|
|
|
|
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən "2010-2014-cü illərdə Azərbaycan Xalq Yaradıcılığı Paytaxtları" Proqramı artıq başa çatıb. Proqram ötən beş il ərzində respublikamızın ayrı-ayrı bölgələrində konkret məqsəd və tədbirlərlə həyata keçirilib. Əsas məqsədlərdən biri Azərbaycanın bölgələrində turizm potensialını aşkara çıxarmaq, regionlarda xarici turizmi, o cümlədən, turizmin aparıcı sahələrindən olan etnoturizmi inkişaf etdirməkdir. Daha bir önəmli məqsəd Azərbaycanın qeyri-maddi mədəniyyət irsinin və ənənələrinin bərpası, qorunması, tanıdılması, təbliği, inkişafı və gələcək nəsillərə ötürülməsidir.
Azərbaycan xalqının qədim, zəngin və rəngarəng qeyri-maddi mədəniyyət irsinə daxildə və beynəlxalq miqyasda maraq yaratmaq, onu layiq olduğu səviyyədə tanıtmaq və təbliğ etmək, bölgələrdəki qeyri-maddi mədəniyyət subyektlərini aşkara çıxarmaq, onlara hərtərəfli fəaliyyət və yaradıcılıq imkanları vermək, qeyri-maddi mədəni irs vahidlərinin dövlət reyestrini həyata keçirmək və s. bu kimi yüksək məramlar Proqramın kompleks tədbirlər proqramında öz real əksini tapıb. Nazirliyin məlumatlarını nəzərə alsaq, Proqram vasitəsilə Azərbaycanın qeyri-maddi mədəniyyətinə dair siyasətdə yeni islahatlara və dövlət proqramlarına start verilib.
Demokratik ölkələrin mədəniyyət siyasəti təcrübəsinə əsaslanan Proqram üç nominasiyada həyata keçirilib: folklor, xalq sənəti, diyarşünaslıq. Müvafiq olaraq, Proqrama aşağıdakı "paytaxt"lar daxil edilib: 1. Azərbaycanın Folklor Paytaxtı; 2. Azərbaycanın Sənətkarlıq Paytaxtı; 3. Azərbaycanın Əfsanələr Paytaxtı. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aşağıdakı rayonlar 2010-2014-cü illərdə üç nominasiya üzrə "Azərbaycanın Xalq Yaradıcılığı Paytaxtları" elan olunub:
1. 2010-cu il: Qazax - Folklor paytaxtı; Şəki - Sənətkarlıq paytaxtı; Gəncə - Əfsanələr paytaxtı.
2. 2011-ci il: Lənkəran - Folklor paytaxtı; İsmayıllı - Sənətkarlıq paytaxtı; Şabran - Əfsanələr paytaxtı.
3. 2012-ci il: Masallı - Folklor paytaxtı; Quba - Sənətkarlıq paytaxtı; Gədəbəy - Əfsanələr paytaxtı;
4. 2013-cü il. Zaqatala - Folklor paytaxtı; Göygöl - Sənətkarlıq paytaxtı; Xanlar - Əfsanələr paytaxtı.
5. 2014-cü il: Balakən - Folklor paytaxtı; Abşeron - Sənətkarlıq paytaxtı; Qəbələ - Əfsanələr paytaxtı.
Proqram çərçivəsində bu bölgələrdə ən müxtəlif tədbirlər - xalq yaradıcılığı, xalq musiqisi, xalq sənətkarlığı və folklor irsi üzrə rayon, respublika və beynəlxalq miqyaslı festivallar, konsertlər, meydan tamaşaları, baxış-müsabiqələr, infoturlar, elmi-praktik konfranslar, sərgilər, görüşlər, "dəyirmi masa"lar təşkil olunub. Bu tədbirlərdə rayonların folklor, bədii özfəaliyyət, xalq teatrı kollektivləri, xalq musiqiçiləri və sənətkarları, yaradıcı ziyalılar yaxından iştirak ediblər. Proqramın uğurla həyata keçməsində müvafiq rayon və şəhərlərdəki mədəniyyət və turizm idarələrinin, mədəniyyət, diyarşünaslıq və etnoqrafiya müəssisələrinin, mədəniyyət evləri və klublarının, muzeylərin, ziyalıların və yaradıcı şəxslərin, habelə, folklor, mədəniyyət, etnoqrafiya sahəsində təcrübəli mütəxəssislərin, AMEA tədqiqatçılarının fəal rolunu qeyd etmək vacibdir.
Xüsusilə, bölgələrdəki folklor festivalları, konsertləri və konfransları qeyri-maddi mədəniyyətin qədim tarixi qatlarını, mənəvi yaddaşı, musiqi-şeir-rəqs kompleksini, eyni zamanda milli özünüdərki təşkil edən folklor dəyərlərinin bərpasında, aşkar olunmasında və həyata qaytarılmasında böyük əhəmiyyətə malikdirlər. Daha bir nəticə rayonlarda folklor və bədii özfəaliyyət işinin fəallaşması, folklor ansambllarının müasir mədəniyyətdə roluna düzgün qiymət verilməsidir. O cümlədən, Masallı, Lənkəran, Zaqatala rayonlarında təşkil olunan beynəlxalq folklor festivalları, konsertləri və konfransları müasir dövrdə Azərbaycanın zəngin folklor ölkəsi kimi tanınması və xalqlararası mədəni əlaqələrin genişlənməsi istiqamətində böyük əhəmiyyət daşıyır. Bu tədbirlərin nəticəsi kimi Masallı, Lənkəran, Zaqatala və Balakən rayonlarının folklor örnəkləri ayrı-ayrı toplularla nəşr olunub.
Nazirliyin beş il ərzində həyata keçirdiyi "Xalq Yaradıcılığı Paytaxtları"nın nəticələrindən biri də budur ki, yerlərdə folklor vahidləri, musiqi-folklor janrları, ifaçılıq ənənələri qorunmasa, rayonlarda bədii özfəaliyyət ansamblları, onların konsertləri, festivalları, yerli folklora əsaslanan repertuarı təşkil olunmasa qeyri-maddi mədəniyyət irsinin layiqli təbliğindən və inkişafından söhbət belə gedə bilməz.
Çoxsaylı tədbirlər göstərdi ki, respublikamızın bölgə folklorunun zənginliyi, hər bir rayonun özünəməxsus musiqi ənənələri və folklor janrları, xalq musiqisi üzrə vokal və instrumental ifaçılıq növləri, mərasimlər və adətlər musiqişünaslara və folklor mütəxəssislərinə regional tədqiqatlar üçün geniş imkanlar verirlər.
Mədəniyyət və Turizm Nazirliyinin sözügedən Proqramı xalq mahnılarını, folklor rəqslərini, ifaçılıq ənənələrini, aşıq və muğam sənətkarlığını, musiqi alətlərini öyrənən musiqişünaslara, folklor irsini araşdıran folklorşünas və etnoqraflara, bu baxımdan yetərincə istiqamət verib, sahəvi ekspedisiya və tədqiqatların aparılması üçün müasir dövrdə folklor materiallarının bol olması faktını yenidən gündəmə gətirib. Sadəcə, tədqiqatçıların tədbirlərə qatılması, fəal iştirakı, müşahidələr aparması çox lazım idi. Təkcə AMEA Folklor İnstitutunun iştirakı ilə xalq yaradıcılığına sistemli və kompleks yanaşılması tam elmi həllini tapa bilməz. Bununla belə, institut əməkdaşlarının tədbirlərdə fəal iştirakı, konfransları təşkil etməsi, maraqlı məsələləri müzakirəyə çıxarması, öz növbəsində nazirliyin folklor tədqiqatçıları ilə məqsədyönlü iş birliyi bu Proqramın nəticələrinə müsbət təsir göstərib.
Lakin AMEA-nın qədim və orta əsrlər ədəbiyyatı, etnologiya mütəxəssislərinin, Memarlıq və İncəsənət İnstitutunun xalq musiqi və muğam üzrə əməkdaşlarının, Bəstəkarlar İttifaqının üzvü olan bəstəkar və musiqişünasların, Bakı Musiqi Akademiyasının etnomusiqişünas mütəxəssislərinin, Milli Konservatoriya ilə ADMİU musiqişünaslarının da bu tədbirlərdə məhz elmi maraqlarla iştirakı, şübhəsiz ümumi işin xeyrinə olar, nəticələri daha hərtərəfli və faydalı edə bilərdi. Elə Mədəniyyət və Turizm Nazirliyində çalışan ali musiqi təhsilli kadrların bu Proqramın xalq musiqisi yönümündəki tədbirlərinə, rayonların folklor kollektivlərinin repertuarına, yerlərdə bədii özfəaliyyət kollektivlərinin yaradılmasına, regionlarda xalq sənətkarlarının ifasının yazıya alınmasına, xalq musiqisindən ibarət audio-not bukletlərinin hazırlanmasına cəlb olunması da müsbət nəticələrin kəmiyyət və keyfiyyətinə təsirsiz ötüşməzdi.
(Ardı var)
Ariz ABDULƏLİYEV
Bakı Musiqi Akademiyasının dosenti, böyük elmi işçi