Bakı Ali Neft Məktəbində (BANM) Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının Gənclər Birliyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və BANM-in təşkilatçılığı ilə BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının 3-cü kurs tələbəsi Pakizə Paşayevanın “I can or I must” (“Mən bacara bilərəm və ya mən etməliyəm”) adlı layihəsinin yekununa həsr olunmuş tədbir keçirilib.
BANM-dən APA-ya bildirilib ki, tədbirə Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Milli Məclisin İnformasiya resursları və texnologiyaları şöbəsinin müdir müavini Yaşar Əməşov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, BANM-in rəhbərliyi və layihədə iştirak edən tələbə-gənclər qatılıblar.
BANM-in rektoru Elmar Qasımov ali təhsil ocağının qısa zamanda əldə etdiyi uğurlar, görülən işlər və perspektivlər haqqında məlumat verib. Rektor BANM-in yeni kampusunun artıq hazır olduğunu və Ali Məktəbin tələbələrinin potensialının üzə çıxarılması üçün orada daha geniş imkanların yaradıldığını bildirib.
Pakizə Paşayeva müəllifi olduğu layihə haqqında məlumat verərək məqsədini açıqlayıb.
Oqtay Səmədov bildirib ki, gələcəkdə BANM-in tələbələrinin bir çoxu dünyanın ən iri şirkətlərində, təşkilatlarında rəhbər mövqelərə sahib olacaqlar.
Vüqar Rəhimzadə BANM-in öndə gedən ali təhsil müəssisəsi olduğunu bildirərək Pakizə Paşayevanın məhz bu ali təhsil müəssisəsində təhsil almasını yüksək dəyərləndirib.
Tədbirdə iştirak edən Pakizə Paşayevanın atası Ələddin Paşayev layihənin təqdimatının BANM-də keçirilməsindən şad olduğunu deyərək yaradılan şəraitə görə BANM-in rəhbərliyinə təşəkkürünü bildirib. Sonra “I can or I must” layihəsinin qalibləri və iştirakçıları BANM və Binəqədi Rayon Gənclər və İdman idarəsi tərəfindən sertifikatla və medalla mükafatlandırılıblar.
Qeyd edək ki, “I can or I must” adlı layihə üç ay davam edib. Gənclərə ingilis dilində filmlər nümayiş olunub. Həftə ərzində 2 dəfə “conversation club”-lar təşkil edilib. Layihə iştirakçılarının dünyagörüşünü artırmaq üçün bəzi gəzintilər də təşkil olunub. Layihə iştirakçılarına böyük dəstək Bakı Ali Neft Məktəbinin İngilis dili və humanitar fənlər mərkəzini baş müəllimi Asif Qocayev tərəfindən göstərilib.