|
|
|
|
Yer kürəsində mövcud olan maddi varlıqlardan heç birinin əbəs yerə yaranmaması və hərəsinin özünə görə bir fəzilətinin, əhəmiyyətinin olması hamıya məlumdur. Bu mənada gündəlik həyatımızda qida rasionumuza daxil olan nemətlərdən sayılan meyvələr də xüsusi rola və çəkiyə malikdirlər. Heç təsadüfi deyil ki, müqəddəs kitabımız olan Qurani-Kərimdə bəzi meyvələrin adları çəkilib. Bunlardan biri də zeytundur. Belə ki, buyurulur: "Vəttini vəz-zəytun." "And olsun əncirə və zeytuna."İmam Rza (ə) bu meyvə ilə bağlı fikrini belə ifadə edib: "Zeytun bəlğəmi və qəm-qüssəni aradan aparıb insanın əxlaqını düzəldir." İmam Sadiq (ə) isə buyurub: "Zeytun peyğəmbərlərin yeməyidir və kişinin nütfəsini çoxaldır."
Qeyd olunanlar bir daha bu meyvənin nə qədər vacib və həyati əhəmiyyətə malik olmasından xəbər verir. Zeytun Cənubi Avropa, Afrika, Cənubi Asiya və Avstraliyanın mülayim isti və tropik zonalarında yayılıb. 20-yə yaxın növü var. Bu bitki həmişəyaşıl halda 4 - 6, nadir hallarda isə 10 - 12 metr hündürlükdə ağac olub, boz-yaşıl rəngli lansetvarı yarpaqlara malikdir. Zeytun may-iyun aylarında çiçək açır, meyvələri oktyabr-noyabrda yetişir.
Meyvələrinin lət hissəsində 70 %-ə qədər, toxumunda isə 25 - 30 % əla keyfiyyətli piyli yağ vardır. Bu yağdan həm yeyinti sənayesində, həm də təbabətdə geniş istifadə olunur.
Zeytun dünyanın subtropik ölkələrində çox qədimdən becərilən qiymətli bitkidir. O hələ eramızdan 2500 il əvvəl qədim misirlilərin diqqətini özünə cəlb edib. Meyvələrindən və onun yağından bir sıra xəstəliklərə qarşı (revmatizm, yanıq, göz xəstəlikləri və s.), həmçinin yeyinti məhsulu, xoş dadlı və ətirli ədviyyat kimi istifadə olunub.
Zeytun hazırda da ən qiymətli piyli yağlı bitki, eləcə də bəzək bitkisi kimi dünyanın bir sıra subtropik ölkələrində geniş miqyasda yayılıb. O sənaye əhəmiyyətli bitki kimi çoxdan bəri Qara dəniz sahillərində, Krımda, Gürcüstanda becərilməkdədir.
Azərbaycanda son 40 - 45 ildə zeytuna diqqət daha da artıb. Bu səbəbdən də uzun illər Abşeron zeytun bağları ilə məşhur olub. Sonralar, xüsusilə yarımadada Abşeron rayonu yaradıldıqda zeytun bağlarının sahəsi sürətlə genişləndirilib. Ötən əsrin 70-ci illərinin əvvəllərində daha üç ixtisaslaşdırılmış zeytunçuluq sovxozu yaradılıb. Bundan başqa, Bilgəhdə, Maştağada subtropik bitkilər, Buzovnadakı tərəvəzçilik sovxozlarında geniş ərazidə zeytun bağları salınıb.
Durğunluğun doğurduğu tənəzzül və ya qürub edən günəşin işartısı
Dövlət müstəqilliyimizin ilk dövrlərində - 90-cı illərdən sonra isə digər istehsal sahələri kimi, zeytunçuluqda da geriləmə müşahidə olunmağa başlayıb. Belə ki, müstəqillik dövründə torpaqlar özəlləşdirildikdən sonra zeytun ağaclarının xeyli hissəsi sıradan çıxarılıb və yerdə qalan bağların məhsuldarlığı da qayğısızlıq ucbatından aşağı düşüb. Hazırda 1525 hektar zeytun bağları sahəsinin 30 faizi baxımsızlıq səbəbindən acınacaqlı vəziyyətdədir. Zeytunçuluq üzrə ilk təsərrüfat isə 1949-cu ildə Zığda təşkil edilib. Abşeron Zeytun Sovxozuna məxsus bu bağdan 1955-ci ildə 7 tona qədər meyvə yığılıb. 1949-1950-ci illərdən sənaye əsasında zeytunun emalı üçün kiçik zavod da tikilib və işə salınıb. Sovxoz dağıldıqdan sonra bu bağın bir hissəsi Cümşüd Naxçıvanski adına Hərbi Məktəbin idarəçiliyinə verilib, bir hissəsində məcburi köçkünlər məskunlaşıb, qalan hissəsi isə əmlak payları kimi ayrı-ayrı şəxslər tərəfindən özəlləşdirilib. Əvvəllər Azərbaycanda zeytun bağlarının ümumi sahəsi 3 min hektar təşkil edib. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bunun 2500 hektarı Zığ, Qala, Hövsan və Bilgəh bağlarının, 400-500 hektarı isə Buzovna, Sumqayıt və Kürdəxanı tinglik təsərrüfatının ərazisinə düşüb. Abşerondakı zeytunçuluq sovxozları dağılandan sonra bağların ərazisindən başqa məqsədlər üçün istifadə edilməyə başlanıb. Məhz bunun nəticəsində zeytun bağlarının tutduğu ərazi yarıbayarı azalıb. Nazirlikdən verilən məlumata əsasən hazırda 2000 hektara yaxın zeytun bağları var ki, həmin bağların da hamısı özəlləşdirilib. Zeytun bağlarının bar verməsi üçün 8 ildən artıq vaxt lazım olduğundan təəssüf ki, bu sahə investorları bir o qədər cəlb etmir. Bu qiymətli bitki ilə bağlı nazirlikdən verilən məlumatda bildirilir: "Abşeronda zeytun bağlarının salınması üçün müəyyən investisiya qoyulmalıdır. Bu işə külli miqdarda sərmayə yatırılmalıdır. Zeytun təkcə yağı, turşuya qoyulmuş halda istifadədən ibarət deyil. Zeytun ağacları həm də, külək eroziyasının qarşısının alınmasında effektlidir".
Bəxtinə gün doğan həyat ağacı
Ağac meyvəsinə yerləşdirilən dərmanlar
Ümumiyyətlə zeytundan istehsal olunan çoxçeşidli məhsullara görə o ərzaq təhlükəsizliyi baxımından mühüm vasitələrdən biri olmaqla bərabər, həm də tibbi əhəmiyyətinə görə də seçilir. Zeytun yağının yüksək miqdarda istehlak edildiyi Aralıq Dənizi ölkələrində, ürək-damar xəstəlikləri və xərçəngin daha az olması diqqətə layiqdir. Zeytun yağının xərçəng təhlükəsini azaltması isə tərkibinə qoyulan fenolların güclü antioksidan təsirinə bağlıdır. Bu maddələrin antioksidan təsirləri səbəbi ilə DNT-yə zərər verə biləcək maddələri təsirsiz hala gətirdikləri və DNT üzərindəki xəsərin aradan qalxmasına kömək etdikləri hesab olunur. Fikirlərimizi faktlar üzərində qurmağa çalışaq. Alman Xərçəng Araşdırma Mərkəzindən Ouen və yoldaşları zeytun yağının insan sağlamlığı üzərində təsirlərini analiz etdikləri bir çalışmada bu yağın tərkibində olan fenolların antioksidan xüsusiyyətləri səbəbi ilə bəzi xərçənglərin (qalın bağırsaq, döş və dəri) və koroner ürək xəstəliklərinin inkişafına mane olduğunu bildirmişlər.
Yaponiyanın Kanazava Universitetindən Budiyanto və yoldaşları isə xərçəng əmələ gətirici ultra bənövşəyi şüalara məruz qoyulan siçovullarda dəriyə tətbiq olunan zeytun yağının təsirlərini incələyiblər. Siçovulları üç qrupa ayıraraq, birinci qrupdakılara zeytun yağı sürtməyiblər, ikinci qrupdakılara şüalanmadan əvvəl, üçüncü qrupa isə şüalanmadan sonra zeytun yağı sürtüblər. Xərçəng əmələ gətirici şüalara məruz qoyulduqdan sonra zeytun yağı sürtülən qrupda xərçəngin daha az nisbətdə inkişaf etdiyini müşahidə ediblər.
Ürəyimizi, damarlarımızı və xərçəng mexanizmasını bilən Sonsuz Qüdrət Sahibi, bunların dərmanını da yaxınlıqdakı bir ağacın meyvəsinə yerləşdirib. Zeytun yağının hələ kəşf edilməmiş başqa xüsusiyyətlərinin də olduğuna alimlər inanırlar. Bu xüsusiyyətlər ortaya çıxdıqca istehlakı daha da artacaq, bununla yanaşı, yeni dərman və müalicə metodlarının da inkişafına imkan verəcəkdir. Hazırda isə dərman və kosmetika sənayesində qatqı maddəsi kimi geniş şəkildə istifadə olunmaqdadır. Onsuz da xalq arasında illərdən bəri bir sıra saç və dəri xəstəliyində zeytun yağından istifadə edilməkdədir.
Yazıya sözardı...
Biz düşünürük ki, respublikamızda zeytun intibahının öncülü olan "Azərsun Holdinq"lə yanaşı digər şirkətlər də qeyd olunan sahəyə sərmayə yatırmaqla ölkəmizdə zeytunçuluğun inkişafına xüsusi töhfələrini vermiş olacaqlar. Beləliklə də, ölkə iqtisadiyyatının qeyri-neft sektorunda daha bir gəlirli sahə üçün perspektiv formalaşacaq və ÜDM-in xüsusi çəkisində bu sektorun payı daha da artacaqdır.
Əli SƏLİMOV
"Yazı Azərbaycan Mətbuat Şurası və "Azərsun Holdinq"in birgə keçirdiyi "Zeytun bağları" - Azərbaycan zeytununun şöhrəti" mövzusundakı müsabiqəyə təqdim olunmaq üçün verilir".
Mövzunun istiqaməti: "Azərbaycan zeytunçuluğunun təbliği"