|
|
|
|
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) 2 əməkdaşının nüfuzlu elmi portallarda koronovirus pandemiyasının Azərbaycan iqtisadiyyatına və Ermənistan-Azərbaycan münaqişəsinə təsirinə dair 2 məqaləsi yayımlanıb.
Mərkəzdən verilən məlumata görə, Aİ-nin nüfuzlu “Euractiv” portalında BMTM-in İdarə Heyətinin üzvü Gülşən Paşayevanın müəllifi olduğu “Koronavirus böhranı Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir göstərə bilərmi?” adlı məqalədə dünyada baş verən koronovirus pandemiyası fonunda Ermənistanda iqtisadi-sosial vəziyyət təhlil edilir. Məqalədə bu ölkənin Azərbaycana qarşı işğalçılıq siyasət nəticəsində 30 ilə yaxındır Dağlıq Qarabağ və ətraf yeddi rayonun işğal altında saxlanıldığı vurğulanır. “Dünya koronavirus böhranından əziyyət çəkdiyi bir dövrdə Ermənistanın bu yükü daşıması çətin olacaq”,-deyə müəllif qeyd edir. Bildirilir ki, Ermənistanda koronavirus pandemiyasına yoluxanların sayında kəskin artım müşahidə edilir və bu ölkə üçün ağır sosial və iqtisadi təsirlərə səbəb olur.
Həmçinin məqalədə Azərbaycanın işğal edilmiş torpaqlarında keçirilmiş qondarma “seçkilər”dən də bəhs edilir. Ermənistanın dünyanın koronovirus problemi ilə mübarizə apardığı dövrdə öz işğalçı əməllərindən əl çəkmədiyi və insanların həyatını real təhlükəyə atdığı qeyd edilir. Müəllif həmçinin vurğulayır ki, buna baxmayaraq qondarma “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən rədd edilib və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə olunub.
Gülşən Paşayeva koronovirus dövründə Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində danışıqlarda müəyyən ləngimələrin ola biləcəyini də qeyd edib.
Bununla yanaşı BMTM-in aparıcı məsləhətçisi Orxan Bağırovun “COVİD-19 ilə əlaqədar iqtisadi problemlərə Azərbaycanın cavabı” başlıqlı məqaləsi Avropanın “Modern Diplomacy” nəşri tərəfindən çap edilib. Məqalədə koronavirusun yayılması ilə bağlı Azərbaycan hökuməti tərəfindən iqtisadi sahədə həyata keçirilən tədbirlər nəzərdən keçirilib. İstər sahibkarlığın dəstəklənməsi, istər məşğulluq problemlərinin aradan qaldırılması, istərsə də əhaliyə sosial yardımların verilməsi ilə bağlı həyata keçirilən proqramlar diqqətə çatdırılıb. Eyni zamanda həyata keçirilən tədbirlərin səmərələliyinin yüksək olduğu qeyd edilib və Azərbaycanın post-sovet ölkələri arasında pandemiya ilə əlaqəli iqtisadi problemlərin aradan qaldırılması üçün ÜDM-ə faiz nisbəti ifadəsində ən çox vəsait ayıran ölkə olduğu vurğulanıb.
S.QARAYEVA