"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin təşəbbüsü, Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Uşaqların beynəlxalq müdafiəsi gününə həsr olunmuş bayram şənliyi keçirilib.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Uşaqların beynəlxalq müdafiəsi gününün yaranma tarixindən söz açıb və bu tarixi hadisəni gələcəyimiz olan uşaqlara dünyanın böyük ərməğanı kimi dəyərləndirib. Ölkəmizdə uşaqlara göstərilən yüksək diqqət və qayğıdan bəhs edən icra başçısı bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam və inkişaf etdirilən uşaq-gənclər siyasətindən, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu siyasətə yönəlik möhtəşəm layihələrindən söz açıb."Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova uşaqlara ürək sözlərini söyləyərək diqqətə çatdırıb ki, "Loqos" komandası tədbir sona çatana qədər arzulayanlara təmənnasız psixoloji, psixopedoqoji və loqoped xidməti göstərəcək.
Bakı şəhərinin ən gözəl məkanlarından biri Zorge adına parkda açıq səma altında düzənlənən şənlikdə paytaxt məktəbliləri, kiçik yaşlı uşaqlar, valideynlər iştirak ediblər.
Şən klounların, nağıl qəhrəmanlarının əhatəsində uşaqlar sanki bütün dünyanı unutmuşdular. Onlar rəngli boya ilə asfalt üzərində öz yaradıcılıq qabiliyyətlərini nümayiş etdirir, çəkdikləri rəsmlərdə öz dünyalarından danışırdılar. "Loqos"un təcrübəli psixoloqları Rafiq Allahverdiyev, Anara Quliyeva park boyunca asfalt üzərində sıralanan rəsmlərdə uşaq dünyasını araşdırır, valideynlərə uşaqlarının psixoloji vəziyyəti barədə məlumat və məsləhət verirdilər.
Çəmənlikdə xalça üstündə oynayan azyaşlılar da psixoloqların diqqət mərkəzində idi. Öz dünyasında xoşbəxt anlar yaşayan günün qəhrəmanları isə heç nəyin fərqində deyil. Onlar yenicə tanış olduqları yaşıdları ilə rəqs edir, mahnı oxuyur, klounlarla zarafatlaşır, müxtəlif səpkili müsabiqə və oyunlarda məharətlərini nümayiş etdirirdilər.
Nitqində, psixoloji durumunda problemi olan balacaların ata-anaları ikiqat sevinc yaşayırdılar. Belə imkan hər zaman ələ düşməz .Övladları həm əylənir, həm də psixoloji müayinədən keçirdilər.
Mərkəzin baş psixoloqu, psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyevanın günəş oyunu balacaların çox xoşuna gəlir. Dəstə-dəstə oyuna qoşulan uşaqlar təcrübəli psixoloqun əhatəsində dolanır, onun sorğularına həvəslə cavab verir, amma tanımadıqları yaşıdları ilə onları bir araya gətirən bu maraqlı oyunun relaks məşğələ olduğunu bilmirdilər. Hətta şən klounların gülməli zarafatları belə balacaların diqqətini yayındıra bilmirdi.
Səhər saatlarından başlayan uşaq bayramı günortaya qədər davam etdi. Yorulmaq bilməyən balacalar tədbirin başa çatmasının fərqinə belə varmadılar. Onlar "Dünyanın hər yerində xoşbəxt olsun uşaqlar" mahnısının sədaları altında valideynləri ilə parka gəzməyə gələn yaşıdlarına bayram şənliyi barədə həvəslə danışır, çəkdikləri rəsmləri göstərir, öyrəndikləri yeni oyunları onlara da öyrədirdilər. Beləcə, qəlblərə, düşüncələrə hopan bayram sevinci gün boyunca paylaşıldı. Uşaqların beynəlxalq müdafisi günündə təbiət qoynunda, açıq səma altında keçirilən tədbirdəki bayram sevincindən hər kəsə pay düşdü.
GÜLGÜN