|
|
|
|

Hansı bir mütəfəkkirinsə sözüdür: “Hər cür müqayisə nöqsanlıdır”. Ancaq elmlərin inkişafı sübut etdi ki, müqayisə olmadan elmlərin bir-birilə qarşılıqlı əlaqələrini, bir-birinə nə dərəcədə təsir göstərdiyini isbat eləmək müşgüldür. Dünyada baş verən bütün ictimai-siyasi hadisələrin, baş verən inqilabların, mənəvi-əxlaqi proseslərin hər birini nəzərdən keçirərkən onların törənmə, başvermə səbəblərini araşdırarkən müqayisənin elmi arqumentlərin sübuta yetirilməsində müstəsna rol oynadığı dəfələrlə sınaqdan keçib.
Azərbaycan professional oxucularının, filosof və filoloqlarının, ictimai elm sahəsində çalışan mütəxəssislərinin maraq dairəsini əhatə edən “Ədəbiyyatlaşan dünya” monoqrafiyası da müqayisəli tarixi yanaşmanın yeni bir variantını ortaya qoyur. Lap təzəcə elmlər doktoru kürsüsünə qalxmış istedadlı alim-Afaq Əsədovanın bu kitabı sözün həqiqi mənasında müasir humanitar təfəkkürün bir uğuru sayıla bilər.Afaq Əsədovanın bu monoqrafiyası son dərəcə çətin və mürəkkəb, amma çox mühüm və aktual bir problemə həsr olunub. Müasir Azərbaycan ədəbiyyatşünaslığında istər təsəvvüflə, istərsə də postmodernizmlə bağlı bir sıra tədqiqat işləri diqqəti cəlb edir: professor Qorxmaz Quliyev, tənqidçilərdən Nərgiz Cabbarlı və Əsəd Cahangir, sosioloq Əhməd Qəşəmoğlu, bu sətirlərin müəllifi postmodernizmlə bağlı məqalələr araya-ərsəyə gətirmişlər. Nə qədər faydalı olsa da, bu yazılar postmodernizm haqqında yalnız ilkin təsəvvürlər yaradan məqalələrdir, geniş və sistemli bir tədqiqat işi isə ortada yox idi. Bu fikri biz təsəvvüf haqqında da söyləyə bilərik. Professor Səlahəddin Xəlilovun və daha bir neçə müəllifin məqalələrindən savayı təsəvvüf barədə də ciddi bir tədqiqata ehtiyac vardı.
Afaq Əsədovanın “Ədəbiyyatlaşan dünya” monoqrafiyası isə hər iki çox mühüm əhəmiyyətli problemə sistemli elmi baxış mənasında mühüm əhəmiyyət kəsb edən bir tədqiqat işidir. Deyə bilmərik, bu monoqrafiya ilə Azərbaycan ədəbiyyatşünaslığında təsəvvüf və postmodernizmlə bağlı problemlər tam həll olunur, amma tam həll olunmasa da, bu sahədə ən ciddi, bir çox məsələlərə tam aydınlıq gətirən bir tədqiqat işi yazılıb.
Son on-on beş ildə Azərbaycan mətbuatında və nəşrlərdə təsəvvüf və sufizm, modernizm və postmodernizm haqqında gerçəklikləri anlatmaq baxımından maraqlı yazılarla rastlaşdığımızı öncə qeyd etdik. Doğrudan da, bizim bu xüsusda tam dərk edə bilmədiyimiz və çətinlik çəkdiyimiz etiraf olunarsa, belə bir qənaətə gələrik ki,istər təsəvvüfün, istərsə də postmodernizmin öyrənilməsi və öyrədilməsi çox vacibdir. İstər fəlsəfənin, istərsə də elmi-bədii düşüncənin, ədəbiyyatşünaslığın vəhdətini əks etdirən bu problemlər hal-hazırda bir çox məsələlərin aydınlaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən, təsəvvüfün və postmodernizmin geniş anlamda dərk olunması belə bir həqiqəti də ortaya çıxarır ki, Qərb və Şərqin mənəvi dəyərlərinin birgə öyrənilməsi çox vacibdir və bu sahədə bu xüsusda bir sıra maraqlı fikirlərin müəllifi olan professor Səlahəddin Xəlilovun təbirincə desək, azərbaycanlı filosofların, şübhəsiz, planetin hər bir sakini kimi ümumbəşəri ideyaların, dünya fəlsəfi fikrinin inkişafında iştirak etməyə, beynəlxalq fəlsəfi ictimaiyyətin birgə tədqiqatlarına qoşulmağa mənəvi haqları vardır. ..Əgər biz həqiqətən Qərb dəyərlərinə, o cümlədən, Qərb fəlsəfi fikrinə yiyələnmək istəyiriksə, fəlsəfə klassiklərinin əsərləri Azərbaycan dilinə tərcümə olunmalı və onların şərhi və təhlili istiqamətində tədqiqatlar aparılmalıdır.
“Ədəbiyyatlaşan dünya” monoqrafiyası da bu müştərəkliyin reallaşmasında diqqəti xüsusilə cəlb edir. Burada Qərbin və Şərqin böyük mütəfəkkirlərinin əsərlərinə, onların fikir və mülahizələrinə istinadlar çoxdur. Dünyanın XX əsrdəki bütün ədəbi və fəlsəfi cərəyanları haqqında məlumat və bilgilər də monoqrafiya müəllifinin uğuru sayılmalıdır. Amma məlumatfüruşluq yoxdur, sadəcə, hər bir fəlsəfi və ədəbi cərəyanın problemlərin elmi şərhində nə dərəcədə “pay sahibi” olduğu açıqlanır.
Afaq Əsədovanın “Ədəbiyyatlaşan dünya” monoqrafiyası haqqında rəy bildirərkən öncə bu elmi işin XXI əsrin tələbinə uyğun, müasir və gizlətməyək, bir qədər də mürəkkəb ədəbiyyatşünaslıq stilində yazılan, amma əsl elmi səviyyənin göstəricisi olan bir tədqiqat olduğunu söyləməliyik.. Bu tədqiqatda həm konkretlik, yəni qarşıya qoyulan məqsədin reallaşdırılması nəzərə çarpır, həm də daha geniş mənada ümumi məsələlər, nəzəri, fəlsəfi problemlər diqqəti cəlb edir. Müəllifin zamanlara münasibəti də onun mövzuya dərindən bələd olduğunu sübut edir. Belə ki, o, təsəvvüfə də, postmodernizmə də onların yaranış çağından bugünə qədər keçdiyi yolları və bu zaman necə inkişaf etdiyini, paralelləşməsini, çoxçalarlılığa meyl etməsini bilir və göstərir. Onun qədərindən artıq elmi əsərlərlə tanışlığı heyrət doğurur. Və düşünürsən ki, müasir alim üçün həm düşünmək, həm də dönə-dönə mütaliə etmək və bunları bir vəhdət halına gətirmək çox vacibdir.
“Təsəvvüfdə kamil insan amili”, “Postmodernizm – dünyanı yenidən anlamaq və qurmaq cəhdi” – monoqrafiyanın Giriş hissəsi onun sonrakı fəsillərinin “mexanizmini” anlamaq üçün bir açar rolunu oynayır. Bəllidir ki, böyük məqsədə doğru irəliləyərkən dərindən düşünülən bir taktiki plan olmalıdır ki, strateci məsələni həll edəsən. “Giriş” bu mənada Afaq Əsədovanın monoqrafiyası üçün önəmli bir qapıdır.
Zahirən təsəvvüflə postmodernizm arasında bağlılıq olması mümkün hesab edilə bilməzdi. Bunların biri sırf Şərq, digəri isə sırf Qərb hadisəsidir “Təsəvvüf min ildən artıqdır ki, tarixin müxtəlif dövrlərində özünü müxtəlif şəkildə və fərqli ünsürləri ilə fərdlərin və toplumların həyatında mühüm rol oynamışdır”-deyən müəllif məhz həmin fikri əsər boyu realizə edir.Sufi təliminin formalaşmasından tutmuş sonrakı əsrlərdə bu cərəyanın mənəviyyat aləmində oynadığı rol tutarlı misallarla sübuta yetirilir. Bu yolda poeziyanın bir kommunikasiya vasitəsi, sənət növü kimi dəyəri də açıqlanır.Və müəllif yazır ki: “Təsəvvüf bir mənəvi antropologiya olmaq etibarilə insan problemi bu təlimdə mərkəzi yerlərdən birini tutur”. Ona görə də müəllif həmin problemin mahiyyətinə varır, Şərq islam ədəbi düşüncəsində fikir axınları üzərində dayanır, sufi mütəfəkkirlərin əsərlərinə üz tutur. Elə buradaca müəllif qədim çağlarda Şərq-Qərb münasibətlərinə işarə edir, İsgəndəriyyə məktəbinin burada böyük rolundan söz açır. Həmin münasibətlərin ilk dövrlərdə sərt və amansız mübarizəsi şəklində davam etməsi də maraqlı faktdır.Monoqrafiyada Həllac Mənsurda bağlı söylənilənlər tamamilə yeni faktlardır, daha doğrusu, müəllif Həllac Mənsurun ideyalarını elmi şəkildə reallaşdırır.
Monoqrafiyada “Azərbaycan ədəbiyyatında təsəvvüf” yarımfəsli xüsusilə maraq doğurur. Müəllif yazır: “Minillik Azərbaycan ədəbiyyatını, xüsusilə də, poeziyasını dərindən tədqiq etdikdə bu nəticəyə gəlmək olur ki, ədəbiyyatın ruhu, onun ideya –fəlsəfi əsası təsəvvüfdür, bir olan Allah axtarışıdır, vəhdəti-vücuda qovuşma arzusunun, zərrənin küllə, fənanın bəqaya, damcının ümmana axışının ifadəsidir”. Daha sonra folklordan tutmuş, Nizami, Şəhabəddin Sührəvərdi, Nəsimi, Füzuli, Şəms Təbrizi, Vidadi, Cavid yaradıcılığında bunun izlərini axtarır. O, tez-tez İbn Ərəbiyə istinad edir, bu böyük mütəfəkkirin fəlsəfi mülahizələrindən yararlanır, mərhüm şərqşünas Aida İmanquliyevanın da tədqiqatlarından faydalanır. Bu yarımfəslin ardınca “Eşq bəşəriyyətin xilas yoludur” yarımfəsli gəlir. Mövlanadan belə bir sitat gətirir:
“Aşiqlik nədir”-deyə sordu biri.
Dedim: “Bu konularda bana sorma
Benim kibi olursan, bilirsin,
O səni çağırınca anlatırsın hekayəsini”.
Belə bir fikirlə tam razılaşırıq ki: “İnsanın, insanlığın nicatı eşq yolundadır. Eşq ziddiyyətləri ləğv edir, həqiqi olanı yaşadır, ikiliyi aradan qaldıraraq bir olana aparır, insanda naqis olanı, fani olanı kül edir, bəqaya-əbədi diriliyə qovuşdurur. Tarixin qaranlıqlarında həqiqətən bir mənəviyyat günəşi kimi parlayan, biri digərində yox olan, biri digərini yaşadan, bir-birlərini Allah üçün sevən Şəms Təbrizi və Cəlaləddin Ruminin ilahi eşqin yansıması olan mənəvi-insani eşqləri günümüzün insanlığı üçün, bəşəriyyətin həyat funksiyasının davam etdirilməsi üçün bir modeldir: “Yaradanı yaradılandan ötrü sevmək” modeli”.Təbii ki, Eşqə münasibətdə Qərb və Şərq alimlərinin fikirləri arasında eyniyyət ola bilməz və Afaq xanım bu müxtəlifliyi də elmi əsaslarla açıqlayır.
Müəllif postmodernizmdən əvvəlki dövrün-modernizmin estetikasında insan və sənət probleminə də xüsusi diqqət yetirir. Problem XIX əsr Avropa ədəbiyyatşünaslığında ideal insan axtarışları, modernizm dövrünün insan-sənət münasibətləri klassizm, ənənə və novatorluğun qarşılıqlı təsiri prizmasında, romantik ədəbiyyatşünaslığın ideya qaynaqlarında mistisizmin yeri və əhəmiyyəti, mədəni-tarixi istiqamətdə insan-sənət münasibətləri istiqamətində izlənilir və burada hər yarımfəsil maraqlı, həm də yeni mülahizələrlə diqqəti cəlb edir.Bu fəsildə ədəbiyyat tarixində müxtəlif istiqamət və cərəyanların təhlili və tədqiqində iki ənənənin mövcud olması faktı xüsusi önəm kəsb edir. Nəzərə çatdırılır ki, bunların biri tarixi-ədəbi, digəri isə tipoloji-ədəbi yanaşmadır. Tarixi-ədəbi yanaşma müxtəlif cərəyanlarda birləşən yazıçıların yaradıcılığındakı bədii-estetik prinsiplər, o cümlədən, bədii istiqamətlər, konkret tarixi şərait və yazıçıların həll edəcəyi problemlərin xarakteri ilə əlaqədardır. Tipoloji təhlil isə konkret istiqamətin yarandığı və inkişaf etdiyi tarixi şəraitlə məhdudlaşmır, yeni “yaradıcılıq tipi”nin ümumi ədəbi inkişaf dövrlərinə də yayılmasını və başqa cərəyanlarla qarşılıqlı təsirini araşdırmağı əsas tutur. Müəllifin bu fikri ilə tam mənada razılaşırıq. Bundan sonra müəllif Avropa ədəbiyyatşünaslığının fəlsəfi-estetik istiqamətlərini araşdırır, bizə o qədər də məlum olmayan şəxsiyyətlərin fikirlərinə müraciət edir. O, postmodernizmi ədəbi-bədii dövr kimi də səciyyələndirir, Qərb ədəbi-nəzəri fikrində bu ideya cərəyanının əsas xüsusiyyətləri və səciyyəsi təqdim edilir. Müəllif postmodernizmi səciyyələndirən bir çox xüsusiyyətləri, başlıca, müəyyənedici cəhətləri düzgün şərh etməyə çalışır. Yazır ki: “Postmodernizm sənətin dəyərliliyi, bədii əhəmiyyəti, estetik normativliyi haqqında əvvəlki ənənəvi meyarları, başqa koordinatların yerini tamamilə dəyişdirir. Postmodernizm üçün əsas sənət dəyəri innovasiyadır. O, insanların şüurunda universal yerdəyişmələrə iddia edir, paradoksal birləşmələr yaradır. Hazır normalar və müəyyən biliklər vermir, axtarışa, zehni əməkdaşlığa təhrik edir, yeni təcrübələrlə “insan şüurunu ən qeyri-inandırıcı stressli situasiyalara və dünyəvi kataklizmlara hazırlayır”. Avropa postmodernizminin başlıca ədəbi cərəyan və məktəbləri də dissertasiyanın bu fəslində geniş işıqlandırılır və bu məlumatlar təbii ki, bizim professional oxucular üçün maraqlı olacaqdır.
Afaq xanım iddia edir ki, postmodernizm ədəbi idealın böhranının təzahürüdür. Yazır ki, postmodernizm proqramının mahiyyətini təşkil edən neqativ insan obrazı günümüzün insanını gözləyən, bu gün yaşayan hər bir insanın həyatına gələ biləcək fəlakətlərin xəbərdarlığıdır. Haqlıdır. Yazır ki, “Ötən yüzilliyin ikinci yarısından başlayaraq Qərb-Avropa ölkələrində modernizm cərəyanı böhran keçirmiş, postmodernizmə keçmişdir. Postmodernizmdə bütün sərhədlər ortalıqdan götürülür. Fəlsəfə, mədəniyyət, incəsənət, memarlıq və başqa anlayışlar bir-birilə təmasa girir...Artıq bunların ayrı-ayrı axınları deyil, özləri bir-birinə qarışır, sintezə çevrilir. Postmodernizmdə varlığın özlüyünə varılmır, hər şey bəsit, aydın, incəliklərə önəm vermədən qavranılır. Dünya dərinliyə varılmadan olduğu kimi qəbul edilir. Modernizm əski baxışları yeniləri ilə dəyişirdisə, postmodernizmdə bu yeniliklərin də dağılması, hər şeyin bəsit, aydın və sinkretik olması ideyası ortalığa qoyulmuşdur”. Tamamilə doğru mülahizələrdir.
Postmodernizmlə bağlı bizim bildiklərimizi də, bilmədiklərimizi də bir araya gətirən müəllif bu haqda Derridanın fikirlərinə də müraciət edir, münasibətini bildirir.Müəllif postmodernizmin fəlsəfədə də yer tapdığını, ancaq burada xüsusi istiqamət kimi formalaşmadığını qeyd edir. Haqlıdır. Onun Azərbaycan ədəbiyyatında, 60-cı illərin sovet gerçəkliyində doğulmamasının səbəbləri üzərində də dayanır. Sosializm realizmi Azərbaycan ədəbiyyatını nə qədər buxovlamışdı ki, buna ehtiyac duyulmurdu. Çünki gərək buxovdan azad olasan ki, dünyaya boylana biləsən... Nəhayət, əsas mətləb-postmodernizmdə insan problemi məsələsində maraqlı, orijinal mülahizələrlə qarşılaşırıq.
Monoqrafiyada Qərb və Şərq görüşür,- dedik.. Müəllif Şərqdə və Qərbdə postmodernizmin fikir axınlarını izləyir, ədəbi-nəzəri paralellər, universal və fərqli məqamlar üzərində dayanır. Təsəvvüflə postmodernizm arasında müəyyən oxşar və fərqli məqamlar isə dissertasiyanın ən sanballı səhifələridir. Bu haqla hələ kimsə yazmayıb,-qənaətindəyik.Xüsusilə,”Təsəvvüf və postmodernist dekonustruksiya” yarımfəslinin elmi əhəmiyyəti böyükdür.Müəllif həm Quranda, həm də postmodernizmdə müəyyən dəyişikliyə məruz qalmaları nəzərə çarpdırır. Yazır ki, Quranın bütün zamanlar ərzində çox fərqli şərhləri, təfsirləri belə onun kontekstlərini birtərəf edə biləcək, sistemini poza biləcək zidd təmayüllər yaratmır, əksinə, yenə də vəhdəti gücləndirir, kitabın hər şeyi əhatə etmək fikrini dərinləşdirir...Postmodernizmdə isə mətn hər oxunuşda dekonstruksiya nəticəsində “sökülür”, sistemsizləşdirilir, digər mövcud mətnlərə qarışıb itir, anlamsızlığa düçar olur. Bunlar fərqli cəhətlərdir. Bəs oxşar cəhətlər varmı? Müəllif yazır ki, bu iki təfəkkür sistemi arasında qarşılıqlı əlaqələr ola bilər. Amma fərqli sistemlər olduğuna görə oxşarlıqlar zahiridir və mahiyyəti ifadə etmir. Onlar hardasa kəsişə bilərlər. Amma sonra bir-birinə zidd istiqamətə yönəlirlər. İnsan qəlbinin səthi ilə kəsişdiyi-ictimai həyatın yaşandığı Xaos mərtəbəsi- bu mərtəbədən təsəvvüf –fərdin əbədi harmoniyasına, postmodernizm isə Xaosun daha da güclənib hansısa bir ictimai fluktuasiyanın təsiri ilə növbəti müvəqqəti ictimai nizama aparacaq təsadüfi buturkasiya nöqtəsinə...
Nəhayət, sevindirici haldır ki, monoqrafiyada müasir Azərbaycan ədəbiyyatında postmodernizmdən söhbət açılır və bunun əyani, bədii təzahürü kimi Kamal Abdullanın romanları tədqiq obyektinə çevrilir. Maraqlı mülahizələr irəli sürülür və biz də eynən bu fikirdəyik ki, müasir nəsrimizdə postmodernizmin yolu Kamal Abdullanın əsərlərindən keçir. Amma bunu da unutmur ki, “Kamal Abdulla yaradıcılığı bütün yeniliyi, orijinallığı, özünəməxsusluğu ilə bərabər milli ədəbiyyatın köklərindən qaynaqlanan, onu davam və inkişaf etdirəcək ədəbi şüurun yeni qatlarını açan, bununla da onun gələcək istiqamətlərinin müəyyənləşdirilməsi üçün növbəti bir mərhələdir”.
Biz Afaq xanıma yeni elmi uğurlar arzulayaq və hesab edək ki, bu problemlərlə bağlı tədqiqlərini davam etdirəcək...



