|
|
|
|
Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində Azərbaycan Respublikasının Milli Müstəqillik gününə və Azərbaycanla Efiopiya Federativ Demokratik Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illik yubileyinə həsr olunan milli mətbəx günləri keçirilir.
Milli mətbəx günləri Əddis-Əbəbənin tanınmış “Radisson Blu” mehmanxanasında təşkil olunub.
Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev, “Radisson Blu” mehmanxanasının Baş direktoru Hans Peter və Azərbaycandan gələn kulinar İmran Alıyev mətbuat konfransında Azərbaycan və onun tarixi, adət-ənənələri, mətbəxi haqqında jurnalistlərin çoxsaylı suallarını cavablandırıblar.
Açılış mərasimində çıxış edən səfir Elman Abdullayev ölkəmizin qədim tarixi və mədəniyyəti barədə ətraflı məlumat verib. Səfir çıxışı zamanı qeyd edib ki, mətbəx günləri iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafına, xalqların bir-birini daha yaxından tanımasına xidmət edir.
“Radisson Blu” mehmanxanasının baş direktoru ilk dəfə Azərbaycan milli mətbəx günlərinin məhz bu mehmanxanada təşkil edildiyinə görə şərəf duyduğunu qeyd edərək, mehmanxananın qonaqlarına Azərbaycanın milli mətbəxinin tarixi, fəlsəfəsi və əsasları barədə geniş məlumat əldə etmək imkanı yaradacağını vurğulayıb.
Tədbirdə səfirlər, diplomatlar, Afrika İttifaqının nümayəndələri, Efiopiya rəsmiləri, yerli media nümayəndələri və Azərbaycanın ali təhsil müəssisələrini bitirən efiopiyalı məzunlar iştirak ediblər. Tədbir zamanı qonaqlara Azərbaycanın süfrə mədəniyyəti, qonaqpərvərliyi və ənənələri barədə video çarxlar nümayiş etdirilib. Tədbir Efiopiyanın yerli mətbuatı tərəfindən geniş işıqlandırılıb.
Xədicə RƏHMAN