|
|
|
|
Qarabağa Böyük Qayıdış proqramı çərçivəsində ilk növbədə əhalinin məskunlaşdırılması və məşğulluğunun təmin edilməsi əsas proitet məsələlərdəndir. Qısa müddət ərzində işğaldan azad olunan ərazilərdə bu qədər böyük işlərin görülməsi və artıq Zəngilana, Füzuliyə, Laçına və digər ərazilərə quruculuq işlərindən sonra böyük qayıdışın təmin olunması sözün əsl mənasında tarixi hadisədir və eyni zamanda çox böyük nailiyyətdir. Azərbaycan işğaldan azad olunan ərazilərin yenidənqurma və bərpasını kənardan heç bir maliyyə yardımı almadan təkcə özünün iqtisadi gücü hesabına həyata keçirir. Bu, Azərbaycanın böyüklüyünün və işğaldan azad edilən ərazilərin bizə məxsus olmasının əyani sübutudur.
Prezident İlham Əliyev deyir ki, işğaldan azad edilən ərazilərə Böyük Qayıdış proqramı milli prioritetlərimiz sırasındadır. Uğurla icra edilən proqram çərçivəsində bu günə qədər Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə köçkünlərin qayıtması təmin olunub. Növbəti 3 ildə 100 minə qədər köçkünün doğma yurd-yuvalarına dönməsi planlaşdırılır. Həyata keçirilən layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına xidmət etməklə, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün əlverişli şərait yaradır.
Artlq neçə müddətdir ki, soydaşlarımızın doğma yurd, yuvalarına qaytarılması prosesi başlayıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən qurulan ərazilərə keçmiş məcburi köçkünlərin köçürülməsi bu gün də davam edir. Oktyabrın 10-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən Füzuli şəhərinə yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 21 ailə - 88 nəfər köçürülüb. Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü olaraq, təhlükəsiz şəkildə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Abadlaşan və daha da gözəlləşən Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər. Sakinlər Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə böyük ehtiram duyduqlarını dilə gətiriblər.
Qeyd edək ki, köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Füzuli şəhərində 165 ailənin, yəni 602 nəfərin daimi məskunlaşması təmin ediləcək.
İqtisadçı-ekspert Rəşad Hüseynin sözlərinə görə, məskunlaşma ilə eyni vaxtda infrastrukturun qurulması gələcəkdə turizm, nəqliyyat, logistika, kənd təsərrüfatı, emal sənayesi və yaşıl enerji istiqamətində görüləcək xeyli işlər var. Adları çəkilən sahələrin hərəkətə gətirilməsi üçün insan resursları potensialına ehtiyac var. Əhalinin məskunlaşması və məşğulluğunun təmin edilməsi üçün geniş perspektivlər mövcuddur. Qarabağda əhalinin məşğulluğunun təmin edilməsi üçün yerli və xarici investisiya hesabına yeni zavod və fabriklərin, o cümlədən, turizm infrastrukturunun yaradılması nəzərdə tutulur. İlkin olaraq bölgənin inkişafı üçün yerli investisiya proqramları həyata keçirilir. Gələcəkdə məskunlaşma başa çatdıqdan sonra investisiya mühitini tam şərtləndirən amillərin təmin edilməsi nəticəsində daha böyük həcmdə xarici investisiya gəlməyə başlayacaq. Yaponiya, Böyük Britaniya, İsrail və Avropanın bir sıra ölkələri Qarabağa investisiya yatırmaqda maraqlıdırlar.
Təbii ehtiyatlardan daha səmərəli istifadə etməklə mədənçilik sənayesini də genişləndirmək olar. Belə ki, ərazidə zəngin qızıl, mis, perlit, əhəng, gips, pemza, qum-çınqıl yataqları mövcuddur ki, bunun hesabına kimyəvi məhsullar, o cümlədən, tikinti materialları istehsalı üçün geniş xammal mənbələri kimi istifadə etmək olar. Təbii yataqlardan səmərəli istifadə, həmçinin xammal idxalından asılılığı da minimumlaşdıracaq. Bunun hesabına ixrac istiqamətli mallar istehsal edib xaricə satmaqla daha böyük həcmdə valyutanı ölkəyə gətirmək imkanları yaranacaq.
Qarabağın relyefinə görə unikallığı turizm sahəsi üçün son dərəcə əlverişlidir. Həm ərazinin təbiəti, həm də tarixi faktorlar bölgəni turizm üçün daha da cəlbedici edir. Otellərin saylarının artırılması, tarixi yerlərin yenidən bərpası, tələb edilən standartlara cavab verən turizm infrastrukturunun qurulması turizm potensialını daha da genişləndirmiş olacaq.
Ekspert bildirib ki, nəqliyyat və logistika sahələrinin inkişafı xüsusilə önəmlidir. Gələcəkdə Zəngəzur dəhlizi ilə daşınılacaq yüklər Qarabağdan keçərək aparılacaq. Bu səbəbdən də yol infrastrukturunun genişləndirilməsi, yükdaşımalar üçün əlverişli yolların çəkilməsi son dərəcə əhəmiyyətlidir: "Ən vacib məqamlardan biri ərazidə yaşıl enerji istehsalını artırmaq və bunun üçün imkanları araşdırıb ortaya çıxarmaqdır. Ərazidə günəş, su, külək, elektrik stansiyaların tikilməsi üçün lazım olan imkanlar araşdırılır, bu istiqamətdə tərəfdaş ölkələrlə əməkdaşlıq edilir. Buna misal kimi, Zəngilan və Cəbrayılda BP şirkəti ilə Azərbaycan Energetika Nazirliyi arasında 240 Mvt gücündə günəş elektrik stansiyasının tikilməsi haqqında razılaşmanı göstərmək olar. Bundan başqa, Kəlbəcər və Laçın rayonlarında külək elektrik stansiyalarının tikilməsi də planlaşdırılır. Kənd təsərrüfatı və heyvandarlıq Qarabağın hər zaman aparıcı sahəsi olmuşdur. Burada kənd təsərrüfatına yararlı torpaqlardan istifadə etməklə taxıl əkinlərinin sahələrini genişləndirmək, o cümlədən, meyvəçilik, tərəvəzçilik istiqamətli kənd təsərrüfatı məhsullarını yetişdirib daxili tələbatı təmin etdikdən sonra ixrac edərək ölkəyə əlavə valyuta cəlb etmək mümkün olacaq. Göründüyü kimi, Qarabağ iqtisadi rayonunun və Şərqi-Zəngəzur iqtisadi rayonunun çox geniş inkişaf potensialı var. Köç davam etdikcə, əhali məskunlaşdıqca qarşıda nəzərdə tutulmuş işlər daha sürətlə davam edəcək".
Milli Məclis sədrinin müavini Adil Əliyev deyir ki, işğaldan azad edilən ərazilərdə bərpa işləri, "ağıllı kənd", "ağıllı şəhər" kimi layihələr böyük sürətlə realizə edilir. Yeni avtomobil yolları, dəmir yolu sistemi qurulur ki, bu da qısa müddətdə daşımaların qardaş Türkiyə vasitəsilə Avropaya çatdıralacağına şərait yaradacaq. Artıq istifadəyə verilmiş Füzuli və Zəngilandakı Beynəlxalq Hava Limanları ilə bərabər, Laçındakı üçüncü hava limanının tikintisi sürətlə davam edir. Şərqi Zəngəzurda və Qarabağda bütün infrastruktur qurularaq istifadəyə verilib, hazırda proses sürətlə davam edir və bu sahədə sistemli iş aparılır: "Məhz görülən bu işlər vətəndaşlarımızın öz evlərinə qayıtdıqdan sonra daha rahat yaşamasına hesablanıb. Bu gün Qarabağa və Şərqi Zəngəzura həyat qayıdıb, məcburi köçkünlərin Vətən həsrətinə son qoyulur və uzun illərdən sonra evlərinə geri dönürlər. Laçın və Füzuli şəhərlərinə, Ağalı, Talış və Zabux kəndlərinə qayıdan həmvətənlilərimiz üçün hər cür yüksək şərait yaradılıb, onların bütün məsələlərinə, eləcə də məşğulluq siyasətinə yüksək dəstək verilir. Hər həftə işğaldan azad olunmuş ərazilərə geri qayıdan ailələrin sevinclərini görürük. Xalqımızın sevincin səbəbkarı isə Prezident, Müzəffər Ali Baş Komandanın iradəsi və Rəşadətli Azərbaycan Ordusunun şücaətidir".
Millət vəkili Cavanşir Feyziyevin sözlərinə görə, Ermənistanda və Qarabağ bölgəsində sovet strateqləri tərəfindən süni şəkildə yaradılmış bu münaqişə 30 il ərzində bölgədə böyük itkilərə və dağıntılara səbəb oldu. Nəhayət, bu minalardan biri - Qarabağ minası 2020-ci ildə partladı. Qırx dörd günlük müharibədə növbəti dəfə hər iki tərəfdən birlikdə 10 mindən çox insan həyatını itirdi. Lakin nəticə 30 illik çıxılmaz bir vəziyyətdən xilas olmaq üçün yeni presedent yaratdı. Dünyanın bütün aparıcı güclərinin iradəsinin əksinə olaraq Prezident İlham Əliyevin cəsarəti və qətiyyəti sayəsində dünya 30 il əvvəl postsovet ərazisində yaradılmış etno-siyasi münaqişələrdən xilas olmağın ən düzgün və səmərəli yolunu real təcrübədə təsdiq etdi. Torpaqlarımız işğaldan azad olundu, dövlətimiz bütün ərazisi üzərində öz suverenliyini bərpa etdi: "Son 3 il ərzində ölkəmizdə sürətlə baş verən hərbi-siyasi hadisələrin fonunda həm də işğaldan azad olunmuş torpaqlarımızda 30 il ərzində erməni işğalçıları tərəfindən məqsədli şəkildə aparılmış dağıdıcılıq əməlləri ilə üzləşdik. Bir milyona yaxın qaçqın və məcburi köçkünlərin qoyub çıxdığı şəhərlər və kəndlər viran edilmiş, ərazilər sıx şəkildə minalarla örtülmüş və bölgənin bütün infrastrukturu məhv edilmiş, tarixi-mədəni abidələrimiz yer üzündən silinmişdir. Azərbaycan dövləti bu çağırışın qarşısında da qətiyyət göstərməkdə israrlı olduğunu nümayiş etdirdi. Prezident İlham Əliyev bütün şəhərlərin və kəndlərin dünyada mövcud olan ən yüksək standartlar əsasında yenidən tikilməsi barədə qərar verdi. Miqyası və tətbiq olunan texnologiyaların müasirliyi ilə heyrətləndirən nəhəng layihələr artıq həyata keçirilməkdədir. Azad olunan bölgələrimizdə həyata keçirilən abadlıq və quruculuq işləri də dünya miqyasında münaqişələrdən sonra ərazilərin bərpa olunması işləri üçün ən parlaq örnək olmaqdadır".
Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyninin dediyinə görə, əldə olunan nailiyyətlər, aparılan böyük quruculuq, bərpa işləri böyük ruh yüksəkliyi yaradıb. Artıq son vaxtlar qeyri-hökumət təşkilatları da regiona tez-tez səfər edirlər: "Məsələn Ağdamda, Şuşada və digər bölgələrdə bizə hansı işlərin görülməsi ilə bağlı Baş plan təqdim olundu. Baş plana uyğun olaraq, 2021-ci ildən sonra Ağdama, Şuşaya, Suqovuşana, Zəngilana, Xudafərinə və digər ərazilərimizə tarixi səfərimiz oldu. Səfərlər çərçivəsində ölkə Prezidentinin xüsusi nümayəndələri tərəfindən təqdimatlar olur. Tədqimatlardan biz görürdük ki, böyük işlər həyata keçirilir, nəhəng quruculuq işləri görülür. Təsəvvür yaranırdı ki, qısa müddət ərzində Azərbaycan işğaldan azad olunmuş ərazisində çox böyük qələbəlik və irəliləyiş olacaq. Dövlətimiz bu ərazilərdə həyatın tezliklə bərpa olunmasında, ora tezliklə yerli əhalinin köçürülməsində maraqlıdır. Həmin regionlarda vətəndaş cəmiyyətinin yaranması isə artıq bizim işimizdir. Yəni böyük qayıdışın özü də böyük hadisədir və bizim də qeyri-hökumət təşkilatları bu proseslərdə fəal iştirak edirlər və biz yenə də əhali arasında öz missiyamızı yerinə yetiririk. O cümlədən, beynəlxalq ictimaiyyət tərəfindən bu proseslər necə qarşılanır, necə müşahidə olunur və əlbəttə ki, bunlar hamısı ictimai rəydir və ictimai rəyin öyrənilməsi sahəsində də qeyri-hökumət təşkilatları öz üzərinə düşən vəzifələri yerinə yetirir".
R.Zeyni qeyd edib ki, qısa müddət ərzində Füzulidə, Laçında, Zəngilanda beynəlxalq hava limanlarının tikilməsi və yüz kilometrlərlə yolun çəkilməsi, o cümlədən, Zəngəzur dəhlizi ilə əlaqədar olaraq avtomobil yollarının, dəmir yolunun çəkilməsi çox böyük işlərin görülməsindən xəbər verir. Bu nəticələr xalqımızı sevindirir, ictimaiyyətimiz də bundan məmnun olur".
Sevinc QARAYEVA