Oktyabrın 23-dən etibarən II-XI sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə başlanılıb. Şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək. Müxtəlif səbəblərdən 10-cu siniflərə qeydiyyat üçün gecikən şagirdlər 23-31 oktyabr tarixləri arasında ümumi təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlər. 10-cu siniflərə şagirdlərin qəbulu da şagird yerdəyişməsi elektron sistemi www.sy.edu.az vasitəsilə aparılır.
Şagird yerdəyişməsi siniflərin kompleksləşdirilməsi məqsədilə II-XI siniflərdə təhsil alan şagirdlərin bir məktəbdən digərinə, habelə eyni məktəb daxilində yerləşməsi üçün nəzərdə tutulub. Şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir. Elektron xidmətin yaradılmasında məqsəd ümumi təhsil müəssisələrində şagird kontingentinin sabit saxlanılmasına, şagirdlər haqqında statistik hesabatların dəqiq və optimal göstəricilər əsasında formalaşdırılmasına nail olmaq, icbari təhsilin yerinə yetirilməsinə rəhbərlik və nəzarəti gücləndirmək, həmçinin, vətəndaş məmnuniyyətini təmin etməkdir.
Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, övladını digər məktəbə dəyişmək istəyən valideyn (digər qanuni nümayəndə), ilk növbədə, elektron sistemdə şəxsi kabinet yaradaraq övladını qeydiyyatdan keçirir. Valideyn (digər qanuni nümayəndə) övladını dəyişmək istədiyi məktəbdə tədris dili, xarici dil, təmayül istiqaməti uyğun gəldikdə müvafiq qruplar və siniflər üzrə boş yerə elektron sorğu yerləşdirir. Bundan sonra elektron sistemdə şagirdin yerdəyişməsi barədə əvvəl oxuduğu məktəbə avtomatik bildiriş göndərilir. Müvafiq sorğu və bildiriş göndərildikdən sonra 5 iş günündən gec olmayaraq valideyn (digər qanuni nümayəndə) şagirdin əvvəl oxuduğu məktəbdən şəxsi işini götürərək dəyişmək istədiyi məktəbə təqdim edir.
Elektron yerdəyişmə üçün hansı sənədlər tələb olunur?
Nazirlikdən bildirilib ki, Azərbaycan vətəndaşları üçün sistemdə qeydiyyat şəxsiyyət vəsiqəsinin FİN kodu, xarici ölkənin vətəndaşları üçün isə miqrasiya sənədinin seriya nömrəsi əsasında aparılır. Qeydiyyat mobil telefona göndərilən SMS vasitəsilə təsdiq olunur. Uşaqla bağlı məlumatların sistemə əlavə edilməsi üçün şəxsiyyət vəsiqəsinin FİN kodu və ya UTİS (Ümumi Təhsil İnformasiya Sistemində şagirdə məxsus unikal kod) kodu tələb olunur: "Müvafiq sorğu və bildiriş göndərildikdən sonra 5 iş günündən gec olmayaraq valideyn (digər qanuni nümayəndə) şagirdin əvvəl oxuduğu məktəbdən şəxsi işini götürərək dəyişmək istədiyi məktəbə təqdim edir. Yerdəyişmə dərs ilinin hər hansı yarımili ərzində baş verərsə, valideynə şagirdin fənlər üzrə summativ qiymətləndirmə nəticələrinin əks olunduğu arayış da təqdim edilir. Müəyyən edilən müddət keçdiyi halda müraciət ləğv olunur və bu barədə valideynin (digər qanuni nümayəndənin) şəxsi kabinetinə məlumat göndərilir".
Nazirlikdən qeyd olunub ki, övladını digər məktəbə dəyişmək istəyən valideyn (digər qanuni nümayəndə), ilk növbədə, www.sy.edu.az portalına daxil olaraq elektron sistemdə şəxsi kabinet yaratmalı və övladını qeydiyyatdan keçirməlidir. Vətəndaş şəxsiyyət vəsiqəsinin FİN kodunu (xarici ölkənin vətəndaşları miqrasiya sənədinin seriya nömrəsini) daxil etdikdən sonra əldə olunmuş məlumatları təsdiq edir, daha sonra istifadə etdiyi mobil nömrəni qeyd edir. Mobil nömrəyə daxil olan SMS-də göstərilmiş təsdiq kodunu müvafiq açılan pəncərəyə daxil edir və qeydiyyat tamamlanır. Valideyn FİN və ya UTİS kodu ilə övladının qeydiyyatını tamamlayır.
Bəs yerdəyişmə sorğusuna hansı halda imtina cavabı verilə bilər? Sistem tərəfindən ilkin yoxlamalarda tədris dili uyğunsuzluğu olduğu halda valideyn tərəfindən həmin siniflərə seçim mümkün olmur. Xarici dil, təmayül istiqaməti uyğun gəlmədikdə imtina verilə bilər. İstisna hallar olduqda sorğu şəhər (rayon) təhsil şöbələri tərəfindən təsdiq edilə bilər.
II-XI sinif şagirdlərinin bir məktəbdən digərinə yerdəyişməsi zamanı olan prosedur əsasında ailəsi ilə birlikdə yaşayış yerini (rayonu, şəhəri) dəyişdiyi halda (yerdəyişmənin məqsədəuyğunluğu müvafiq sənədlər əsasında elektron sistemdə və ya R(Ş)TŞ(İ) tərəfindən təsdiq edildikdə) yol verilir.
Şagirdlərin ölkədən xaricə və ya xarici ölkələrdən Azərbaycan Respublikasının məktəblərinə yerdəyişməsi valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin qeydiyyatı aparılmaqla sistem vasitəsilə həyata keçirilir. Valideyn ilk əvvəl yerdəyişmə etmək istədiyi məktəbə yaxınlaşaraq övladının "Ümumi təhsil informasiya" alt sisteminə daxil edilməsi üçün müraciət etməlidir. Məktəb həmin uşağı bazaya daxil etdikdən sonra valideynə övladının UTİS kodunu təqdim edir. Daha sonra valideyn adi qaydada şagirdlərin elektron yerdəyişməsi sistemində qeydiyyatdan keçərək sorğu yerləşdirir.
Valideyn (digər qanuni nümayəndə) övladının işğal olunmuş ərazilərin yerli təhsili idarəetmə orqanlarının tabeliyində olan məktəbə (bundan sonra - məcburi köçkün məktəbi) yerdəyişməsi üçün sorğu yerləşdirərkən onun məcburi köçkün olması elektron sistem vasitəsilə yoxlanır. Valideynin məcburi köçkün olmasını təsdiq edən sənəd elektron sistemdə müəyyən edilməzsə, bu barədə müvafiq sənəd skan olunmuş şəkildə sistemə yerləşdirilir.
Nazirliyin məlumatında vurğulanıb ki, məcburi köçkün ailəsindən olmayan uşaqların məcburi köçkün məktəblərinə yerdəyişməsinə yol verilmir. Vaxtilə məcburi köçkün məktəblərinə qəbul edilmiş məcburi köçkün ailəsindən olmayan şagirdlər bu və ya digər səbəblərdən məktəbi dəyişmək istədikdə onlar təhsillərini yalnız yerli məktəbdə davam etdirə bilərlər. Məcburi köçkün ailəsindən olmayan uşaqların məcburi köçkün məktəblərinə yerdəyişməsinə yalnız həmin köçkün məktəbindən ən azı 2 kilometr məsafədə yerli məktəb fəaliyyət göstərmədiyi halda razılıq verilir.
Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun sözlərinə əsasən, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir. Eyni zamanda prosesin elektronlaşdırılması tədris ili ərzində şagird yerdəyişməsinin hesabatlılığı, statistikası və digər bu kimi məlumatların tez bir zamanda əldə edilməsinə imkan yaradacaq.
Professor bildirib ki, şagirdlərin ümumi təhsil müəssisələrinə elektron qaydada yerdəyişməsi təhsilin inkişafı üzrə dövlət strategiyası çərçivəsində həyata keçirilən işlərin tərkib hissəsidir: "Elektron xidmət ölkənin bütün ümumi təhsil məktəblərində təhsil alan şagirdlərin bir məktəbdən digər məktəbə yerdəyişməsini və ya eyni məktəb daxilində sinfinin dəyişdirilməsi məqsədilə müraciətlərini qeydə alan, bu müraciətlərin elektron qaydada baxılmasını və icra edilməsini təmin edən elektron xidmətdir. Bu elektron xidmətin yaradılmasında başlıca məqsəd şagirdlərin hərəkəti prosesinin elektron qaydada avtomatlaşdırılması və nəticədə mümkün qədər insan faktorunun azaldılması, prosesin sadələşdirilməsi və vətəndaş məmnuniyyətinin təmin edilməsidir. Sistem məktəb məlumatlarının əldə olunması, yerli idarəetmə orqanları üçün nəzərdə tutulan interfeys, valideyn interfeysi, qeydiyyat, uşağın qeydiyyatı, yeni sorğunun yerləşdirilməsi, özəl məktəblərə keçid halı, gözləmə menyusu, sorğunun cari statusunu görmək imkanı, onlayn dəstək kimi funksionallıqlardan ibarətdir".
Təhsil eksperti Nadir İsrafilovun sözlərinə əsasən, şagirdlərin ümumi təhsil müəssisələrinə elektron qaydada yerdəyişməsinin tətbiq edilməsində əsas prinsiplər - şəffaflıq, səmərəlilik, keyfiyyətlilik və hesabatlılıqdır: "Şagird yerdəyişməsinin elektronlaşdırılması vətəndaşlara keyfiyyətli və səmərəli xidmətin təqdim edilməsi, şagirdlərin yerdəyişməsi prosesində məktəb və valideyn arasında olan "məsafə"nin azaldılması və valideynlərlə təhsil müəssisələri arasında əlaqənin daha münasib şəkildə təşkil edilməsi ilə nəticələnir. Eyni zamanda, prosesin elektronlaşması təhsilin elektron idarəedilməsi işinə öz töhfəsini verir. Belə ki, tədris ili ərzində şagird yerdəyişməsinin hesabatlılığı, statistikası və başqa bu kimi məlumatların tez bir zamanda əldə edilməsinə nail olunur".
"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, şagirdlərin elektron yerdəyişməsi prosesi sözügedən nazirliyin ən faydalı rəqəmsal xidmətlərdən biridir. Nazirlik bu rəqəmsal həll vasitəsilə həm də bu prosesdə olan neqativlərin qarşını almağı hədəfləyib: "Məhz bu səbəbdən 9-cu sinfədək avtomatik olaraq reallaşan bu e-xidmət 10-cu siniflər üzrə yerdəyişmədə iki mərhələyə bölünür. Belə ki, bu siniflər üçün valideynlər əlavə sənədlər yükləməklə seçimi əsaslandırmalıdırlar. Nazirlik bunu ali məktəblərə daha rahat hazırlaşmaq üçün oxuduğu məktəbdən çıxan, dərslərə getməmək şərtilə adını rayon məktəblərinə yazdırmaq istəyənlərin qarşısı almaq üçün edib: "Ümumiyyətlə, görünən odur ki, hazırda Nazirliyin, bütövlükdə hökumətin əlində yetərincə data formalaşıb ki, bununla da dövlət nəzarətini və ictimai nəzarəti, şəffaflığı daha effektiv təmin etmək mümkündür. Nazirliyin Ümumi Təhsil İnformasiya Sisteminin tərkib hissəsi olan sy.edu.az resursu da ölkə üzrə şagird miqrasiyasına nəzarət etmək üçün əhəmiyyətli bir rəqəmsal həllidir".
Sevinc QARAYEVA