|
|
|
|
Məlum olduğu kimi, Mavriki Respublikasının paytaxtı Port-Luisdə UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında qəbul olunan qərarla Azərbaycanın "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri" Təcili Qorunma Siyahısına daxil edilib.
Sözügedən nominasiya sənədi Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi və Azərbaycanın UNESCO yanında Daimi nümayəndəliyinin birgə əməkdaşlığı ilə təqdim edilib. Namizədlik sənədinin məhz Naxçıvan adıyla təqdim edilməsində əsas məqsəd ölkəmizin qədim bölgəsi olan Naxçıvanda yaşayan əhalinin ənənəvi mədəniyyətinə və xalq yaradıcılığına dünya miqyasında işıq salmaq, bu ənənələri UNESCO səviyyəsində qorumaqdır.
Qəbul olunan bu tarixi qərarla bağlı "525"ə fikirlərini bildirən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik İsa Həbibbəyli qeyd edib ki, müstəqil Azərbaycan Respublikası maddi və mənəvi sərvətlərinin beynəlxalq miqyasda tanıdılması və qorunması istiqamətində böyük uğurlar qazanıb: "Aşıq sənəti və muğam ifaçılığının, Novruz bayramının, dolmanın, lavaşın və misgərlik sənətimizin UNESCO-nun siyahılarına daxil edilməsinə və beynəlxalq təşkilat səviyyəsində qorunmasına nail olmaq böyük uğurdur. Bu, həm də Azərbaycanın mədəni sərvətlərinə sahib çıxmaq istəyənlərə də tutarlı cavabdır".
İ.Həbibbəyli hesab edir ki, Yallı rəqsinin bu böyük mədəniyyət təşkilatının Təcili Qorunma Siyahısına daxil edilməsi müstəqil Azərbaycan diplomatiyasının və mədəniyyətinin mühüm nailiyyətidir: "Bu istiqamətdə Azərbaycan Mədəniyyət və Xarici İşlər nazirliklərinin apardıqları məqsədyönlü iş yüksək qiymətə layiqdir".
Akademik bildirib ki, qədim tarixə və böyük ənənələrə malik "Yallı (Köçəri, Tənzərə) Naxçıvanın ənənəvi qrup rəqsləri"nin UNESCO-nun Təcili Qorunma Siyahısında yer alması Azərbaycanın bu tarixi və ənənəvi mədəniyyətinin dünyada daha geniş miqyasda tanıdılmasına öz töhfəsini verəcək.
AMEA vitse-prezidentinin sözlərinə görə, bununla Naxçıvan-Şərur yallılarının tədqiqi, unudulmuş nümunələrinin üzə çıxarılması, bərpa edilməsi və təbliğ olunması istiqamətində yeni mərhələ açılır: "Bütövlükdə bu mühüm addım "Şərur" Xalq Yallı Ansamblının odisseyasına yeni və parlaq səhifələr əlavə edəcək".
İ.Həbibbəylinin fikrincə, dərin milli tarixi köklərə malik Yallı Rəqs Qrupunun daha geniş beynəlxalq miqyasa çıxarılması Azərbaycançılıq ideologiyasının təbliği baxımından da əhəmiyyətlidir: "Çünki Yallı ölkəmizdəki ən mühüm azərbaycançılıq möhürlərindən biridir".
Qeyd edək ki, UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin Port-Luisdə keçirilən sessiyasında Ermənistan tərəfi növbəti dəfə təxribata əl atıb. Digər mədəniyyət nümunələrimzə qarşı olduğu kimi, bu dəfə də ermənilər "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri" nominasiyasının UNESCO-nun siyashısına daxil edilməsinə mane olmağa çalışıblar. Azərbaycan nümayəndə heyəti isə gözlənilən təxribat cəhdinin qarşısını almağa nail olub, ermənilərə layiqli cavab veriblər.
Ceyhun ABASOV