|
|
|
|
Ötən gün görkəmli müğənni Rəşid Behbudovun 100 yaşı tamam olması münasibətilə yaxınları, sənət dostları, respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri Fəxri Xiyabanda unudulmaz sənətkarın məzarını ziyarət ediblər.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev görkəmli sənətkarın həyat və yaradıcılığından söz açıb:
"Rəşid Behbudov Azərbaycanın çoxəsrlik mədəniyyəti tarixində böyük simalardan biridir. O ölməz səsi ilə hələ də qəlblərdə sevilərək yaşayır.
Prezident İlham Əliyevin dünya şöhrətli müğənni Rəşid Behbudovun 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı müvafiq Sərəncama uyğun olaraq bu günlər ölkəmizin bütün bölgələrində silsilə tədbirlər keçirilir. Dövlətimizin başçısının imzaladığı müvafiq Sərəncam əslində bütün Azərbaycan xalqının Rəşid Behbudov şəxsiyyətinə və sənətinə sonsuz hörmətinin, sevgisinin, məhəbbətinin ifadəsidir. Gələn il Bakıda görkəmli ifaçı Rəşid Behbudovun heykəlinin açılışı olacaq və sənətkarın 100 illiyinə həsr olunmuş möhtəşəm yubiley tədbiri təşkil ediləcək. Yubileylə bağlı olaraq Rəşid Behbudovun disklərinin buraxılması, albomunun nəşri, həyat və yaradıcılığına həsr olunmuş sənədli filmin çəkilişi planlaşdırılır. Gələn il Azərbaycanda unudulmaz sənətkarımız Rəşid Behbudovun adını daşıyan musiqi festivalının da keçirilməsi nəzərdə tutulur".
Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək bildirib ki, XX əsrdə Azərbaycan vokal məktəbinin təkrarsız nümayəndələrindən biri, estrada musiqisinin simvolu, müstəsna və ecazkar səsə malik R. Behbudovun yaradıcılığında milli və xarici, Şərqlə Qərb, o cümlədən, Avropa və Asiya musiqisinin, uğurlu sintezi öz əksini tapıb: "Ecazkar səsə malik Rəşid Behbudov uzaq Hindistan, Latın Amerikası, Avropa və Asiyanın bir çox ölkələrinə uğurlu qastrol səfərləri etmiş az-az sənətkarlardandır".
Daha sonra Xalq artisti Mübariz Tağıyev çıxış edərək onun səsinin sevgiyə, şəfqətə, saflığa çağırış kimi bütün dünyanı özünə heyran qoyduğunu söyləyib.
Sonda R. Behbudovun həyat yoldaşı Ceyran Behbudova sənətkar haqqında xatirələrini bölüşərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
S.ABDULLAYEVA