|
|
|
|
Sentyabrın 12-də Azərbaycan Milli Kitabxanasında görkəmli bəstəkar, Xalq artisti, AMEA-nın həqiqi üzvü Arif Məlikovun 85 illik yubileyi münasibətilə "Arif Məlikov-85" adlı geniş kitab sərgisi açılıb.
Milli Kitabxananın direktoru Kərim Tahirov Arif Məlikovun həyat və yaradıcılığından, musiqi mədəniyyətimizə verdiyi töhfələrdən söz açaraq bildirib ki, yubilyar bəstəkarımız öz əsərlərilə milli musiqi ənənələrimizi XX əsr musiqisinin nailiyyətlərinə qovuşduraraq mütərəqqi təfəkkürə malik sənətkar kimi çıxış edib.
Direktor söyləyib ki, yaradıcılığı parlaq istedad və özünəməxsusluğu ilə səciyyələnən dahi sənətkarın "Məhəbbət əfsanəsi" baleti ona dünya şöhrəti qazandırıb. Görkəmli bəstəkarın "Ölümdən güclü", "Yer üzündə iki nəfər", "Əlibaba və qırx quldur", "İki ürək dastanı", "Yusif və Züleyxa" baletlərinin, "Azərbaycan" balladasının, "Dalğalar" operettasının və 8 simfoniyanın, eləcə də digər əsərlərin müəllifi olduğunu vurğulayan direktor onun musiqilərinin dünyanın hər bir ölkəsində dinlənildiyini və səhnələşdirildiyini, Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Türkiyə, Braziliya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Misir, Tailand, Bolqarıstan, Rumıniya, Macarıstan, Almaniya, Qazaxıstan, Moldova, Ukrayna və digər ölkələrdə ifa olunduğunu qeyd edib.
Sonda iştirakçılar geniş kitab sərgisi ilə tanış olublar. Bəstəkarın Azərbaycan və xarici dillərdə nəşr olunan əsərləri, not əsərləri, redaktoru olduğu, ön söz yazdığı, haqqında yazılan kitablar və dövri mətbuat materialları nümayiş etdirilib. Sərgi 10 gün davam edəcək.
ŞAHANƏ