Sentyabrın 15-dən Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalı keçirilir.
Bu ayın 24-dək davam edəcək festivalda ölkəmizin müxtəlif teatrları ilə yanaşı, Rusiyanın Moskva “Trikster” Teatrı, Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əhli Dubay Bələdiyyə Teatrı, Gürcüstanın C.Axmeteli adına Tbilisi Dövlət Dram Teatrı və N.Dumbadze adına Professional Dövlət Gənclər Teatrı, İran İslam Respublikasının “Negab” Teatrı və başqa ölkələrin teatrları maraqlı tamaşalarla iştirak edəcəklər.
Festival çərçivəsində qardaş Türkiyə Cümhuriyyətinin İstanbul Bələdiyyəsi Şəhər Teatrının tamaşası Azərbaycan Dövlət Musiqili Teatrında nümayiş olunacaq.
Musiqili Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İstanbul Bələdiyyəsi Şəhər Teatrı sentyabrın 22-də və 23-də Xalq yazıçısı Elçinin “Şekspir” əsərini təqdim edəcək. Tamaşanın quruluşçu rejissoru Türkiyədə yaşayan həmyerlimiz, Əməkdar incəsənət xadimi Məlahət Abbasova, quruluşçu rəssamı Ayhan Doğandır.
Qeyd edək ki, böyük tamaşaçı auditoriyasının sevgi və rəğbətini qazanan, qardaş ölkənin teatr ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilən “Şekspir” tamaşası “Yeni tiyatro dergisi. Emek ve başarı ödülü” mükafatına layiq görülüb. Bundan öncə isə səhnə əsərində rol alan 5 aktyor “İlin ən yaxşı aktyoru” seçilib.