|
|
|
|
Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsi ölkədə aparılan sosial-iqtisadi islahatların mühüm tərkib hissəsidir. Ekoloji tarazlığın qorunması, ekoloji təhlükəsizliyin təmin olunması və təbii sərvətlərdən səmərəli istifadə edilməsi istiqamətində məqsədyönlü tədbirlər mütəmadi olaraq həyata keçirilir.
İşğaldan azad edilən ərazilərin ekoloji mühitinin bərpası, təbii sərvətlərdən rasional istifadə, atmosfer havasının mühafizəsi, habelə ekoloji təmiz nəqliyyatdan istifadənin genişləndirilməsi, biomüxtəlifliyin qorunması, meşə və yaşıllıqların artırılması təbii sərvətlərin axtarışı, kəşfiyyatı və hasilatı prosesində ətraf mühitə təsirlərin azaldılması, su ehtiyatlarından səmərəli istifadə, istehsal müəssisələrində aztullantılı qabaqcıl texnologiyalarından istifadənin genişləndirilməsi prioritet istiqamətlərdəndir.
Ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə istiqamətində "Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik", "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" çərçivəsində qəbul edilmiş "2022-2026-cı illərə dair sosial-iqtisadi inkişaf Strategiyası" və "Azərbaycan Respublikasının işğaldan azad edilən ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı", "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı", "Yerin təkinin geoloji öyrənilməsinə və mineral-xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı" və digər proqramlar çərçivəsində tədbirlər həyata keçirilir.
Bununla yanaşı, "Azərbaycan Respublikasında meşələrin mühafizəsi və davamlı inkişafına dair 2022-2030-cu illər üçün Dövlət Proqramı"nın və "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"nın layihələri hazırlanaraq razılaşdırılması üçün aidiyyəti üzrə təqdim edilmiş, həmçinin "Azərbaycan Respublikasında 2023-2027-ci illərdə akvakulturanın inkişafına dair Dövlət Proqramı"nın və "Azərbaycan Respublikasında atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılmasına və iqlim dəyişmələrinə dair 2023-2030-cu illər üçün Dövlət Proqramı"nın layihəsi hazırlanır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, işğaldan azad edilən ərazilərdə ekoloji monitorinq işləri ötən il ərzində də davam etdirilib. Laçın şəhəri, Zabux və Sus kəndlərində tullantıların idarə olunması, su mənbələrində, əkinaltı torpaq sahələrində ekoloji vəziyyətin, şüalanma selinin sıxlığını və atmosfer havasında qazların miqdarını və radiasiyanı təyin etmək, eləcə də yaşıllıqlara və meşə sahələrinə yerində baxış keçirilməsi məqsədi ilə kompleks ekoloji monitorinqlər aparılıb. Ərazidən axan Zabux və Həkəri çaylarından və bulaqlardan kimyəvi, mikrobioloji və ekotoksikoloji analizlər üçün su nümunələri götürülüb. Zabux çayından götürülmüş su nümunəsi üzərində aparılmış kimyəvi təhlillərin nəticəsinə görə göstəricilərin miqdarı norma daxilində, mikrobioloji təhlillərin nəticəsinə görə isə nümunə çirkli müəyyən edilib. Bağırsaq çöpü bakteriya qrupunun miqdarı - 136000 ədəd/litr və şərti xəstəlik törədən bakteriyaların miqdarı - 127000 ədəd/litr təyin edilib. Ekotoksikoloji təhlillərin nəticəsinə görə nümunə zəhərli təsirə malik olmayıb. Həkəri çayından götürülən nümunəsi üzərində aparılan kimyəvi təhlillərin nəticəsinə görə göstəricilərin miqdarı norma daxilində, mikrobioloji təhlillərin nəticəsinə görə isə nümunə çirkli müəyyən edilib. Bağırsaq çöpü bakteriya qrupunun miqdarı - 279000 ədəd/litr və şərti xəstəlik törədən bakteriyaların miqdarı 358000 ədəd/litr təyin edilib. Ekotoksikoloji təhlillərin nəticəsinə görə nümunə zəhərli təsirə malik olmayıb.
Yuxarıda qeyd edilən neqativ halların orada məskunlaşan vətəndaşlarımızın həyatına təhdid yaratmaması üçün müvafiq addımlar atılır, effektli tədbirlər həyata keçirilir.
Yaşıllıqlara və meşə sahələrinə baxış zamanı Laçın şəhəri ərazisində ümumilikdə 13,8 ha yaşıllıq sahəsinin yandırılması zamanı 4-36 sm diametrliyində 7692 ədəd akasiya, ardıc, söyüd, vələs, palıd və qoz cinsli ağacların məhv edildiyi, eləcə də şəhər ərazisində 8-26 sm diametrliyində 11 ədəd qoz və qovaq cinsli, rayonun Zabux kəndi ərazisində 16-110 sm diametrliyində 10 ədəd tut, qoz, söyüd və şam cinsli və Sus kəndi ərazisində 12-80 sm diametrliyində 35 ədəd tut, söyüd, qovaq və qoz cinsli ağacların kökboğazından kəsildiyi və Laçın dəhlizi hissəsində 448,8 ha meşə sahəsinin yandırıldığı aşkar edilib. Bu ərazilərdə mütəmadi qaydada kompleks ekoloji monitorinqlər davam etdirilir.
İşğaldan azad edilən rayonlarda mövcud olmuş 67 yatağın kadastr işləri icra edilən, işğal dövründə istismar edilmiş yataqlardan 7-nin təftişi və monitorinqi aparılıb, dəymiş ziyan ilkin olaraq qiymətləndirilib. Ağdam, Laçın və Kəlbəcər rayonları üzrə 57 qeyri-filiz və inşaat materialları yataqlarının, eləcə də Şuşa rayonu ərazisində Sığnaq və Yemişcan mərmərləşmiş əhəndaşı təzahürlərinin təftişi başa çatdırılıb. Füzuli rayonu ərazisində Aşağı Güzlək, Cəbrayıl rayonu ərazisində Havuslu, Sədi və Ərəkül, Zəngilan rayonu ərazisində Cahangirbəyli və Xumarlı, Qubadlı rayonu ərazisində Muğanlı tikinti materialları yataqlarında, Ağdam rayonu Xaçınçay qum-çınqıl yatağında geoloji qiymətləndirmə işləri başa çatdırılaraq müxtəlif tikinti və yol infrastrukturlarının qurulması sektorlarında istifadəyə verilib. Zəngilan rayonunda yerləşən Vejnəli qızıl yatağında mövcud qızıl emalı zavodu və digər yardımçı istehsalat vasitələrinin "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited" Şirkətinə verilməsi məqsədilə monitorinq və təftiş işləri, eləcə də İqtisadiyyat Nazirliyi ilə təhvil-təslim məsələləri başa çatdırılıb.
Məlumata görə, Kəlbəcər rayonunda 8 termal su yatağında çöl diaqnostik monitorinq və laboratoriya təhlilləri aparılmış və əvvəlki illərlə müqayisədə bu suların kəmiyyət və keyfiyyət göstəricilərində ciddi fərqlər müəyyən edilməyib. Aşağı İstisu sahəsində yeni termal su quyusunun layihə yeri müəyyənləşdirilib, qazılmış hidrogeoloji quyudan 600 m3/gündebitli termal su əldə edilib. Termal su mənbələrindən su nümunələri götürülərək laboratoriya təhlillərinə cəlb edilib. Ağdam şəhərinin su təchizatı tədbirləri çərçivəsində müvafiq araşdırmalar aparılıb, 580 artezian və subartezian quyuları təftiş və monitorinq edilmiş, yeraltı su ehtiyatları hesablanaraq perspektiv 3 sugötürücü zona təklif edilib. Qarabağ iqtisadi rayonu ərazisində yeraltı su yataqlarının istismar ehtiyatlarının yenidən qiymətləndirilməsi istiqamətində geoloji tədqiqatlara başlayıb və ilkin mərhələdə Qarabağ və Mil düzü hövzələri üzrə işlər aparılmaqdadır. Şuşa şəhəri üzrə mineral su ehtiyatlarının fond məlumatları əsasında təhlilləri aparılmış, o cümlədən, mövcud olan bulaq və quyuların monitorinqi icra edilmiş və perspektiv istifadə istiqamətləri müəyyənləşdirilib. Hazırda Füzuli və Cəbrayıl şəhərlərinin içməli su təchizatı ilə əlaqədar artezian, subartezian quyuları və kəhrizlərin təftiş və monitorinqi işləri aparılır. Tərtər və Füzuli rayonlarının işğaldan azad edilmiş ərazilərində, eləcə də Zəngilan və Cəbrayıl rayonlarında 134 quyu və 3 kəhrizdə monitorinq işləri başa çatdırılıb, ümumilikdə 60 su nümunəsi götürülməklə laboratoriya təhlillərinə verilib.
Nazirlikdən vurğulanıb ki, Oxçuçayın su ehtiyatlarına analitik nəzarətin həyata keçirilməsi məqsədilə çaydan mütəmadi qaydada su və dib çöküntüsü nümunələri götürülərək analiz olunur. Götürülən su nümunələrinin təhlilinin nəticələrinə əsasən çay suyunda yüksək miqdarda ağır metallar, xüsusən mis, molibden, manqan, dəmir, sink və xrom aşkar edilib. Orta hesabla Oxçuçayda codluq 1.1-2.4 dəfə, ammonium 1.2-4.6 dəfə, sulfat 1.1-1.4 dəfə, ağır metallardan molibdenin miqdarı - 1.1-2 dəfə, dəmir - 1.1-14 dəfə, manqan 1.1-4 dəfə normadan yüksək olub, həmçinin çayın vaxtaşırı rəngi çirklənmə səbəbindən dəyişib. Həmçinin il ərzində işğaldan azad olunan ərazilərin su obyektlərinin çirklənmə vəziyyətinin öyrənilməsi məqsədilə monitorinqlər davam etdirilib, 3 çaydan ümumilikdə 197 ədəd dib çöküntüsü nümunəsi götürülüb və üzərində 10 adda ağır metalların təyini üzrə 1970 fiziki-kimyəvi analiz aparılıb. Oxçuçaydan götürülən dib çöküntüsündə ağır metalların miqdarı digər 2 transsərhəd çay olan Bəsitçay və Bərgüşadçayla müqayisədə xeyli çox olub: "Nazirliyin müvafiq əmri ilə Oxçuçayda fiziki-kimyəvi və bioloji monitorinqlərin aparılması, təhlillərin edilməsi və təkliflərin verilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, "Azərsu" ASC-nin, "Azərbaycan Meliorasiya Su Təsərrüfatı"ASC-nin və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərindən ibarət yaradılan İşçi Qrup tərəfindən cari dövrədək 4 dəfə monitorinq aparılıb. Hazırda Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən aidiyyəti qurumlarla birlikdə beynəlxalq təcrübə öyrənilməklə Oxçuçay hövzəsində ekosistemin bərpası ilə əlaqədar təkliflər hazırlanır".
Sevinc QARAYEVA