Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalıb. XVII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35 faizi meşə ilə örtülü olub. Hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 989,4 min hektardır. Bu da ölkə ərazisinin 11,4 faizini təşkil edir. Bu meşələr cənubdan ta Dağıstan sərhədinə kimi uzanır. Azərbaycanda hər adama təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə azdır. Narahatlıq doğuran haldır ki, yüz il əvvəl Yer kürəsinin quru hissəsinin 60 faizi meşə ilə örtüldüyü halda, indi bu rəqəm 30 faizə enib. Planetdə hər dəqiqədə 44 hektar torpaq deqradasiyaya uğrayır, o cümlədən, şum altında olan torpaqlar 10-19 hektar azalır. Meşə yanğınları hər il təbiətin neçə hektarlarla misilsiz sərvətini məhv edir. Bu da su qıtlığı, havanın keyfiyyətinin pisləşməsi, onun tərkibində oksigendən fərqli olaraq karbon qazının, digər müxtəlif qazların artması ilə nəticələnir.
Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov deyir ki, son 5 il ərzində ölkə ərazisinin meşə fondu torpaqlarında 197 yanğın hadisəsi baş verib, 1800 hektardan artıq sahədə yanğın hadisəsi olub. Dünyanın müxtəlif bölgələrində hər il baş verən meşə yanğınları səbəbindən təəssüf ki, yüz minlərlə hektar meşə sahəsi məhv olur, yaşıllıqlar yanaraq külə dönür. Xüsusilə son illərdə planetdə daha geniş vüsət alan qlobal istiləşmənin fonunda meşə yanğınları daha tez-tez baş verir.
Xidmət rəisinin dediyinə görə, Azərbaycan da belə fəlakətlərdən sığortalanmayıb. Son 5 il ərzində ölkə ərazisinin meşə fondu torpaqlarında 197 yanğın hadisəsi baş verib, 1800 hektardan artıq sahədə yanğın hadisəsi olub. Təkcə 2022-ci il ərzində 66 yanğın hadisəsi qeydə alınıb və 870 hektara yaxın sahə yanğına məruz qalıb. 2023-cü ildə isə 33 yanğın hadisəsi baş verib və 25 hektar meşə ərazisi yanğına məruz qalıb.
C.Qəribov bildirib ki, 2023-cü ildə ölkəmizdə yanğın hadisələrinin azalmasına səbəb aidiyyəti qurumlar arasında koordinasiyalı fəaliyyətin təşkili, meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə bölgələrdə kənd sakinləri və fermerlərlə aparılan maarifləndirici tədbirlər, FHN ilə birgə bölgələrdə keçirilən müşavirə və təlimlərin keçirilməsi, eyni zamanda meşə ərazilərində yanğın əleyhinə mineral zolaqların çəkilməsi, nəzarət postlarının sayının artırılmasıdır. Yanğın hadisələrinin azalmasının daha bir səbəbi isə yay mövsümündə yağıntılı günlərin sayının çox olmasıdır.
C.Qəribov yanğın hadisələrinin baş verməməsi üçün kənd təsərrüfatı ilə məşğul olan sahibkarları, fermerləri, meşə ətrafında yaşayan kənd sakinlərini, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşları odla ehtiyatlı davranmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə, biçindən sonra sahələrə od vurmamağa, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa və yanğının böyük fəlakət olduğunu nəzərə alaraq buna səbəb olmamağa çağırıb: "Bəzən ayrı-ayrı insanların meşə təsərrüfatına qayğısızlığı, onun qorunub saxlanılmasına laqeydliyi meşə ərazisində kortəbii, idarə olunmayan alovun yayılması və bütün ərazidəki bitki örtüyünün təbii surətdə yanması ilə nəticələnən meşə yanğınlarını törədərək təbiətin bu əvəzsiz nemətinin məhv olmasına gətirib çıxarır. İnsanların həyat və fəaliyyətində mühüm rol oynayan, sözün həqiqi mənasında onların qayğısına qalan meşələrin özünün daim qayğıya ehtiyacı var. Meşələrdən bəhrələnməklə, onun nemətlərindən istifadə etməklə yanaşı, təbiətin bu füsunkar nemətini qorumaq, onu gələcək nəsillərə ərməğan etmək hər bir vətəndaşın borcudur".
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, meşə təsərrüfatında yanğın təhlükəsizliyinə məsul olan şəxslər bu qaydalara riayət olunmasına nəzarət etmək məqsədi ilə meşə sahələrinə və zolaqlarına vaxtaşırı baxış keçirməli, yanğın baş verən zaman yanğınsöndürmə xidmətinin hadisə yerinə çağırılması üçün tədbirlər görməli, yanğının söndürülməsi üçün mövcud vəsaitləri təşkil etməlidirlər.
Meşə yanğınlarından bəhs edərkən xüsusilə vurğulanmalıdır ki, bu sahədə baş verən 10 yanğından 9-u odla ehtiyatsız davranmadan və ya meşədə iş və istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, isinmək, xörək bişirmək üçün qalanmış tonqallar və meşəni tərk edərkən bu tonqalların tam söndürülmədən nəzarətsiz qoyulması meşə yanğınlarına səbəb olur. Söndürülməmiş kibritin, siqaret kötüyünün meşəyə atılması, maşınların mühərrikindən qopan qığılcımlar da yanğın törədir: "Meşədə yanğınlara yol verilməməsi üçün yanğın təhlükəsizliyi istiqamətində bir sıra qaydalara əməl olunması zəruridir. Meşə sahələrində söndürülməmiş kibritin, yanan siqaret qalığının və ya kötüyünün atılması, eləcə də tonqalların yandırılması və ağac kömürü istehsal etmək üçün xüsusi ocaqxanaların təşkil edilməsi qadağandır. Küləkli havada tonqalların qalanması xüsusilə təhlükəlidir. Meşələrə sürtkü yağı, benzin, ağ neft, dizel yanacağı və digər yanar mayelərə bulaşmış əski və digər materialları atmaq olmaz. Müəyyən olunmamış yerlərdə avtomobil, traktor və digər daxili yanma mühərrikli aqreqatların yanacaqla doldurulması, eləcə də onların yaxınlığında siqaret çəkilməsi, tonqal yandırılması yanğın təhlükəli olduğundan yolverilməzdir. Dövlət meşə torpaq fondunun, habelə meşə torpaq fondu ilə həmsərhəd olan sahələrdə qurumuş otların, kövşənlərin müəssisələr, idarələr, təşkilatlar və fermer təsərrüfatları, eləcə də əhali tərəfindən yandırılmasına icazə verilməməlidir. Meşələrdə yanacaq və sürtkü yağlarının açıq şəkildə saxlanılması da yanğın təhlükəlidir. Yanğın təhlükəsindən uzaq olmaq üçün meşədə emal edilmiş hazır meşə materialları açıq sahədə müəyyən olunmuş qaydada yığılıb saxlanılmalıdır. Belə ki, meşə materialları yığılan yerlər və yanğına qarşı ara məsafələr yanar materiallardan təmizlənməlidir".
Qeyd olunub ki, turist istirahət zonaları, gənclər və uşaq təşkilatları tərəfindən dövlət meşə fondu torpağında keçirilən kütləvi tədbirlər zamanı tonqallar yalnız Meşə mühafizəsi və Bərpası müəssisəsinin icazəsi ilə bu təşkilatın ayırdığı xüsusi yerlərdə qalana bilər. Tullantıların yandırılması da bütün hallarda həmin təşkilat ilə razılaşdırılmalıdır. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, meşədə yanğınların baş verməsinə şərait yaradan əsas səbəblərdən biri tonqallardır. Bunu nəzərə alaraq tonqallarla əlaqədar vətəndaşlara meşələrdə yanğın təhlükəsizliyini təmin etmək məqsədilə bəzi tövsiyələri verməyi məqsədəuyğun sayırıq. Birinci növbədə qeyd etmək lazımdır ki, tonqal yandırılarkən bütün təhlükəsizlik qaydalarına əməl etmək vacibdir. Tonqal heç bir halda ağacın altında yandırılmamalıdır. Quru ağac kötükləri və quru ot olan ərazidə də od qalamaq olmaz. Tonqal qalamaq üçün əvvəlcədən yer hazırlamaq və yaxud da köhnə, qalanmış tonqalın yerindən istifadə etmək lazımdir. Tonqal qalamaq üçün ilk növbədə ağaclardan xeyli aralıda yer hazırlamaq məqsədəmüvafiqdir. Həmin ərazi otlardan təmizlənməli, sonra isə yandırılacaq odun parçaları üçün bel vasitəsi ilə çala qazılmalıdır. Tonqal ətrafındakı otları 0,5-1 metr radiusunda təmizləmək lazımdır. Tonqalı söndürüb oranı tərk edan zaman közün üstü torpaqla örtülməlidir: "Tonqal heç zaman nəzarətsiz qalmamalıdır. Ehtiyatda olan yanacaq məhlulu tonqaldan 3-5 metr aralıda saxlanmalıdır. Əgər ehtiyac yoxdursa, çox hündür ocaq qalamaq lazım deyil. Diqqət yetirilməlidir ki, tonqaldan kənara az qığılcım düşsün. Xüsusən də küləkli havada bu, daha təhlükəlidir. Tonqalı yandırarkən küləyin gücünə və istiqamətinə uyğun tonqal yandırmaq lazımdır. Çünki kənara sıçrayan qığılcımlar otun və yarpaqların alışmasına səbəb ola bilər. Çalışmaq lazımdır ki, yarpaqları qurumuş budaqlardan istifadə edilməsin, çünki bu zaman qırağa təkcə qığılcımlar deyil, yanan yarpaqlar da səpələnə bilər. Ərazini tərk edən zaman tonqalı tam söndürməli, üzərinə su atmalı, sonra isə üstü torpaqla örtülməlidir. Əgər tonqalın içində közərən kömür parçaları olarsa, tonqala yenə də su tökülməlidir. Söndürülmüş tonqaldan tüstü və ya buxar çıxarsa, ondan aralanıb getmək, tələsmək olmaz. Gedərkən tam əmin olmaq lazımdır ki, tonqal tam sönüb və sonradan alışma ehtimalı yoxdur. Yanğın təhlükəsi olan meşə sahələri, meşə yolları və digər torpaqlarla həmsərhəd olan sahələr yanğın əleyhinə 2-3 metr enində şumlanmalı, meşənin tör-töküntülərdən təmizlənməsi təmin edilməli, meşənin ərazisində yerləşdirilən hər hansı tikilinin ətrafı 15 metr radiusunda şumlanmalı və ya yanğına qarşı minerallaşdırılmış zolaqlarla təmin edilməlidir. Meşədən və ya meşə zolağından keçən avtomobil və dəmir yollarının hər iki tərəfi 10 metr məsafədə meşə tör-töküntülərindən, yanar materiallardan təmizlənməli və yanğına qarşı minerallaşdırılmış zolaqlarla təmin edilməlidir. Meşələrin yanğın təhlükəsizliyini təmin etmək məqsədilə əhatəli təbliğat işi aparılmalı, yanğına qarşı plakatlardan, reklam işlərindən geniş istifadə olunmalıdır. Meşə ilə əlaqəsi olan bütün müəssisələrdə, təşkilatlarda, idarələrdə, əhali arasında, məktəblərdə yanğın təhlükəsizliyi ilə bağlı izahat işlərinə geniş yer verilməlidir. Meşə ilə həmsərhəd olan yaylaqlarda çobanlar, ov mövsümü zamanı ovçular odla ehtiyatlı olmalı və yanğın baş verərsə onun söndürülməsi qaydaları barədə maarifləndirilməlidirlər".
Sevinc QARAYEVA