|
|
|
|
Ötən ilin avqustundan etibarən 2021-ci ildə Ermənistanda istehsal olunmuş 2728 mina aşkarlanıb və zərərsizləşdirilib. Bunların 1119-u Azərbaycan və Ermənistan arasında sərhəd ərazisində, Kəlbəcər və Laçın rayonlarında, 1609-u isə Qarabağ İqtisadi Rayonunun ərazisində aşkarlanıb. Ermənistan 30 ilə yaxın bir dövr ərzində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgəsindəki şəhər və rayonları yalnız işğal altında saxlamaqla kifayətlənməyib, işğalçılar insanlarımızın həyat və sağlamlığına zərər vermək məqsədilə həmin əraziləri kütləvi şəkildə minalayıblar. 2020-ci il 10 noyabr tarixində imzalanan üçtərəfli Bəyanatdan sonrakı dövrdə işğaldan azad edilən ərazilərdə baş verən çoxsaylı mina partlayışları nəticəsində hərbi qulluqçularla yanaşı, mülki şəxslərin də mina terrorunun qurbanı olub. Ermənistan tərəfi isə nəinki ötən dövr ərzində ərazilərimizdə basdırdığı minaların dəqiq xəritələri haqqında ölkəmizə məlumat verməkdən yayınır, təxribat-diversiya qrupları vasitəsilə işğaldan azad olunan ərazilərimizi yenidən minalarla çirkləndirməkdə davam edir.
Prezident İlham Əliyev bəyan edib ki, Ermənistan Azərbaycanın işğal edilən ərazilərində 30 il ərzində 1 milyondan çox mina basdırıb. Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. 1990-cı illərin əvvəlindən 3300-dən çox vətəndaşımız mina qurbanı olub. Vətən müharibəsinin başa çatdığı 2020-ci il noyabrın 10-dan etibarən Ermənistanın mina terroru nəticəsində 300-ə qədər Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb: "Ermənistan tərəfindən ərazilərimizin minalarla və partlamamış hərbi sursatlarla çirkləndirilməsi kütləvi məzarlıq yerlərinin müəyyən olunması, ekshumasiya işlərinin aparılması prosesinə ciddi maneələr yaradır. Azərbaycan humanitar minatəmizləməni milli Dayanıqlı İnkişaf Məqsədi kimi elan edəcək. Ölkəmiz humanitar minatəmizləmənin BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsünü fəal şəkildə təşviq edir. Azərbaycan həm də Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifi ilə çıxış edib. Hazırda azad edilən ərazilərimizdə genişmiqyaslı quruculuq işləri aparılır. Müasir texnologiyalara əsaslanan humanitar minatəmizləmə və mina sahəsində maarifləndirmə bu işlərin tərkib hissəsidir. Mən öz həyatını təhlükə altına ataraq gecə-gündüz çalışan minatəmizləyənlərimizin fəaliyyətini yüksək qiymətləndirirəm. Dünyada mina terroruna son qoymaq üçün beynəlxalq səylər artırılmalıdır".
Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib ki, işğaldan azad edilən ərazilərdə avqust ayında Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 972, tank əleyhinə 1020 mina və 1121 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. 5264,14 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Bildirilib ki, xüsusi təyinatlı hərbi hissəsi tərəfindən işğaldan azad olunan ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatları sürətlə davam etdirilir. Əməliyyatlar təyin olunmuş istiqamətlər üzrə, kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində, su kanalları boyunca aparılır. Əməkdaşlar ən müasir avadanlıqlarla təchiz olunub və bu sahədə beynəlxalq kurslarda iştirak edərək akkreditasiyadan keçiblər. Bundan əlavə, nazirlik tərəfindən alınan "GCS-200" markalı, kənardan idarə edilən, müasir minatəmizləyən robotlar işğaldan azad edilmiş ərazilərin piyada və tank əleyhinə minalardan təmizlənməsi işlərində istifadə olunur. Robotlar məsafədən idarəetmə pultuna malikdir. Robotlar iki kovuşdan ibarətdir - biri piyada əleyhinə minadan təmizləmə üçün, digəri isə tank əleyhinə olan minalardan təmizləmək üçün istifadə edilə bilir. Robotun ən əsas göstəricilərindən biri odur ki, bir saat ərzində ərazinin xüsusiyyətləri imkan verdiyi təqdirdə 1500 kvadratmetr ərazini minalardan təmizləyə bilir. Bir robotu idarə etmək üçün bir istehkamçı, bir mexanik və bir qrup rəhbəri olur. Robotun arxa hissəsində özünü dartma xüsusiyyəti var və robot 10 kiloqram tratil ekvivalenti gücündə partlayışa dözümlüdür. Yəni bu tip partlayış zamanı yalnız robotun qarşısındakı hissə zədələnə bilər, digər hissələr heç bir zədə görmür. Prosesə istehkamçılarla bərabər, xüsusi təlim keçmiş itlər də qoşulub. Ərazilərin partlamamış hərbi sursatlarla çirklənmə miqyası həddindən artıq geniş olduğu üçün minaaxtaran itlərə ehtiyac yaranıb. Bu itlər çox sayda minaları və partlayıcı maddələri aşkarlama qabiliyyətinə malikdir. Düşmən qadağan olunan üsullardan istifadə etməklə, ərazilərin minalanması zamanı heç bir standart, norma gözləməyib və ərazilər çox ciddi şəkildə minalanıb. Bütün bunlara baxmayaraq, ərazilərdə minatəmizləmə prosesi tam gücü ilə davam etdirilir.
Qeyd edilib ki, azad olunan ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi zamanı ermənilərin qadağan olunmuş üsullardan istifadə etdikləri məlum olub. Bütün çətinliklərə baxmayaraq, ərazilərin diqqətli şəkildə təmizlənməsi prosesi aparılır: "Düşmən qadağan olunan üsullardan istifadə etməklə ərazilərin minalanması zamanı heç bir standart və norma gözləməyib. Buna görə də ərazilər çox ciddi şəkildə minalanıb. Bütün bunlara baxmayaraq, ərazilərdə minatəmizləmə prosesi tam gücü ilə davam etdirilir".
Bu günlərdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın növbəti mina terrorunu pisləyib. Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən törədilən mina terroru azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri ilə məşğul olan mülki şəxslərin həyat və sağlamlıqlarına təsir etməklə yanaşı, nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı prosesinə ciddi maneə yaradır.
Bildirilib ki, Azərbaycan tərəfi işğaldan azad edilmiş ərazilərimizdə basdırılmış minaların düzgün xəritələrini dəfələrlə tələb etməsinə baxmayaraq, Ermənistanın bu xəritələri təhvil verməkdən imtina etməsi bu ölkənin günahsız insanların qətlində maraqlı olduğunu, beynəlxalq humanitar hüquq normalarına etinasız münasibətini bir daha sübut edir.
Bu günlərdə mina qurbanları, onların ailə üzvləri və Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri BMT-yə birgə müraciət ünvanlayıb. Müraciətdə bildirilib ki, Ermənistanın və onun hərbi birləşmələrinin Azərbaycan ərazisində hələ də mövcudluğunu saxlayan tör-töküntülərinin, oyuncaq hərbi xunta rejiminin mina terrorundan əziyyət çəkən qurbanlar, onların ailə üzvləri, yaxınları, bu sahədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları olaraq, BMT-nin Baş katibi cənab Antonio Quterreşə, BMT Baş Assambleyasının prezidenti cənab Denis Frensis, BMT-nin İnsan Hüquqlan Şurasının prezidenti cənab Vatslav Baleka, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı cənab Volker Türkə müraciət edirik ki, 1991-ci ildan başlayaraq ötən dövrdə Ermənistan Azərbaycan ərazisində 1 milyondan çox mina basdırılıb. Bu minaların sayı vaxtilə münaqişənin olduğu ərazidən məcburi köçkün düşən insanların sayını da üstələyir: "İşğaldan azad edilmiş ərazilərdə təmizləmə işləri nəticəsində bu günə kimi 95 minə yaxın mina və digər partlayıcı qurğular aşkar edilərək zərərsizləşdirilib. Bu, 100 mindən çox insanın ölümdən xilası deməkdir. Azərbaycan dövləti gecə-gündüz Ermənistanın basdırdığı minaları təmizləyir. Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş, ən çox mina qurbanı olan ölkələr siyahısındadır. Bu günə kimi Ermənistanın Azərbaycan xalqına qarşı mina müharibəsi nəticəsində 3393 nəfər azərbaycanlı mina hadisəsinin qurbanı olub. Onların 357 nəfəri uşaq, 38 nəfəri qadındır. 10 noyabr 2020-ci il Bəyanatından ötən 3 ilə yaxın müddətdə Ermənistan mina terrorunu bir gün da olsun dayandırmayıb. Əvvəlcə, Ermənistan hakimiyyəti "mina xəritələri"nin olmasını dandı, daha sonra Azərbaycanın tələbi qarşısında guya bəzi "mina xəritələri"ni təqdim etdi, ancaq məlum oldu ki, onlar yalançı, saxta xəritələrdir, reallığı əks etdirmir. 10 noyabr 2020-ci ildən 19 sentyabr 2023-cü ilədək Qarabağ və Şərqi Zəngəzur ərazisində 314 nəfər azərbaycanlı mina partlayışının qurbanı olub. Onlardan 61 nəfəri həlak olub, 253 nəfəri xəsarət alıb. Mina qurbanlarının 149 nəfəri mülki şəxs, 165 nəfəri hərbi qulluqçulardır. Hələ də Ermənistanın göstərişi ilə Qarabağdakı hərbi xunta rejimi, onun diversiya qrupları Azərbaycan ərazilərinə minalar basdırır. Son sutka ərzində artıq 6 nəfər bu mina terrorunun qurbanı olub. Bu dəhşətdir ki, XXI əsrdə Azərbaycan xalqı öz doğma torpağında mina qurbanları verir".
Millət vəkili Müşfiq Cəfərov deyir ki, müharibədən sonra Azərbaycan ərazisində 2020-ci ildən sonra Ermənistanda istehsal olunmuş çoxlu sayda minalar tapılıb. Bu minalar nəticəsində hərbçilərlə yanaşı, sivil insanların və öz peşə vəzifəsini yerinə yetirməyə çalışan jurnalistlərin də həyatını itirməsi bütün dünyaya məlumdur. Ümumilikdə minalama siyasəti erməni terrorizminin əsas göstəricilərindən biridir: "Azərbaycan hökuməti mina təmizləmə işlərinə böyük diqqətlə yanaşır. Ermənistan hakimiyyətinin isə Azərbaycan xalqına qarşı mina terroru yenə davam edir. Biz bir tərəfdən minaları təmizləyirik, onlar digər tərəfdən əlləri çatan yerlərə mina basdırmaqla məşğuldurlar. Müvafiq qurumlar baş verə biləcək xoşagəlməz halların aradan qaldırılması - minaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində fasiləsiz olaraq çalışır. İstər yerli, istərsə də beynəlxalq mütəxəssislər Ermənistanın mina terrorunu qəti şəkildə pisləyirlər. Lakin beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan hüquqlarının müdafiəsi ilə məşğul olan qurumlar da Azərbaycana qarşı davam etdirilən mina terroruna biganə qalmamalıdırlar. Aidiyyəti qurum və təşkilatlar tərəfindən bu məsələ ilə bağlı Ermənistana çağırış və təzyiqlər edilməli, bu cinayətlərin qarşısı qısa zamanda alınmalıdır".
Sevinc QARAYEVA