|
|
|
|
Prezident İlham Əliyev Bakının Nizami rayonundakı "Diqlas" Ticarət Mərkəzində baş vermiş yanğın zamanı orada çalışan insanlara dəyən maddi ziyanın dövlət yardımı fomasında qarşılanmasıyla bağlı tapşırıq verib.
Bu barədə dünən Nizami Rayon İcra Hakimiyyətində obyekt sahibləri ilə keçirilən görüşdə çıxış edən Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdir müavini Hüseyn Mövsümov məlumat verib.
Dövlət başçısının tapşırığı ilə baş tutan görüşdə H.Mövsümov "Diqlas" ticarət mərkəzində yanğın başlanan andan hadisənin Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ciddi nəzarəti altında olduğunu bildirib. Şöbə müdirinin müavini dövlət başçısının tapşırıqlarını diqqətə çatdıraraq qeyd edib ki, baş vermiş hadisə ilə bağlı aidiyyəti qurumların və zərərçəkən sahibkarların nümayəndələrindən ibarət komissiya təşkil ediləcək. Ədalətli araşdırma aparılaraq zərərçəkən hər bir sahibkara dövlət yardım göstərəcək.
Bu xəbər yanğın baş verdiyi gündən - martın 26-dan dərin narahatlıq keçirən obyekt sahiblərinin böyük sevinci ilə qarşılanıb. Onlar Prezident İlham Əliyevə problemin aradan qaldırılması üçün göstərdiyi həssas münasibətə, diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Daha sonra dövlət başçısı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar müşavirə keçirib.
Prezident İlham Əliyev martın 26-da paytaxtın Nizami rayonundakı ticarət mərkəzlərindən birində baş vermiş yanğın zamanı xoşbəxtlikdən insan itkisinin olmadığını, lakin orada çalışan insanlara maddi ziyan dəydiyini bildirib. Hazırda hadisənin səbəblərinin araşdırıldığını və sahibkarların problemlərinin həlli ilə bağlı tədbirlərin görüldüyünü deyən dövlət başçısı qeyd edib ki, onlar iş yerlərini, əmlaklarını itirib, onlara ciddi maddi ziyan dəyib: "Biz sahibkarların problemlərini həll etməliyik. Onlar öz iş yerlərini, öz əmlakını itiriblər. Onlara maddi ziyan dəyib. Bəziləri borc alıb və orada malları satışa çıxarıblar. Ona görə, əlbəttə ki, biz bu insanlara dövlət olaraq öz dəstəyimizi göstərəcəyik".
Prezident İlham Əliyev martın 27-si və 28-də Nizami Rayon İcra Hakimiyyətində sahibkarlarla görüş keçirildiyini xatırladıb. Dövlət başçısı vurğulayıb ki, İqtisadiyyat Nazirliyi sahibkarlarla bir-bir görüşməli və onların problemlərini dinləməlidir. Maliyyə Nazirliyi operativ qaydada ilkin olaraq maliyyə vəsaiti ayırmalı və həmin vəsait sahibkarlara verilməlidir. Digər müvafiq qurumlar da yanmış malların qiymətini sahibkarlarla birlikdə aydınlaşdırmalıdır.
"Azərbaycan güclü sosial siyasət aparır. Bu ilin əvvəlində ciddi sosial paket təsdiqlənib. Sosial təşəbbüslər nəticəsində 3 milyondan çox insan bu proqramla əhatə olunub və bu təşəbbüsün dünyada bənzəri yoxdur", - deyən Prezident İlham Əliyev yanğın hadisəsinin tam araşdırılıb təkliflərin verilməsi üçün komissiyanın yaradılacağını, bununla yanaşı, operativ olaraq sahibkarlara maddi dəstək göstəriləcəyini diqqətə çatdırıb.
Prezident İlham Əliyev yanğının səbəblərinin araşdırılması ilə bağlı bir daha tapşırıqlarını verib. Bildirib ki, bütün ticarət mərkəzlərində ciddi təftiş aparılmalı, təhlükəsizlik tədbirləri gücləndirilməlidir. Azərbaycan prezidenti vurğulayıb ki, dövlət sahibkarların yanındadır.
Dövlət başçısı əlavə edib ki, adətən inkişaf etmiş ölkələrdə belə hadisələr baş verdikdə burada bütün maliyyə yükünü sığorta şirkətləri öz üzərinə götürür, bütün mallar sığortalanır: "Ancaq əfsuslar olsun ki, Azərbaycanda sığorta sahəsində boşluqlar var və bir çox hallarda biz bunu görürük. Misal üçün, bu yaxınlarda Şamaxı, İsmayıllı, Ağsu rayonlarında baş vermiş zəlzələ nəticəsində minlərlə evə ziyan dəyib və heç bir ev sığortalanmayıb. Təbii ki, dövlət öz dəstəyini göstərir və göstərməlidir. Artıq evlərin tikintisi başlayıb və bu ayın əvvəlində birinci evlərin vətəndaşlara təqdimetmə mərasimi keçirilib. Bütövlükdə, sahibkarlara məsləhət görülür ki, onlar öz əmlakını sığortalatsınlar. Belə olan halda tam əmin ola bilərlər ki, bədbəxt hadisə baş verdikdə onların əmlakı batmayacaq".
"Azərbaycan çox güclü sosial siyasət aparır. Bu siyasət özünü müxtəlif sahələrdə büruzə verir. Bildiyiniz kimi, bu ilin əvvəlində çox ciddi və böyük sosial paket təsdiqləndi. Sosial təşəbbüslər nəticəsində 3 milyondan çox insan bu proqramla əhatə olunur. Deyə bilərəm ki, dünyada belə bir təşəbbüsün bənzəri yoxdur. Təbii fəlakət - zəlzələ, daşqın vaxtı hər zaman vətəndaşın yanında ilk olan dövlətdir. Bu, bizim siyasətimizdir, biz bu siyasətə sadiqik və bunu bütün sahələrdə aparacağıq. Ona görə, baş vermiş yanğınla bağlı, əlbəttə ki, ilk növbədə, biz burada əziyyət çəkən, maddi ziyan dəyən sahibkarların vəziyyətini başa düşməliyik, onlara kömək göstərməliyik və göstərəcəyik", - deyə prezident vurğulayıb.
Sonra dövlət başçısı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar komissiyanın yaradılması haqqında sərəncam imzlayıb.
Sərəncama əsasən, prezident baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə komissiyanın yaradılmasını Nazirlər Kabinetinə tapşırıb. Komissiya görülmüş işlər haqqında mütəmadi olaraq Prezident İlham Əliyevə məlumat verəcək.
Ticarət mərkəzində baş vermiş yanğın zamanı obyekt sahiblərinə dəyən ziyanı dövlətin öz üzərinə götürməsi, qısa müddət ərzində aradan qaldırılması istiqamətində fəaliyyətə başlamasını yüksək qiymətləndirən Milli Məclisin deputatı Sahib Alıyev qeyd edib ki, bununla Prezident İlham Əliyev heç bir ölkənin təcrübəsində rast gəlinməyən növbəti alicənab addıma imza atıb: "Dövlət başçısı "Diqlas" Ticarət Mərkəzində malları yanıb kül olan, əlləri hər yerdən üzülən sahibkaralara əl uzadıb, xilaskarlıq edib".
Deputat bildirib ki, heç kim bu cür fors-majorlar hallardan sığıortlanmayıb: "Sığortalanmadığımız üçün də mal-mülklərimizi mütləq sığorta etdirməliyik ki, bu cür hallar baş verəndə dəymiş ziyan aradan qaldırılsın, fəlakətlə üzləşəndə "Diqlas"dakı mağaza sahiblərinin düşdüyü oxşar vəziyyət təkrarlanmasın".
Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz isə qeyd edib ki, prezidentin bu cür humanist addım atması, bütün məsuliyyəti öz üzərinə götürməsi vətəndaş üçün, sahibkar üçün hədsiz əhəmiyyətlidir: "Yəni prezident, iflas olmuş vətəndaşının yanında olduğunu göstərib. Doğru yanaşmadır".
Ekspert hesab edir ki, bunu bir ənənəyə çevirmək də təhlükəlidir: "Normal sistem yaranmalıdır, baş verənlərdən nəticələr çıxarılmalıdr. Sığorta sistemi işə salınmalıdır". Onun sözlərinə görə, bu cür ağır nəticələrə səbəb olan faktlar aşkara çıxarılmalıdır ki, sabah təkrarlanmasın: "Günahkarlar bilinməlidir və qanuna uyğun məsuliyyət daşımalıdır".
O.Gündüz qeyd edib ki, icra intizamının möhkəmləndirilməsinə də ciddi ehtiyac var: "Baxırsan ki, dövlət qurumu qarşıya qoyulan vəzifələri keyfiyyətli və müasir tələblərə uyğun formada icra etməyə hazır deyil. Bunun səbəbləri araşdırılmalır".
Dövlət qurumlarına qarşı tələblərin sərtləşdiriməli olduğunu deyən ekspert bildirib ki, qərar və tapşırıqların icrasına məsuliyyəsizliklə bağlı sərt tədbirlər görülməlidir. İctimai nəzarət üçün imkanlar genişləndirilməlidir: "Düşünürəm ki, dövlət nəzarəti gücləndiriməlidir. Ciddi məsuliyyət tədirləri, o cümlədən, cərimələr müəyyən olunmalıdır. Bəlkə də Prezident Administrasiya, Nazirlər Kabinetində dövlət nəzarəti ilə bağlı əlavə strukturlar yaradılması daha faydalı olar. Prezident yanında İctimai Palatanın yaradılması da ictimai nəzarətin gücləndirilməsinə yardımçı ola bilər".
Deputat Elman Nəsirov isə bildirib ki, prezident İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. O, SİA-ya bildirib ki, ölkə başçısı xüsusilə 2018-ci ilin 11 aprel prezident seçkilərindən sonra söyləmişdi ki, islahatların yeni mərhələsi başlayır. Dövlət başçısı bunun anonsunu vermişdi: "2019-cu ilin yanvar ayından başlayaraq prezident sosial paketdə olan çox ciddi islahatları həyata keçirir. Bu islahatların da mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır".
Deputatın sözlərinə görə, hər bir Azərbaycan vətəndaşı bu islahatların nəticələrini öz üzərində hiss edir: "Artıq 3 mindən çox insanın sosial rifahında müsbət dəyişiklər baş verməkdədir. Məsələyə bu konteksdə yanaşdıqda "Diqlas" Ticarət Mərkəzində baş vermiş hadisədə sahibkarlara dəymiş ziyanla bağlı prezident öz mövqeyini ortaya qoydu. Çünki sahibkarlığın inkişafı, sahibkarlara dəstək dövlət başçısının siyasətinin əsas istiqamətlərindən biridir. Heç şübhəsiz ki, komissiya yaradılır və bu istiqamətdə işlər aparılır. Ölkə başçısının tapşırığı ilə Prezident Administrasiyasının məsul şəxsləri sahibkarlarla görüşüb və ilk növbədə hər bir sahibkara dəymiş ziyanın həcmi araşdırılır. Təbii ki, bu gün ölkə rəhbərinin tapşırığı ilə onlara dövlət yardımının edilməsi əsas məsələdir. Sahibkarlar bir daha gördülər ki, onlara dəymiş ziyanla bağlı dövlət başçısı dərhal reaksiya verdi və hadisə ilə bağlı üzləşdikləri problemlər öz həllini tapır. İnsanlar bunu gözləyirdilər və əmin idilər ki, prezident ağır məqamda onların yanında olacaq. Ölkə başçısı dəfələrlə bunu öz fəaliyyətində sübut edib və ən çətin anlarda insanların yanında olub. Xüsusilə Şamaxı və Ağsuda baş vermiş zəlzələ zamanı bu, bir daha öz təsdiqini tapıb".
Ceyhun ABASOV