Novruzun gəlişi münasibətilə Ağcabədi şəhərinin mərkəzi stadionunda bayram satış yarmarkası təşkil edilib.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin təşəbbüsü ilə keçirilən yarmarka Novruz bayramı ərəfəsində əhalinin ərzaq malları və kənd təsərrüfatı məhsullarına olan tələbatının daha dolğun ödənilməsini təmin etmək, həmçinin süni qiymət artımının qarşısını almaq məqsədi daşıyır.
Yarmarkada alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılıb, məhsulların keyfiyyəti, sanitariya-gigiyena nəzarətindən keçirilməsi təmin olunub. Rayonun yaşayış məntəqələrindən gətirilmiş ət və süd məhsulları, ev quşları, yumurta, meyvə-tərəvəz, göyərti və bayram çərəzləri bazar qiymətlərindən orta hesabla 20-30 faiz ucuz satılıb. Un (50 kq) 21 manata, mal əti 4 manata, qoyun əti 5 manata, kartof 60 qəpiyə, taxıl 20 qəpiyə, yumurta 10 qəpiyə təklif olunub.
Sakinlər yarmarkanın keçirilməsini rəğbətlə qarşılayıb, məhsulların keyfiyyətindən və qiymətindən razılıq ediblər.