5 iyun - Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günü münasibəti ilə dünən Bakı Biznes Mərkəzində "Ümummilli lider Heydər Əliyev Azərbaycanın su təsərrüfatı və meliorasiya sahəsinin yaradıcısı və müəllifidir" mövzusunda elmi-praktiki konfrans keçirilib.
Azərbaycan Respublikası Prezidentinin Aqrar siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Azər Əmiraslanov son illər su təsərrüfatı və meliorasiya sahəsində irimiqyaslı layihələrin həyata keçirildiyini xatırladaraq qeyd edib ki, bu sahədə görülmüş işlər kənd təsərrüfatının inkişafına və əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edir. Sonra A.Əmiraslanov su təsərrüfatı və meliorasiya sistemində səmərəli fəaliyyətlərinə görə bir qrup əməkdaşın fəxri adlar və medallarla təltif olunması haqqında Prezident İlham Əliyevin sərəncamlarını oxuyub.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə meliorasiya və su təsərrüfatının inkişafında ulu öndər Heydər Əliyevin böyük və tarixi xidmətlərinin olduğunu qeyd edərək bildirib ki, qədim suvarma əkinçiliyi ənənəsi olan Azərbaycanda meliorasiya və irriqasiya işlərinə keçən əsrin əvvəllərində başlanılsa da, bu sahənin əsas inkişafı Ulu öndərin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərə təsadüf edir. Həmin illərdə meliorasiya və su təsərrüfatı sahəsində quruculuq işləri geniş vüsət alıb, iri su anbarları, çoxlu sayda hidroqovşaqlar, nasos stansiyaları, müasir meliorasiya və irriqasiya sistemləri tikilib istifadəyə verilmiş, suvarılan torpaqların ümumi sahəsi 1,5 dəfədən çox artıb: "Ulu öndərin meliorasiya və su təsərrüfatının inkişafına göstərdiyi diqqət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, hazırda respublikada geniş suvarma sistemlərinə, kollektor-drenaj şəbəkələrinə malik meliorasiya və su təsərrüfatı kompleksi fəaliyyət göstərir".
"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, su təsərrüfatı və meliorasiya işçiləri günü peşə bayramının təsis edilməsi ölkə başçısının su təsərrüfatı işçilərinin əməyinə verdiyi qiymət və göstərdiyi diqqətin bariz nümunəsidir. "Azərsu" ASC-nin sədri Azərbaycanın su təsərrüfatı sektorunun böyük tarixi yol keçdiyini xatırladaraq bu sahədə ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb: "İstehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına yönəlmiş layihələrin əsas hissəsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin rəhbərliyi ilə Kür və Ceyranbatan su mənbələrindən istifadə sahəsində həyata keçirilmiş tədbirlər bu gün Bakı şəhəri və Abşeron yarımadasının içməli su təchizatında müstəsna rol oynayır. Ulu öndər Heydər Əliyevin təşəbbüskarı olduğu və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi Bakı şəhərinin içməli su təchizatında müstəsna əhəmiyyət daşıyır. 2010-cu ildə istismara verilmiş kəmər Azərbaycanın müstəqillik illərinin ən böyük infrastruktur layihəsi kimi tarixə düşüb. Dövlət başçısının iştirakı ilə istismara verilmiş Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi Bakı şəhəri və ətraf qəsəbələrin içməli su təchizatında mühüm rol oynayır. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, hazırda şəhər və rayon mərkəzlərində içməli su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələri uğurla davam etdirilir".
Q. Hüseynov qeyd edib ki, hazırda 44 şəhər və rayon mərkəzində su və kanalizasiya layihələrinin icrasına başlanılıb. İndiyədək həmin şəhərlərin 20-də həm su, həm də kanalizasiya şəbəkəsinin, 8-də isə su şəbəkəsinin tikintisi yekunlaşıb. Ötən müddətdə şəhər və rayon mərkəzləri ilə yanaşı, su qıtlığı müşahidə olunan 350-dən çox kənddə həyata keçirilmiş layihələrdən 360 mindən çox insan faydalanıb.
Ümumilikdə, "Azərsu" ASC-nin 13 illik fəaliyyəti dövründə 7500 km magistral və paylayıcı su xətti, 2800 km kanalizasiya kollektoru və xətti, 4 sutəmizləyici qurğu, 221 su anbarı, 110 su və kanalizasiya-nasos stansiyası tikilib, 292 artezian və subartezian quyusu qazılıb. Görülmüş işlər nəticəsində mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunan əhalinin sayı 2 dəfədən çox artaraq 4 milyon 500 mini keçib. Hazırda ölkə üzrə xidmət göstərilən əhalinin 65,9, Bakı şəhərində isə 80,8 faizi fasiləsiz rejimdə içməli su ilə təmin edilir.
Konfransda Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Baş nazirin müşaviri Musa Məmmədov, Nazirlər Kabinetinin Aqrar siyasət şöbəsinin müdiri Əli Məmmədov, Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Akif Məmmədov, Kənd Təsərrüfatı, Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri Tofiq Quliyev ölkəmizdə su təsərrüfatı və meliorasiya sektorunda görülmüş işlərin əhəmiyyətindən danışıb, bu sahədə çalışan işçilərin əməyini yüksək qiymətləndiriblər.
Tədbirdə konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib. Konfrans Azərbaycan Meliorasiya və Su Təsərrüfatı və "Azərsu" Açıq Səhmdar cəmiyyətlərinin fəaliyyətindən bəhs edən filmlərin nümayişi ilə başa çatıb.