|
|
|
|
Azərbaycanlı rejissor, aktyor Kənan Mahmudov (Kənan M.M.) və həmkarı Elvin Əhmədov Türkiyənin məşhur "Savaşçı" serialına çəkilirlər. Onlar hazırda Türkiyənin Eskişəhər vilayətində çəkilişdədirlər.
Yeni işi ilə bağlı danışan K.Mahmudov deyib: "Savaşçı"da yüzbaşı Bəxtiyar obrazını canlandırıram. Bəxtiyar azərbaycanlı zabitdir. Ölkəmi təmsil etdiyim üçün qürurluyam. Serialda nə qədər rol alacağım bəlli deyil. Bu, gedişatdan asılı olacaq. Əsas odur ki, gözəl bir işdə yer alıram".
E.Əhmədov isə serialda Məmmədəmin Əlizadə obrazını canlandırır. O, seriala Kənan M.M-in təşəbbüsü ilə dəvət aldığını bildirib: "Savaşçı" serialının yeni sezon ssenarisində Azərbaycanla əlaqəli məqamlar var. Ona görə də serial komandası Kənan M.M-ə müraciət edib. Onun təklifi ilə serialdakı iki önəmli azərbaycanlı obrazını biz canlandırırıq. Amma hələ ki, rolumun vəzifəsi və rütbəsi haqqında geniş məlumat verə bilmərəm. Belə önəmli proyektdə rol almaq bir aktyor kimi çox böyük qürur, fəxr və eyni zamanda, məsuliyyətdir. Burada çox güclü və peşəkar komanda çalışır. Biz də öz rolumuzun öhdəsindən layiqincə gəlməyə çalışırıq. Efir vaxtı tam dəqiq deyil, ancaq yaxın vaxtlarda tamaşaçılarımız bizi ekranda görəcəklər".
Şahanə MÜŞFİQ