|
|
|
|
Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ərəfəsində aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında imzaladığı sərəncam ölkə ictimaiyyətinin rəğbəti ilə qarşılanıb, ölkə rəhbərinin təşəbbüsü ilə atılan bu addım dövlətin məqsədyönlü və səmərəli sosial siyasətin daha bir təzahürü kimi qiymətləndirilir.
Sərəncama əsasən, ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat məbləğində birdəfəlik yardım ödənilməsi qərara alınıb. Birdəfəlik yardımın maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5 milyon manat ayrılıb. Bu, bir daha təsdiq edir ki, Azərbaycanda əhalinin sosial rifahının yüksəldilməsi dövlət siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir, əhalinin aztəminatlı hissəsi dövlətin sosial siyasətində həmişə diqqət mərkəzində durur.
Dövlət başçısının məlum sərəncamından irəli gələn məsələlərin həlli ilə məşğul olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, bu, Prezident İlham Əliyevin aztəminatlı ailələrin maddi təminatlarının gücləndirilməsinə göstərilən xüsusi qayğının növbəti təzahürüdür.
Sərəncamda birdəfəlik yardımın 2018-ci il 28 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə ödənilməsi tapşırılır.
Sərəncam hazırda ünvanlı dövlət sosial yardımı ilə təmin olunan 50 minədək ailəni (200 mindən çox ailə üzvü) əhatə edəcək və onların bayram ərəfəsi maddi təminatlarına bir dəstək olacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik yardımın ünvanlı dövlət sosial yardımı alan ailələrin hesablarına köçürülməsi təmin edəcək.
“Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” prezidentin imzaladığı sərəncamı şərh edən “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev qeyd edib ki, sosial müdafiə sisteminin daim təkmilləşdirilməsi Prezident İlham Əliyevin fasiləsiz fəaliyyət istiqamətlərindən biridir. O, “Trend”ə bildirib ki, sosial siyasət müasir dövlətçilik nəzəriyyəsində fəaliyyətin mühüm istiqamətlərindən biri kimi qəbul olunur və dövlətlərin dünyadakı nüfuzunu müəyyənləşdirən əsas meyarlar sırasındadır: “Əhalinin müəyyən həssas qruplarını əhatə edən sosial müdafiə proqramları ümumən sosial siyasətin mühüm istiqamətlərindən biri olmaqla Azərbaycanda xüsusi sistem və ardıcıllıqla həyata keçirilir. Azərbaycan dövlətinin real gücü artdıqca sosial sferanın inkişaf etdirilməsi üçün gərəkli addımlar atılır. Xüsusilə də sosial müdafiə sisteminin daim təkmilləşdirilməsi bu gün dövlət siyasətinin və şəxsən ölkə prezidentinin fasiləsiz fəaliyyət istiqamətlərindən biri kimi özünü göstərməkdədir. Dövlət başçısınin həyata keçirdiyi sosial müdafiə proqramlarının istiqamətləri, üsulları və məzmunu hər ötən dövr ərzində daha da təkmilləşir, yeniləşir. Ən son həftələrdə həyata keçirilən bəzi sosial müdafiə aktları dediklərimizə sübutdur və ölkə prezidentinin özünün şəxsən bu istiqamətdə çox təşəbbüskar və həssas düşüncələr mövqeyində olduğunu göstərir”.
A.Quliyevin sözlərinə görə, şəhid olmuş hərbçilərin varislərinə 11 min manat məbləğində birdəfəlik ödəmə, ünvanlı sosial yardım alan ailələrə yüz manat məbləğində birdəfəlik yardım, imkansız ailələrin ödənişsiz hüquqi yardımla təmin olunması barədə prezidentin qərarları ardıcıl aparılan siyasətin əhəmiyyətli elementləridir: “Ünvanlı sosial yardım artıq illərdir ki, Azərbaycanda bir sosial müdafiə üsulu kimi həyata keçirilir və minlərlə insan bu imkandan bəhrələnir. Ölkə prezidenti bunu yeni üsulla təkmilləşdirib və heç bir şübhə yoxdur ki, dövlət başçısı yeni-yeni sosial dəstək layihələri düşünərək onları mövcud praktikalarla zaman-zaman təkmilləşdirəcək. Çünki bu istiqamətdə prezidentin siyasi iradəsi və dövlətimizin daim artan iqtisadi imkanları bir-birini tamamlayan əhəmiyyətli faktorlara çevrilib”.
Baş redaktor vurğulayıb ki, bu gün Azərbaycan dövlətinin müəyyən sosial həssas qruplara yönəlik müdafiə siyasəti maliyyə imkanları bir qədər məhdud olan insanların sosial müdafiəsinin gücləndirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir: “Geniş sosial müdafiə siyasəti bu gün dünyada dövlətimizin humanist imicini və sanballı mövqeyini şərtləndirən mühüm amildir. Azərbaycanın sosial müdafiə sistemi getdikcə bütün ehtiyac hiss edən təbəqələri öz əhatə dairəsinə alan işlək bir mexanizmə çevrilməkdədir. Əmək qabiliyyətli insanların işlə təmin edilməsi, məhdud imkanlı şəxslərin isə dövlətin sosial himayələr siyasətinin təsiri altına alınması bir-birini tamamlayır və birlikdə Azərbaycan dövlətinin sosial inkişaf modelinin əsas məzmununu müəyyən edir. Təhsil, ictimai sağlamlıq, məşğulluq, yeni iş yerlərinin yaradılması, ətraf mühitin qorunması və sair kimi sosial istiqamətləri də nəzərə alsaq, Azərbaycanda dünyanın tək-tək ölkələri ilə müqayisə oluna bilən genişmiqyaslı sosial siyasət aparıldığını bir daha görə bilərik. Bunlar dövlət siyasətinin həqiqətən sosial məzmun daşıdığını və onun mərkəzində həqiqətən insan faktorunun dayandığını ifadə edir”.
A.Quliyev əlavə edib ki, aparılan sosial müdafiə siyasəti ölkədə ədalətin daha möhkəm bərqərar edilməsinə, yoxsulluğun kökünün tamamilə kəsilməsinə və ən müxtəlif sosial təbəqələr arasında sosial həmrəyliyin daha da möhkəmlənməsinə xidmət edir: “Bundan başqa, dövlətimizin sosial siyasətinin mühüm məqsədlərindən biri də dövlətçilik ətrafında ictimai həmrəyliyi daha da gücləndirmək və siyasi sabitliyə daha möhkəm sosial baza yaratmaqdır. Ancaq hər şeydən qabaq Azərbaycanın indiki sosial siyasəti əsasən humanist yönümlüdür, insanın şərəf və ləyaqətinin daim uca tutulmasına xidmət edir. Fikrimcə, Azərbaycan prezidentinin həyata keçirdiyi çoxşaxəli sosial siyasətin dünyanın başqa ölkələrində gedən sosial proseslərdən ən xarakterik fərqlərini məhz bu məqamlarda axtarmaq lazımdır”.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev isə bildirib ki, Prezident İlham Əliyevin aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında sərəncamı dövlət başçısının aztəminatlı vətəndaşlara bir bayram hədiyyəsidir: “Bu ənənənin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyev tərəfindən davam etdirilir”.
Deputat qeyd edib ki, aztəminatlı ailələrə, şəhid ailələrinə, müharibə veteranlarına mütəmadi olaraq bu cür müavinətlər verilir: “Bu, həm bizim milli adət-ənənələrimizə bağlılıqdır, həm də dövlət başçısının aztəminatlı insanlara qayğısının ifadəsidir”.
M.Quliyev vurğulayıb ki, bütövlükdə bu sərəncam Prezident İlham Əliyevin apardığı sosial siyasətin, aztəminatlı insanlara qayğı siyasətinin məntiqi davamıdır: “Prezidentin son aylarda bir neçə dəfə bu cür fərman və sərəncamları olub. Aztəminatlı insanların, qaçqın və məcburi köçkün ailələrinin, əlillərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, şəhid ailələrinə birdəfəlik müavinətin verilməsi ilə bağlı tədbirlər ölkə başçısının sosial siyasətinin davamıdır”.
Deputat bildirib ki, prezidentin bu sərəncamı birmənalı olaraq vətəndaşlarımız tərəfindən hörmətlə və minnətdarlıqla qarşılanır: “Bu, bütövlükdə Azərbaycan vətəndaşlarının dövlətə bağlılığını, ölkə prezidentinin ətrafında sıx birləşməsinin ifadəsidir”.
Ceyhun ABASOV