|
|
|
|
Riqada nəşr olunan “Açıq şəhər” adlı jurnalda Azərbaycan mədəniyyətinə dair material dərc olunub. İctimai-maarifçi yönlü “Açıq şəhər” jurnalı Baltiya ölkələrinin ən populyar rusdilli jurnallarından biridir. Burada ictimaiyyət və siyasət, iqtisadiyyat və biznes, habelə mədəniyyət və idmana dair materiallar yer alır. Nəşrin baş redaktoru tanınmış jurnalist, yazar, sənədli filmlər müəllifi Tatyana Fastdır. Jurnalın növbəti sayında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə baş redaktor Tatyana Fastın çeşidli suallarını cavablandırıb.
Müsahibə əsnasında Z.Dadaşzadə əvvəlcə Latviya-Azərbaycan mədəni və ədəbi əlaqələrinə toxunur. Bu əlaqələrin özəlliklərindən söz açaraq, Z.Dadaşzadə, latış musiqisinin klassiki Yazep Medinşin hələ XX əsrin əvvəlində -1916-1922-ci illərdə Bakı opera teatrının dirijoru kimi fəaliyyət göstərdiyini nəzər -diqqətə çatdırır. Eyni zamanda musiqişünas bəstəkar Ədilə Hüseynzadə haqqında kitab üzərində çalışarkən 40-cı illərin sonu – 50-ci illərdə Bakıda Latviyanın Əməkdar incəsənət xadimi xormeyster Yakov Abramisin də işləməsi faktı ilə rastlaşdığını qeyd edir.
Ədəbiyyatşünas Vaqif Arzumanovun Azərbaycan və Baltikyanı ölkələrin ədəbi əlaqələrinə dair doktorluq dissertasiyasında Latviya ilə bağlı hissənin böyük maraq kəsb etdiyini söyləyən musiqişünas Azərbaycan ədəbiyyatının dostu, şair, mütərcim Uldis Berzinşin xidmətlərini xüsusi vurğulayır. Latış oxucusu məhz onun tərcüməsində “Kitabi-Dədə Qorqud” eposunu , habelə bir sıra şairlərin (M.Müşfiq, S.Vurğun, R.Rza, M.Araz və s.) əsərlərini oxumaq imkanı əldə edib. Müsahibədə Azərbaycanın Latviyadakı səfirliyinin təşəbbüsü ilə Latviya Dövlət Universitetinin akademik kitabxanasının nəzdində yaradılan Azərbaycan İnformasiya mərkəzi və burada müvəffəqiyyətlə fəaliyyət göstərən Azərbaycan dili kursları da xatırlanır.
Z.Dadaşzadə Latviyanın mədəniyyəti, zəngin musiqisi ilə bağlı təəssüratlarına dönərək, Milli Opera Teatrında azərbaycanlı vokalçılar – Dinara Əliyeva və Əvəz Abdullanın dəvət olunmuş solist qismində uğurla çıxış etdiyinə diqqət yetirir, Latviya Milli Simfonik Orkestrinin gənc azərbaycanlı dirijor Fuad İbrahimovla əməkdaşlığını təqdirəlayiq bir hadisə kimi qiymətləndirir. Latviyanın ən tanınmış siması əfsanəvi Raymond Paulsla – musiqiçi və geniş təfəkkürə malik insanla ünsiyyətin bəxş etdiyi emosiyalar da söhbətdə yer alıb.
Müsahibənin mərkəzi hissəsi Qarabağ mövzusu ilə bağlıdır. T.Fastın: “Musiqi aləmi Sizi gerçək dönəmin problemlərindən xilas edirmi?” sualını cavablandırarkən Z.Dadaşzadə Azərbaycanın yeni tarixinin faciəvi səhifələrinə dönür. 1990-cı ilin qara yanvarı, Xocalı soyqırımı, 2020-ci ilin iyulunda Ermənistanın təxribatının nəticəsində baş vermiş hərbi toqquşmanın (müsahibə İkinci Qarabağ müharibəsindən əvvəl hazırlanıb – red.) hər bir azərbaycanlı kimi ona necə ağır təsir etdiyini söyləyir. “Bütün bu dəhşətli hadisələrdən sarsılmamaq olarmı?” – deyən Z. Dadaşzadə: “Bizim uçun Qarabağ təkcə torpaq parçası deyil – sakral bir məkandır”, - deyə vurğulayır. Sonra o, Qarabağı musiqi, poeziya diyarı kimi səciyyələndirib, bu torpaqda dünyaya göz açmış böyük sənətkarların bir qisminin adlarını sadalayır. Atası Araz Dadaşzadənin tədqiq etdiyi Molla Pənah Vaqifin tarixdəki rolundan, Qarabağ torpağının yetirməsi olan Üzeyir Hacibəyli ( “o, öz şəxsində çox şeyi ehtiva edir!”), Bülbül, Niyazi, F. Əmirov, R.Behbudov və başqalarından söz açan Z.Dadaşzadə Qarabağın zəngin muğam ənənələrinə də üz tutur. “Biz Qarabağ deyib muğamı, muğam deyib Qarabağı nəzərdə tuturuq”, - deyə fikrini aydın və qabarıq tərzdə çatdırmağa çalışır.
Azərbaycanın Qərb və Şərqin bir araya gəldiyi məkan olduğunu söyləyən alim burada multikultural ideyaların geniş intişar tapdığını, bir çox ənənənin dinc yanaşı yaşadığını və bir- birinə təsir göstərdiyini, özünəxas simbioz yaratdığını söyləyir. Heç də təsadüfi deyil ki, muğam operası, simfonik muğam, caz-muğam kimi hadisələr məhz Azərbaycanda yaranmışdır.
“Məncə, qapalılıq qorxu və məhdudluq doğurur, açıqlıq isə - etimad və rifah. Qoy şəhərimizin qapıları həmişə yeni ideyalar, investisiyalar, müxtəlif ölkələrdən dostlar üçün açıq olsun”. Tatyana Fast öz jurnalının məramını belə müəyyənləşdirir. O, azərbaycanlı musiqişünası “Açıq şəhər”in layiqli “sakini”, onun ideyalarını özündə ehtiva edən bir şəxs adlandırıb, müsahibəyə görə təşəkkürünü bildirir.
Qeyd edək ki, müsahibə sentyabrın 27-dən əvvəl götürülüb.