|
|
|
|
2022-2023-cü tədris ili ümumi təhsil sahəsində müəyyənləşdirilmiş prioritet fəaliyyət istiqamətlərinə uyğun olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə səmərəli fəaliyyət istiqaməti seçilib. Təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsinə yüksəldilməsi və tədris ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində məqsədyönlü işlər görülüb. Təhsildə keyfiyyətin dayanıqlılığını təmin etmək, həmçinin, ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən dəyişikliklərə nail olmaq məqsədilə bütün potensial imkanlar səfərbər edilib.
Qarşıya qoyulmuş əsas hədəflər "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda da nəzərdə tutulduğu kimi, ümumi təhsildə səriştəəsaslı məzmunun tətbiq olunması, təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin artırılması, təhsilalanlara rəqəmsal biliklərin aşılanması və digər müvafiq istiqamətlərdə tədbirlərin reallaşdırılmasından ibarətdir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, İdarənin tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb, 336 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. BŞTİ-nin tabeliyindəki məktəblərdə 482 132 şagirdin təlim-tərbiyəsi ilə 28 410 müəllim məşğul olub. İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərini 45 108, IX siniflərini 40 016, XI siniflərini 26 453, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 144 nəfər bitirib. BŞTİ-nin tabeliyindəki 282 ümumi təhsil müəssisəsində 976 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib. Məktəbəhazırlıq qruplarına 22 902 uşaq cəlb olunub.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 2022-2023-cü tədris ilində 48 208 şagird elektron sistem (sy.edu.az) vasitəsilə bir məktəbdən digərinə köçürülüb. Elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.
2022-2023-cü tədris ilində keçirilən fənn müsabiqələrində BŞTİ-nin tabeliyindəki məktəblərdə təhsil alan 29 şagird qızıl, gümüş və bürünc medal qazanıb. Onlardan 8 nəfəri riyaziyyat, 3 nəfəri fizika, 7 nəfəri biologiya, 1 nəfəri kimya, 10 nəfəri isə informatika fənni üzrə fərqlənənlər sırasında yer alıb.
Paytaxtdakı ümumi təhsil müəssisələrində "Sağlam təhsil-sağlam millət" layihəsinin davamlılığı təmin edilib. Layihə çərçivəsində paytaxtdakı 19 ümumi təhsil müəssisəsində 108 "Sağlam təhsil" sinfi fəaliyyət göstərib. Həmçinin Bakıdakı 31 məktəbdə 47 "Sağlam təhsil" məktəbəhazırlıq qrupu da təşkil olunub.
İdarənin məlumatına görə, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində fəaliyyət göstərən 33 nəfər təhsil işçisi təltif edilib. Belə ki, ölkə Prezidentinin sərəncamlarına əsasən, Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə 3 nəfər "Tərəqqi" medalı ilə təltif edilib, 2 nəfər isə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. Həmçinin elm və təhsil nazirinin əmri ilə gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə, Bakı məktəblərində fəaliyyət göstərən 11 nəfər "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı, 17 nəfər "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı" ilə təltif olunub.
Tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən 30 məktəbin İnkişaf Planı hazırlanıb. Məktəb heyəti ilə birgə Məktəbin İnkişaf Planının hazırlanmasının əsas məqsədi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin inspeksiya nəticələrinə əsasən aşkarlanmış çatışmazlıqların aradan qaldırılmasından ibarətdir.
Ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişləndirilib. BŞTİ-nin tabeliyindəki 185 məktəbdə təşkil edilən 768 təmayül sinifdə 16 014 şagird təhsil alıb. Ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edən təmayül siniflərə şagirdlərin marağı ilbəil artmaqdadır. Bakı şəhəri üzrə 9 ümumi təhsil müəssisəsində 129 şagird inklüziv təhsilə cəlb edilib. İnklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir.
Tədris ili ərzində paytaxt üzrə 121 şagird fərdi təhsilə cəlb olunub. Qeyd edək ki, ümumilikdə BŞTİ-nin tabeliyindəki 176 təhsil müəssisəsində 484 şagird fərdi təhsil alıb. Fərdi təhsil müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi qaydada təhsil almalarına şərait yaradır.
Müsabiqələr nəticəsində 2 184 nəfər işə qəbul olunub. Bunlardan: 804 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 148 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 232 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.
Həmçinin cari tədris ili ərzində ümumi təhsil müəssisələrində işə qəbul müsabiqəsi nəticəsində tutulmayan yerlər üzrə dərs saatlarının tədris edilməsi üçün digər məktəblərdən əvəzçilik qaydasında 384 ixtisaslı kadr dəvət edilib.
BŞTİ-nin tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək olan və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələri üzrə direktor vəzifəsinə işə qəbul üçün 2 dəfə müsabiqə keçirilib. Müsabiqə nəticəsində 3 təhsil müəssisəsinə (50, 206 və 231 nömrəli məktəblər) direktor təyin olunub.
BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 2022-2023-cü tədris ilində müvafiq imtahan və müsahibə prosesində uğur qazanmış 85 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib. 2022-2023-cü tədris ilində müvafiq imtahan və müsahibə prosesində uğur qazanmış 18 nəfər BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə təyin edilib.
2022-2023-cü dərs ilində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə işə qəbul üzrə müsabiqələr keçirilib. Müsabiqələrdən müvəffəqiyyətlə keçən 114 nəfər psixoloq, 143 nəfər laborant, 44 nəfər kitabxanaçı, 17 nəfər kitabxana müdiri, 23 nəfər uşaq birliyi təşkilatı rəhbəri və 21 nəfər gənclərin çağırışaqədərki hərbi hazırlığı rəhbəri (ümumilikdə 362 nəfər) işə qəbul hüququ qazanıb.
İdarədən bildirilib ki, 2022-2023-cü tədris ili ərzində BŞTİ-nin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrinə yeni direktor təyinatları həyata keçirilib, bəzi direktorların əmək müqaviləsinə xitam verilib, həmçinin bir sıra məktəb direktorlarının iş yerləri dəyişdirilib. Belə ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə 41 nəfər direktor vəzifəsinə təyin olunub, 24 direktorun iş yeri dəyişdirilib. 149 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Çalışmanın yaş həddinə çatmış 33 direktorla müddətli əmək müqaviləsi bağlanıb. Ümumilikdə 18 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinə müxtəlif əsaslarla xitam verilib.
BŞTİ-nin tabeliyindəki 3 ümumi təhsil müəssisəsinin direktoru vəzifəsi Təlimə Dəstək Mərkəzinin (TDM) metodistlərinə həvalə edilib. Məktəb rəhbərliyi vəzifəsinin metodistlərə həvalə edilməsinin əsas məqsədi BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin idarəetməsinə müasir təhsil proqramlarının tələblərinə əsaslanan metodist (mentor) dəstəyi vermək və məktəblərdə keyfiyyətin təmin edilməsinə nail olmaq üçün müvafiq istiqamətlər üzrə daha yaxından metodiki yardım göstərməkdən ibarətdir.
İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 2022-2023-cü tədris ilində 909 manat təşkil edib.
2022-2023-cü dərs ilində BŞTİ-nin tabeliyindəki 62 məktəbdə Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanmış "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" və "Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat" tətbiq olunub. Qeyd edilən təlimat və qaydalar hazırlanarkən şagirdlər, müəllimlər, o cümlədən, valideynlər arasında keçirilən sorğuların nəticələri nəzərə alınıb, beynəlxalq və özəl təhsil müəssisələrinin təcrübələri araşdırılıb.
İdarənin tabeliyindəki 46 məktəbdə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən aparılmış monitorinqlərin nəticələri təhlil edilib. BŞTİ-nin Təlimə Dəstək Mərkəzi tərəfindən həyata keçirilmiş təhlillər öyrətmənin, qiymətləndirmənin, məktəbdə psixoloji xidmətin təşkilinin keyfiyyəti, xüsusi qayğıya ehtiyacı olan və xüsusi istedadlı uşaqlar üçün dəstəkləyici mühitin təşkili meyarları üzrə aparılıb.
BŞTİ tərəfindən III, VI, VII, VIII siniflərdə bir dəfə və IX siniflərdə isə dörd dəfə olmaqla buraxılış fənləri üzrə monitorinqlər aparılıb. Monitorinq nəticələri təhsil müəssisələrinə həm bal, həm də məzmun təhlili olaraq təqdim olunub. Buraxılış fənləri üzrə keçirilən monitorinqlərin əsas məqsədi proqram materiallarının mənimsənilmə göstəricilərinin müəyyənləşdirilməsindən ibarətdir.
Paytaxtın ümumi təhsil müəssisələrinin IX siniflərində keçirilmiş buraxılış imtahanlarının keyfiyyət təhlilləri aparılıb. Təhlillərin nəticələri barədə məlumatların aidiyyatı üzrə ötürülməsi həyata keçirilib. Keyfiyyət təhlillərinin əsas məqsədi buraxılış imtahanlarında şagirdlərin nailiyyətlərini müəyyən etmək, problemləri vaxtında aşkarlamaq və bununla bağlı dəstək proqramlarının həyata keçirilməsini təmin etməkdən ibarətdir.
Sevinc QARAYEVA