeganə dəyişməyən və insanların narahatlığına səbəb olan əsas məsələ bu iki nəqliyyat vasitəsində sıxlıq probleminin yaranmasıdır. Səhər saat 09:00 və saat 19:00 əhalinin sıxlığının ən pik nöqtəsidir. Və bu bir sıra xoşagəlməz halların yaranmasına səbəb olur. Təkcə metro və ya avtobuslara minərkən deyil bankomatlarda, marketlərdə, bir sözlə insanların sıx olduğu yerlərdə insanların heç bir sıraya məhəl qoymadan bir-birlərinin önünə keçməsinin və nəticədə, yaranan qarma-qarışıqlığın dəfələrlə şahidi olmuşuq.
Həmin vaxt sual yaranır ki, axı bu insanlar niyə belə edirlər? Məgər belə aqressiv olmaqdansa, daha mədəniyyətli tərzdə davranıb, növbədə dayanmağı məqbul hesab edə bilmərikmi? Əlbəttə ki, edə bilərik, çünki bu, məhz bizim əlimizdədir. Sırada durmağın özü bir mədəniyyətdir. Bu mədəniyyət insanlara, ən başlıcası isə insanın özünə hörmətdən irəli gəlir. Bir misal: Sırada durmaqda ən məşhur xalq ingilislərdi, ya da adları çıxıb, “English queue”, yəni ingilis sırası. İngilislər hər yerdə sırada dururlar, hətta avtobus dayanacağında belə. Qoca, cavan, qadın, kişi olmasından fərqli olmayaraq, hamı sırada durur, təkcə qüsurlu insanların sıradan kənar keçməsinə icazə verirlər.
Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Bizdə, hətta, sıraya durmaq üçün nömrə götürülən yerlərdə belə sıranı pozan insanlar var. Təəssüf ki... Təəssüf ki, biz metro stansiyalarının girişlərində quraşdırılmış post-terminallara gediş haqqı yükləmək üçün, demək olar ki, bir-birimizə aman vermirik. Hətta pik saatlarda elə hallar olur ki, ayaqlar altında qalıb tapdalananlar, çantası cırılanlar, bir-birini itirənlər də olur. Təəssüf ki, belə məqamlarda insanlar nə qocalara, nə uşaqlara, nə əliuşaqlı qadınlara, nə də hamilə xanımlara yol və sıra vermək istəmirlər. Məgər onların ailələri də bu qədər etinasızdırlar? Yəqin ki, bu belədir. Məhz etinasız ailələrin “tərbiyələri” fonunda bu kimi utancverici hadisələr yaşanır. Amma bunun qarşısını almaq üçün yəqin ki, bir iş görməyin zamanı çatıb. Axı Azərbaycan gündən-günə inkişaf edir, ölkəyə gələn əcnəbilərin sayı artır. Axı ölkəmiz və paytaxtımız beynəlxalq toplantıların mərkəzinə, turizm məkanına çevrilir. Sabah bu kimi hallar çoxalarsa xalqımızın nüfuzuna zərər dəyə bilər.
Məncə, belə olan halda, hər birimiz bir vətəndaş olaraq, öz iradlarımızı bildirməli, bu kimi halların qarşısını almaq üçün əlimizdən gələni etməliyik. Yoxsa gec olar...
Güntac ŞAHMƏMMƏDOVA
III kurs tələbəsi